Azərbaycan gələcək nəsillərin rifahına əsaslanan modern dövlət modeli formalaşdırır- ÖZƏL
15:53 Siyasət"Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini əks etdirən mühüm proqram xarakterli çıxış oldu. Bu nitqdə Azərbaycanın beynəlxalq nüfuzu, şəhərsalma siyasəti, tarixi-mədəni irsə münasibəti, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, ekoloji transformasiya və dayanıqlı inkişaf modeli kompleks şəkildə təqdim edildi. Azərbaycan öz inkişaf yolunda yalnız iqtisadi göstəricilərə deyil, həm də insan amilinə, mədəni irsə, şəhər həyatının keyfiyyətinə və gələcək nəsillərin rifahına əsaslanan modern dövlət modeli formalaşdırır. Bu model isə artıq beynəlxalq miqyasda maraq doğuran və öyrənilən inkişaf nümunəsinə çevrilməkdədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyevin çıxışında mühüm istiqamətlərdən biri də ekoloji bərpa və ətraf mühitin qorunması məsələləri idi. Dövlət başçısı Bakının XIX əsrdən başlayan neft sənayesi nəticəsində ciddi şəkildə çirkləndiyini qeyd etdi və son illərdə həyata keçirilən ekoloji layihələrin əhəmiyyətini vurğuladı. Qara şəhərin müasir Ağ şəhərə çevrilməsi urbanizasiya və ekoloji transformasiyanın uğurlu nümunəsi kimi təqdim edildi. Prezident bununla göstərdi ki, Azərbaycan sənaye keçmişindən gələn ekoloji problemləri aradan qaldıraraq müasir, yaşıl və dayanıqlı şəhər konsepsiyasına keçid edir.
Son 20 ildə Bakıda yaradılan yüz park və ictimai məkan, mikromobillik layihələri, elektrik avtobusları və metro infrastrukturu da şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə xidmət edən strateji layihələrdir. Prezident İlham Əliyevin çıxışında istifadə etdiyi Formula 1 metaforası xüsusi siyasi məna daşıyırdı. Dövlət başçısı şəhərsalma prosesini Bakı Qran-Prisi ilə müqayisə edərək bildirdi ki, liderlər həm cəsarətli, həm də ehtiyatlı olmalıdırlar. Bu yanaşma əslində Azərbaycanın inkişaf modelinin fəlsəfəsini ifadə edir. Yəni, ölkə sürətli modernləşmə yolunu seçsə də, bu proses tarixi yaddaşın və milli-mədəni irsin qorunması hesabına aparılmamalıdır. Prezidentin fikrincə, inkişafla irsin qorunması arasında düzgün balans qurulmalıdır"