Antalyadan dünyaya mesaj: Prezident İlham Əliyevin diplomatik həmləsi və yeni geosiyasi reallıq – ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı ilk növbədə həm onun, həm də Azərbaycanın qlobal məkandakı nüfuzunu və təsir imkanlarını nümayiş etdirir. Eyni zamanda bu fakt göstərir ki, Azərbaycan və onun dövlət başçısı artıq beynəlxalq arenada əsas siyasi iradə mərkəzləri sırasında qərarverici aktor kimi çıxış edirlər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib. Siyasi ekspert bildirib ki, Azərbaycan artıq dünyanın idarə olunmasında iştirak etmək iddiasını gizlətmir və bu istiqamətdə ardıcıl, məqsədyönlü addımlar atır. Belə qlobal səviyyəli tədbirlərdə təmsil olunmaq isə həm ölkə, həm də Prezident üçün əlavə nüfuz və təsir imkanları yaradır. Ümumilikdə götürdükdə, rəsmi Bakı hazırda genişmiqyaslı və çoxvektorlu xarici siyasət yürüdür. Qarşılıqlı münasibətlərin inkişafı, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi Azərbaycanın qlobal məkanda mövqelərini möhkəmləndirir və onu aparıcı dövlətlər sırasına yaxınlaşdırır. Bu kontekstdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi xüsusi əhəmiyyət daşıyır. Türkiyə isə NATO üzvü olan dövlətdir. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyə vasitəsilə dolayısı ilə NATO ilə sıx təmasdadır və onun mühüm tərəfdaşlarından biri kimi çıxış edir. Eyni zamanda Azərbaycanın NATO ilə birbaşa tərəfdaşlıq münasibətləri də mövcuddur. Bununla yanaşı, Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir və paralel olaraq Çin ilə də strateji əməkdaşlıq qurub. Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq da Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas amillərdəndir.

Ekspert əlavə edib ki, Azərbaycan bu gün çoxvektorlu xarici siyasətin real nəticələrini görməkdədir. Ölkə artıq qlobal siyasətdə aktiv iştirak edən və təsir imkanlarını genişləndirən dövlətlərdən biri kimi çıxış edir. Eyni zamanda, Azərbaycan uzun illər Qoşulmama Hərəkatına sədrlik edərək bu təşkilata üzv çoxsaylı dövlətlərin rəğbətini qazanıb. Həmin dövlətlər də bu gün Azərbaycanın beynəlxalq maraqlarını dəstəkləməkdə davam edirlər. Bütün bunlar göstərir ki, Azərbaycan inkişafın yüksək mərhələsinə doğru irəliləyir. 

"Antalya Diplomatiya Forumu isə ölkənin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm platformadır. Bu forumda dünyanın müxtəlif regionlarından nüfuzlu dövlətlər və siyasətçilər təmsil olunur və onların qarşısında Azərbaycanın mövqeyi - o cümlədən haqlı mövqeyi - birbaşa ifadə edilir. Eyni zamanda Azərbaycan haqqında səsləndirilən əsassız iddialar təkzib olunur, real vəziyyət və faktlar beynəlxalq auditoriyaya təqdim edilir. Bu isə ölkənin gələcək geosiyasi proseslərdə daha inamla irəliləməsinə, həmçinin yeni tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır. Bu cür beynəlxalq platformalarda aktiv iştirak Azərbaycan üçün həm siyasi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir", - deyə E. Xalidbəyli qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31