Zahid Oruc: Hesabatdan bəlli olur ki, icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var

"Hesablama Palatasının 2025-ci il üzrə Fəaliyyət Hesabatı yüksək peşəkarlıqla hazırlanıb və dövlət maliyyə idarəetməsinin əsas istiqamətlərinin təhlilini əhatə edən mühüm sənəddir. Ali maliyyə nəzarəti orqanı olan Palatanın fəaliyyəti yalnız dövlət büdcə vəsaitlərinin deyil, həmçinin icmal və qeyri-büdcə fondları ilə işləyən qurumların vəsaitlərdən səmərəli, qənaətli və məqsədyönlü istifadəsinin təkmilləşdirilməsinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Hesablama palatasının 2025-ci ilin hesabatına münasibət bildirən Zahid Oruc deyib.
O qeyd edib ki, ötən il ümumilikdə 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirilməsindən keçirilib: "Göründüyü kimi, illik büdcənin altıda biri-lakin daha strateji sahələr əhatə olunub. Audit nəticəsində müəyyən edilən 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon manat səmərəsiz xərclər olduğuna dair Hesabatda ətraflı təhlillər təqdim olunub. Əvvəlki illərin hesabatları göstərir ki, problem tədricən növbəti illərə ötürülür.

Deməli, hökumət strukturlarının planlaşdırma fəaliyyətinin, o cümlədən icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Maliyyə təhrifləri isə qərarvermə prosesində istifadə olunan məlumatların etibarlılığına birbaşa təsir edir. Lakin ən vacib indikator səmərəlilikdir. Çünki bir sıra sahələr üzrə ayrılan vəsaitlərin gözlənilən nəticəni verməməsi dərin təhlillər tələb edir.

Prezident İlham Əliyevin qlobal siyasətdə ölkəmizin iqtisadi mənafelərini peşəkarlıqla qoruması və makrosabitliyi təmin etməsi, əlverişli investisya mühiti və qarşılıqlı faydalı xarici əlaqələr yaratması fonunda müvafiq nazirliklərin dövlət dəstəyi ilə milli istehsalı genişləndirmək və əhalinin regionlarda iş yerləri ilə təminatını yaxşılaşdırmaq məramı ilə açdıqları bəzi sənaye müəssisələrinin sonrakı taleyi diqqət çəkir. Şamaxıda fəaliyyətə başlayan "Star LTD" zavodu bir vaxtlar məişət texnikası istehsalı üzrə ölkədə mühüm layihələrdən biri idi. Lakin sonra istehsal prosesi tamamilə dayandı. Mingəçevirdə fəaliyyət göstərən "Kür" kompüter zavodu, eləcə də avtomobil sənayesi üzrə açılan müəssisələr-Gəncə və Naxçıvan Avtomobil Zavodlarının istehsal həcmi və bazar əhatəsi də gözlənilən səviyyəyə çatmayıb. Əlbəttə, bir sıra sənaye sahələrində artım inkaredilməzdir. Hesabat təsdiq edir ki, problem vəsaitlərin ayrılmasında deyil, layihələrin iqtisadi əsaslandırılması və sonrakı idarə edilməsindədir.
Lakin Palatanın hesabatında diqqət çəkən və bütün vətəndaşları əhatə edən icbari tibbi sığorta sistemidir. Audit nəticələri göstərir ki, əhalinin sığortalanmasına ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması üçün istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında uyğunsuzluqlar var. Lakin sənəddə bildirilir ki, adambaşına düşən icbari tibbi sığorta haqqının məbləğinin hansı metodologiya əsasında müəyyən edildiyi tam aydın deyil. Onda sual olunur, ayrılan vəsait həqiqətən xidmətə və nəticədə vətəndaşın ehtiyac duyduğu müayinəyə-müalicəyə çevrilirmi? İnanırıq ki, yeni institisuional islahlatlar nəticəsində məsələ həllini tapacaq.

Hesabatda xüsusi diqqət çəkən istiqamətlərdən biri də işğaldan azad olunan ərazilərdə həyata keçirilən mühüm layihələrlə bağlıdır. Doğrudan da Qarabağ və ətraf bölgələrdə aparılan işlərin miqyası və tarixi əhəmiyyəti təkcə infrastuktur hadisəsi deyil, Yeni Vətən quruculuğudur, miqyasca ölkəmizin beşdə biri olsa da, bir nömrəli strateji yolların və dəhlizlərin yaradıldığı coğrafiyanın mənfidən-yerin altından başlayaraq, qəhrəmanlıqla tikilməsidir".

Deputat bildirib ki, Prezident məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının sürətləndirilməsi vəzifəsini bir nömrəli dövlət kursu elan edib: "Məhz belə ali diqqət və məsuliyyət fonunda Hesablama Palatasının göstərdiyi nöqsanlar xüsusi məna kəsb edir.

Hesabatda göstərilir ki, bəzi tikinti layihələrinin icrası zamanı dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmur. Sənəddə vurğulanır ki, özəl sektor tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan kommersiya obyektlərinin-bazar kompleksləri, ticarət və xidmət binalarının dövlət büdcəsi hesabına tikilməsi halları mövcuddur. Dövlət resurslarının sosial məqsədlərdən kənara çıxaraq, kommersiya maraqlarını üzərinə götürməsi nə dərəcədə məqsədə müqaviqdir?

Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmaların tətbiqi tövsiyyə olunur. Yəni, eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurula bilərdi. Digər mühüm məsələ isə artıq tamamlanan obyektlərin istifadəyə verilməsi ilə bağlıdır.
Məsələn, Şuşa şəhərində Mərkəzi Xəstəxananın tikintisi başa çatsa da, onun istismara qəbulunun gecikməsi, dövlət balansına qəbulunun ləngiməsi və fiziki aşınmaya məruz qalmasına dair Hesabatdakı rəy və tövsiyələrə ikiqat məsuliyyətlə yanaşmaq tələb olunur.

Azad torpaqlarda bəzən düzgün planlaşdırılmama digər bölgələrlə müqayisədə daha böyük mənəvi məsuliyyət deməkdir. Çünki yeni Qarabağın inşası isadəcə iqtisadi deyil, bütöv millət və dövlət quruculuğunun müqəddəs simvoludur.

Prezident torpaqlarımızın azadlığında olduğu kimi, inşaat ordusunun da Ali Baş Komandanıdır, Zəfərimizin təminatçısı və qoruyucusudur.

İnanırıq ki, Palatanın hesabatına Hökumətin fəaliyyətinin mühüm indikatoru kimi xüsusi diqqətlə yanaşılacaq və nəzərə alınacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31