Azərbaycanın bütün düşmənləri, birləşin…
10:19 SiyasətErmənistanda revanşistlərin bolşevikələr kimi bir şüar altında ittifaq yaratmaq cəhdlərinin hansı nəticələr verəcəyi tezliklə bilinəcək
Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda siyasi səhnədə aktiv proseslər davam edir. Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində müşahidə olunan siyasi proseslər təkcə daxili rəqabətlə məhdudlaşmır.
Musavat.com erməni nəşrlərilərinə istinadən xəbər verir ki, müxtəlif siyasi qüvvələrin bir araya gəlmək cəhdləri, yeni blokların formalaşdırılması və seçki öncəsi ittifaqlar regionda daha geniş geosiyasi mənzərənin bir parçası kimi qiymətləndirilir.
"Güclü Ermənistan" blokunun digər siyasi aktorlarla apardığı danışıqlar, eləcə də fərqli qüvvələrin eyni platformada toplanmaq istəyi, əslində, vahid məqsədlər ətrafında konsolidasiyanın göstəricisi kimi çıxış edir. Bu proseslər fonunda Azərbaycanın maraqlarına qarşı yönəlmiş ritorikanın və siyasi mövqelərin güclənməsi açıq hiss edilir. Məsələn, "Güclü Ermənistan" bloku digər siyasi qüvvələrlə danışıqları hələ də yekunlaşdırmayıb. Bu barədə blokun nümayəndəsi Narek Karapetyan bildirib. Onun sözlərinə görə, müəyyən qüvvələrlə müzakirələr davam edir və nəticələr yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
Karapetyan qeyd edib ki, onların əsas prinsipi keçmişdə ölkədə baş verənlərə görə məsuliyyət daşıyan qüvvələrlə əməkdaşlıq etməməkdir. Bu səbəbdən Levon Ter-Petrosyan lideri olduğu "Erməni Milli Konqresi" və Edmon Marukyan rəhbərlik etdiyi "Maariflənmiş Ermənistan" partiyası ilə əməkdaşlıq baş tutmayıb. Blok yeni siyasi qüvvələrə şans verilməsinin vacibliyini vurğulayır.

Seçki blokuna artıq "Yaşamaq üçün ölkə" partiyası qoşulub. Bundan əlavə, digər siyasi təşkilatların da birləşməsi istiqamətində danışıqlar gedir. Bu isə göstərir ki, Ermənistanda müxtəlif siyasi qruplar seçki öncəsi yeni ittifaqlar formalaşdırmağa çalışır. Ekspertlərə görə, seçkilərin nəticəsinə təsir edəcək əsas faktor seçici fəallığı olacaq. Yüksək iştirak hakimiyyətin mövqelərini zəiflədə bilər, aşağı fəallıq isə əksinə, onun mövqelərini gücləndirə bilər. Erməni politoloqları hesab edir ki, hakimiyyət seçkilərdə maksimum səfərbərlik strategiyasına üstünlük verəcək. Onların fikrincə, hakimiyyət xaricdə yaşayan ermənilərin seçkilərə selektiv şəkildə cəlb olunmasına çalışa bilər. Bu isə müəyyən risklər yaradır. Bütün bu proseslər fonunda Ermənistanda müxtəlif siyasi qüvvələrin bolşeviklər kimi "Azərbaycanın bütün düşmənləri, birləşin..." havasında olduqları birmənalıdır. Bu revanşist və anti-Azərbaycan ittifaqlarının hansı istiqamətdə formalaşacağı və regionda hansı nəticələrə səbəb olacağı isə yaxın aylarda daha aydın görünəcək.
Yada salaq ki, Ermənistanda parlament seçkiləri 7 iyuna təyin edilib. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi Partiyası, ikinci prezident Robert Köçəryanın "Ermənistan bloku" və Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku iştirak edəcəklərini açıqlayıblar. Biznesmen Qaqik Tsarukyan formatı hələ müəyyən edilməmiş "Ermənistan üçün təklif" təşəbbüsünün bir hissəsi kimi iştirak etməyi planlaşdırır. Arman Tatoyanın "Birlik Qanadları" və ilk prezident Levon Ter-Petrosyanın "Erməni Milli Konqresi" də iştirak etmək niyyətlərini açıqlayıblar. Levon Zurabyan AMK-nın baş nazirliyə namizədi kimi irəli sürülüb. Yeni Qüvvə Partiyası İrəvanın keçmiş meri Hayk Marutyanı baş nazirliyə namizəd kimi irəli sürüb.