Qlobal böhranlar fonunda Azərbaycanın yüksələn rolu- ÖZƏL
17:13 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Bakının qlobal siyasətdə artan nüfuzunun növbəti nümayişi olub. Forum çərçivəsində verilən mesajlar Azərbaycanın təkcə regionda deyil, Avrasiya məkanında strateji qərarverici aktora çevrildiyini təsdiqləyib. Türkiyə ilə sarsılmaz müttəfiqlik fonunda Azərbaycanın irəli sürdüyü logistik və enerji layihələri Şərqlə Qərbi birləşdirən əsas körpü rolunu möhkəmləndirir.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Bu ilki Antalya Diplomatik Forumu əvvəlkilərdən daha əhəmiyyətli statusa malik idi. Nəzərə alsaq ki, regionda bir neçə böyük müharibə gedir. Hətta bunların bəziləri qlobal xarakter daşıyır. İstər Ukrayna müharibəsi olsun, istər İran ətrafında olan müharibə olsun. Və digər tərəfdən də Cənubi Qafqazda bir sabitlik adası yaradılmasına çalışılır. Ən azından Azərbaycan-Ermənistan münasibətləri normallaşdırılaraq dinc istiqamətdə irəliləməyə çalışılır və faktor olaraq bu qədər qlobal konfliktlərin arasında bir sabitlik adası yaradılmağa çalışılır. Ona görə də Azərbaycanın regional mövqeyi əhəmiyyətini artırmaqdadır. Bunun ən bariz nümunəsi ondan ibarətdir ki, İran konflikti dövründə Qərb-Şərq istiqamətində bütün uçuşlar Cənubi Qafqaz üzərindən, Azərbaycan, Gürcüstan üzərindən keçirdi. Faktiki olaraq həm şimalda, həm də Yaxın Şərqdə demək olar ki, bütün hava sahəsi bağlı idi. Bu, elə ən mühüm nümunədir. Bundan başqa, məhz regionda hazırda baş verənlər uzun illər Azərbaycan dövlətinin atdığı strateji addımların nə qədər doğru olduğunu göstərir. Bizim bütün enerji layihələrimiz - neft-qaz boru kəmərləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Ərzurum-Cənubi Qafqaz qaz kəməri, TANAP xətti, TAP xətti-bütün bunlar Qərb-Şərq istiqamətində uzanır və Azərbaycanın enerji resurslarını bütün bu qlobal risklərdən kənarda Avropaya çatdırmağa, Avropanın enerji təhlükəsizliyində rol oynamağa imkan verir.
Digər tərəfdən, Azərbaycanın nəqliyyat-logistika xətləri, məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, elektrik, kabel xətləri-bütün bunlar Qərb-Şərq istiqamətində Azərbaycanı və Cənubi Qafqazı etibarlı bir keçid nöqtəsinə çevirib. Xüsusilə Azərbaycan burada bir nəqliyyat qovşağına çevrilməyə nail olub. Orta dəhlizin əhəmiyyəti xüsusilə artmaqdadır və belə bir məqamda Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın dəyəri daha da artır, həm Qafqaz bölgəsində, həm də ümumiyyətlə Yaxın Şərqdə sülh və sabitlik imkanlarını genişləndirir. Geopolitik qarşıdurmalara və təhdidlərə qarşı bir müdafiə mexanizmi formalaşır. Faktiki olaraq regionda Türkiyə-Azərbaycan-Gürcüstan təhlükəsizlik arxitekturası formalaşır və bunun əhəmiyyəti məhz baş verən bu konfliktlərdə , istər Ukrayna, istər İran münaqişəsində bir daha özünü göstərir. Ona görə düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan və Türkiyə bu istiqamətdə fəaliyyətlərini davam etdirəcək və mümkün qədər bütün bu qlobal müharibələrdən, geopolitik qarşıdurmalardan kənarda qalmağa, hətta mümkün olarsa həmin regionlarda sülh yaratmağa çalışacaq. Düşünürəm ki, Azərbaycan və Türkiyənin regional fəaliyyəti imkan verəcək ki, gələcəkdə bu təhlükəsizlik arxitekturasına yeni ölkələr də əlavə edilsin. Hətta mümkündür ki, Yaxın Şərqdəki münaqişələr bitdikdən sonra bu geopolitik arxitekturaya digər dövlətlər də dəvət olunsun. Bura ərəb ölkələri, Səudiyyə Ərəbistanı, Misir daxil ola bilər. Hətta sülh əldə olunduqdan sonra İsrail və İranın da hansı formada bu təhlükəsizlik arxitekturasına inteqrasiya ediləcəyi yolları üzərində düşünmək olar. Bölgədə təhlükəsizliyin və sülhün təmin olunması yalnız geniş təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə mümkün olacaq".
Zeynəb Mustafazadə