Hörmüz böhranı və enerji təhlükəsizliyi

Son aylar Yaxın Şərqdə, xüsusilə ABŞ və İsrailin İrana hücumlarından sonra yaranmış hərbi gərginlik fonunda diqqət strateji və iqtisadi baxımdan dünyanın atar damarı hesab edilən Hörmüz boğazına yönəlib. 

Bəs Hörmüz boğazının əhəmiyyəti nədir və niyə dünya bu qədər narahatdır? İran və Oman arasında yerləşən, Fars körfəzi ilə Oman körfəzini birləşdirən Hörmüz bo­ğazı enerji ticarətinin ən strateji dəniz keçidlərindəndir. Dünyada daşınan neftin təxminən 20%-i bu boğazdan keçir. Təkcə bu rəqəm özü boğazın qlobal əhəmiyyətini anla­maq üçün kifayətdir. Əsas ixracatçı ölkələr Səudiy­yə Ərəbistanı, İran, İraq, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkələrin neft və qazının böyük his­səsi dünya bazarına bu marşrutla çıxır. Nəzərə alsaq ki, İran uzun müddətdir ABŞ və İsrail ilə siyasi gərgin­lik yaşayır, o zaman belə əhəmiyyətli bir su yolunun regional gərginliyin mərkəzində olması təsadüfi deyil.

Hörmüzü fürsətə çevirmə tarixi 1973-cü ildə  Səudiyyə Ərəbistanı­nın İsraili Misirlə müharibədə dəs­tək­ləyən Qərb ölkələrinə qarşı tətbiq etdiyi neft emba­r­qosu zamanı baş­lamışdı. Boğaz uğrunda mübarizə­nin ən gərgin dövrü isə 1980-88-ci illərdə tarixə "Tanker mü­ha­ribəsi" kimi düş­müş İran-İraq müharibəsi zamanı yaşanmışdır. Bu hadisə o vaxt­­dan Fars körfəzini ərəb dənizi vasi­tə­silə Hind okea­nına bağlayan,  eni 33, gəmiçilik zolağı isə cəmi 3 kilometr olan Hörmüz boğazını dünyanın tez-tez "tikəsi qalan" ən dar bo­ğazına çevirmişdir, yəni ən həssas orqa­niz­minə. Bu fürsət­dən də ən çox İran sui-istifadə edir, zaman-zaman boğazı nəzarətində saxlaya biləcəyi ilə dün­yanı hədə­ləyir. Əlbəttə, Amerika da dinc durmayıb, 2023-24-cü illərdə İranla əlaqəli bir neçə tankeri müsadirə etdikdən və onun nüvə obyektlərinə hücumdan sonra İran boğazı bağ­­lamaqla onları cəzalandıracağını bildirmişdi. Bu gün isə İran təkcə Amerikanı deyil, dünyanı cəzalandırır. Gəmi­lə­rin bir aya yaxındır Fars körfəzində yatıb qalması dünyanı görün­məmiş aclıq və iqtisadi çöküşlə üz-üzə qoya bilər.    

Bugünə olan ümumi təsvirə iki kontekstdən yanaşmaq olar: Birincisi, boğazın 3 həftəyə yaxındır ki, de-fakto bağlı olması və nəticədə qlobal neft tədarükünün bir his­səsinin, həmçinin dünya üçün son dərəcə önəmli olan  gübrə daşınmasının dayanmasıdır. Neft tədarükünün beş­dəbir hissəsinin dayanması kifayət qədər narahat­edici göstəricidir. İkincisi isə maraqlıdır ki, İran tərəfi boğazı tam bağlamadığını, keçidin yalnız "düşmən öl­kə­lər" üçün bloklandığını bildirsələr də, real vəziyyət­də gəmilərin keçidi demək olar ki, dayanıb. İranın digər ölkələrdən (o cümlədən Fransadan) qəti tələbi odur ki, Ame­rikanın və İsrailin ölkənizdəki səfirliklərini geri gön­dərin, diplomatik münasibətlərə təsir edin. Bir növ, mənim sizi cəzalandırmağımı istəmirsinizsə, siz özünüz Amerika və İsraili cəzalandırın.

