Sülhə aparan yol, yoxsa yeni müharibənin fasiləsi?- ÖZƏL
17:21 SiyasətAxios-un məlumatına görə, ABŞ, İran və regional vasitəçilər (Türkiyə, Misir, Pakistan) eskalasiyanı dayandırmaq üçün 45 günlük müvəqqəti atəşkəs şərtlərini müzakirə edirlər. Razılaşma əldə olunmasa, İranın mülki infrastrukturu və Fars körfəzinin enerji obyektləri hədəfə alınacaq.
İranın Hörmüz boğazını açması və nüvə proqramı ilə bağlı geri addım atması qarşılığında Tramp administrasiyasından təhlükəsizlik zəmanəti istənilir. Prezident Tramp 7 aprel tarixinədək vaxt qoyub, əks halda enerji sektoruna ağır zərbələr endiriləcəyini bəyan edib.
45 günlük atəşkəs real həll yoludur, yoxsa? Bu atəşkəs sülhü təmin edə bilərmi? Türkiyə, Misir və Pakistanın bu prosesdəki rolu regionda yeni bir təhlükəsizlik memarlığının yaradılmasına gətirib çıxara bilərmi?Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Dünyanın hansı nöqtəsi olursa olsun, hansı münaqişə olursa olsun, atəşkəsin əldə edilməsi münaqişənin bitməsi anlamına gəlmir. Yəni, heç bir atəşkəs şərtləri nə olur-olsun, münaqişəni tamamilə aradan qaldırmır, tərəfləri birbaşa sülhə aparmır. Sülhə gedən yol üçün sadəcə bir başlanğıc ola bilər. Bu isə tərəflərin niyyətindən və birinin digərinə qarşı sonradan irəli sürəcəyi şərtlərdən asılı olaraq dəyişir. Ona görə də indi ABŞ-la İran arasında atəşkəs əldə olunsa belə, bunun münaqişəni birmənalı şəkildə bitirəcəyini demək qeyri-mümkündür. Hətta ola bilər ki, bu atəşkəs əksinə, müddəti bitdikdən sonra daha dağıdıcı, daha genişmiqyaslı və daha çox itkilərə səbəb olan bir münaqişəyə yol açsın. Çünki bir çox hallarda dövlətlər atəşkəsi sülh quruculuğu üçün yox, nəfəs alıb daha güclü formada əməliyyatlara davam etmək məqsədilə istifadə edirlər. Bunu da nəzərdən qaçırmamaq lazımdır. O ki qaldı Türkiyə, Misir və Pakistanın bu prosesdəki roluna, mən düşünmürəm ki, nə İran, nə də ABŞ hansısa üçüncü tərəfin fikirlərini önəmsəyib öz dövlət maraqlarını bir kənara qoyaraq həmin fikirlərə uyğun hərəkət etsinlər. Bəli, ola bilər ki, vasitəçilər vasitəsilə diplomatik kanallar bərpa olunsun. Bu, onsuz da baş verməli olan bir prosesdir. Nəyə görə? Çünki hər iki tərəf hər zaman ümid edir ki, qarşı tərəf əməliyyatlardan yorula, geri çəkilə və nəticədə irəli sürülən şərtləri qəbul edə bilər. Ona görə də diplomatik kanalların açıq qalması həm ABŞ, həm də İran üçün məntiqlidir. Amma bu, o demək deyil ki, onlar hansısa üçüncü ölkənin təklifləri ilə öz maraqlarını kənara qoyub xarici siyasət kurslarını dəyişəcəklər. Bununla yanaşı, Türkiyə, Misir və Pakistanın regiona təsir imkanlarının kifayət qədər güclü olduğunu da unutmamaq lazımdır. Əlbəttə ki, həm ABŞ, həm də İran anlayır ki, regionun əsas güclərindən olan Türkiyə və Misiri nəzərə almadan irəliləmək mümkün deyil. Eyni zamanda, coğrafi yaxınlığı və hərbi gücü baxımından Pakistan da ciddi aktordur. Həm nüvə dövləti olması, həm də böyük ordulardan birinə sahib olması onun əhəmiyyətini artırır. Bu səbəbdən mümkündür ki, tərəflər diplomatik masa arxasında vasitəçi ölkələrin mövqelərinə də müəyyən qədər yer versinlər. Amma qeyd etdiyimiz kimi, bu, onların həmin fikirləri tam şəkildə qəbul edəcəyi anlamına gəlmir.
Təhlükəsizlik mühitinin sabitləşdirilməsi üçün əsas şərt isə ondan ibarətdir ki, həm İran, həm də ABŞ maksimalist mövqelərindən geri çəkilsin. Bu baş vermədiyi halda, yəni tərəflər bir-birinə qarşı maksimum tələblər irəli sürdükcə, təbii ki, qarşı tərəf bunu qəbul etməyəcək. Beləliklə, hansısa atəşkəs əldə edilsə belə, münaqişə sadəcə dondurulmuş vəziyyətə düşə bilər. Bu isə problemin həll olunması demək deyil və zaman keçdikcə yenidən qarşıdurmaların baş verməsi ehtimalı qalacaq".
Zeynəb Mustafazadə