Aİ-nin Ermənistana yeni "missiyası": sülhə dəstək, yoxsa balansın pozulması?- ÖZƏL
16:07 SiyasətBrüsseldə Aİ səfirləri Ermənistana ikinci mülki missiyanın göndərilməsini təsdiqləyib. Missiya ölkənin hibrid təhdidlərə qarşı dayanıqlığını artırmaq üçün dövlət qurumlarına strateji və praktiki dəstək verəcək. Eyni zamanda, Aİ bu addımın Rusiyanın regiondakı təsirini zəiflətməyə yönəldiyini bildirir. Halbuki, əvvəllər paraflanmış sülh müqaviləsində sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi nəzərdə tutulmuşdu.
Aİ-nin Ermənistana yeni missiya göndərməsi regionda qüvvələr balansına necə təsir edə bilər? Sülh müqaviləsində üçüncü tərəf qüvvələrinin nəzərdə tutulmamasına baxmayaraq, bu addım hüquqi və siyasi baxımdan necə izah oluna bilər? Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Avropa İttifaqının Ermənistana mülki missiya göndərməsi məqbul sayıla bilməz. İstər Ermənistanda, istərsə də ümumiyyətlə bölgədə üçüncü qüvvənin sözü gedən məsələdə bağlı razılıqsız iştirakı sülh prosesinə maneələr törədə, etimadı zəiflədə bilər. Üçüncü tərəf qüvvələrin eyni zamanda sülh müqaviləsi paraflanarkən də nəzərdə tutulmaması nəzərə alınmalıdır. Sülh məsələsində ABŞ-ın rolu və maraqlarına rəğmən Avropa İttifaqı da hər hansı yolla özünü bölgəyə yerləşdirməyə çalışır. Lakin bu kimi məsələlər Azərbaycanın iradəsinə zidd olmamalıdır. Çünki əks təqdirdə bu, sülhə problem yaratmaq kimi qiymətləndirilə bilər. Regionda Rusiyanın təsirlərinə qarşı əgər belə bir addım atılırsa yenə də Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin tələbləri tapdanmamalıdır. Ermənistanın Azərbaycanla sülh müqaviləsinin özü bölgədə sülh və sabitliyin təmin olunmasına əsas dayaqdır. Müharibənin bitdiyi ərəfədə də Aİ mülki missiya adı ilə bır sıra agentura şəbəkəsini Ermənistanda cəmləmişdi. Ümumiyyətlə bu kimi addımlar Qərb dünyasının hələ də səlibçilik təfəkküründən yaxa qurtara bilmədiyinin bariz nümunəsidir. Gah xristian kartından gah da bu cür vasitələrdən istifadə edərək ziddiyyətləri tam sönməyə imkan vermirlər. Əgər Rusiya təhlükəsinə qarşı belə bir missiya nəzərdə tutulursa Rusiyanın Federal Təhlükəsizliyi Xidmətinin Ermənistan - Türkiyə sərhədindəki yaxud Gümrüdəki hərbi bazasından nə üçün bəhs olunmur? Yaxud sözü gedən bazaların fəaliyyətini davam etdirdiyi halda Aİ missiyası Ermənistan daxilində hansı təhlükəsizlik missiyasını icra edə bilər? Ümumiyyətlə bütün hallarda bu cür məsələlərdə Azərbaycanın mövqeyi, münasibəti əsas götürülməlidir. Eyni zamanda paraflanmış sülh müqaviləsinə və ondan doğan əsasla uyğun addım atılmalıdır".
Zeynəb Mustafazadə