Bu gün dünya eyni vaxtda həm güc böhranı, həm də sabitlik böhranı yaşayır - Ərdoğan

Müasir dünya təkcə qüvvələr balansının dəyişməsi ilə deyil, həm də beynəlxalq sistemin, o cümlədən onun mənəvi və ekzistensial ölçülərini ehtiva edən dərin böhranla üz-üzədir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan V Antalya Diplomatiya Forumunun açılış mərasimində bildirib.

Ərdoğan qeyd edib ki, qlobal güc bölgüsü dəyişir, yeni oyunçular meydana çıxır, rəqabət güclənir və ziddiyyətlər dərinləşir. Lakin onun sözlərinə görə, bu proseslər beynəlxalq sistemin üzləşdiyi daha dərin böhran faktını aradan qaldırmır.

"Bu gün dünya eyni vaxtda həm güc böhranı, həm də sabitlik böhranı yaşayır", - deyə Türkiyə Prezidenti vurğulayıb.

O bildirib ki, "qaydalara əsaslanan" kimi qələmə verilən mövcud sistem praktikada bu qaydaların pozulduğu hallarda susur, insan hüquqlarının və qlobal təhlükəsizliyin qorunmasına cavabdeh mexanizmlər isə ciddi pozuntular qarşısında ya səmərəsiz, ya da laqeyd qalır.

Ərdoğanın sözlərinə görə, əsas problem "seçmə ədalət", prinsiplərin alətə çevrilməsi və güc məntiqinə tabe edilmiş dəyərlər sistemidir.

"Beləliklə, qlobal sistemin üzləşdiyi böhran mahiyyət etibarilə mənəvi və ekzistensial böhrandır", -deyə Türkiyə Prezidenti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31