Qısa və ümumi şəkildə desək, rəsmi olaraq Hörmüz boğazı tam bağlanmayıb, amma praktiki olaraq gə­mi­ daşımacılığı dayanıb.

İran boğazı  nə qədər müddət bağlı saxlaya bilər?
 Məlumdur ki, indi müharibələri iqtisadi maraqlar yaradır və həll edir, ideologiyaları isə texnologiyalar yaradır. Bu baxımdan və tarixi təcrübələrdən gedişata baxsaq, bloka­da­nın uzunmüddətli davam edə bilməyəcəyini görərik. Əlbəttə, hərbi təzyiq vasi­tələrindən, dəniz minaların­dan, sahil raket sistemlə­rin­dən, dron hücumlarından isti­fadə edərək İran boğazı blokada vəziyyətində sax­laya bilər. Amma burada əsas məsələ boğazın bağlanıb bağlanmamasından daha çox blokadanın müddətidir ki, fikrimcə bu da uzun sürə bilməz. Çün­ki həmin böl­gədə Amerika Birləşmiş Ştatlarının 5-ci donanması yer­ləşir. İran şiddətli şəkildə ABŞ Hərbi Dəniz Qüvvə­lə­rinin 5-ci donanmasına zərbələr endirsə də, 5-ci donan­manın regiondakı varlığı, Qərb ölkələrinin müda­xiləsi riskinin mövcudluğu blo­kadanın həftələrlə və ya bir neçə aydan uzun çəkə bilməyəcəyini göstərir.

Hərbi yollarla möv­cud vəziyyəti davam etdir­məkdən daha çətini məsələnin iqtisadi nəticələridir ki, bu daha qarmaşıq və daha təhlükəli ssenarilərə apara bilər. İra­nın dövlət büdcəsinin əsasını neft məh­sullarından gələn gəlir təş­kil edir ki, ixracın da əsas yolu həmin mar­şrut­dur. Bu amilləri nəzərə alaraq deyə bilə­rik ki, uzun­müd­dətli tam bağlanma real deyil. Əlbəttə, məntiqi addımlarla real olmasa da, müharibənin yaratdığı emosional təzyiqlərin nə ilə nəticələnəcəyini əvvəlcədən təxmin etmək də mümkün deyil.

Bu xaosun Azərbaycana hansı mənfi və ya müsbət təsiri ola bilər? Ümumiyyətlə, uzun illərdir Azərbaycanın xarici siyasəti balans­laşdırılmış şəkildə yürüdülür. Ona görə də dörd tərəfi müharibə və atəşlə çevrələnmiş coğra­fi­ya­mızda Azərbaycan hələki istər siyasi, is­tər­sə də iqti­sadi imicini beynəlxalq arenada və regionda  möhkəm­lən­dirə bilib, heç bir zərərə uğra­ma­yıb, əksinə baş verən hadisələrdən iqtisadi baxımdan qazanclı çıxıb. Bu gün "Azeri Light" markalı neftin 1 barrelinin qiyməti 110 dol­ları keçib. Nəzərə alsaq ki, enerji bazarı Azər­bay­can iqtisadiyyatının təməl sektorlarından biridir, bu ölkə­miz üçün qısamüddətli də olsa müəyyən üstünlüklər yaradıb və ixracına heç bir təhdid yoxdur. Çünki Azərbay­can neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Aralıq dənizinə çıxarır. Marşrutumuz Hörmüzdən keçmir,  coğ­rafi baxımdan əlverişli mövqedəyik, yəni Hörmüzün "boğazında qalma" qorxumuz yoxdur.

Lo­gis­tik və ticarət baxımından regiondakı vəziyyət Xəzər-Qafqaz tranzit xətlərinə marağı artırır, o cüm­lə­dən "Orta Dəhliz"in strateji əhəmiyyətini gücləndirir. Beləliklə, Qafqazın tranzit rolu əhəmiyyətli dərəcədə yüksə­lir. Xəzər-Qafqaz tranzit xətlərinə marağın art­ması Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığı daha da gücləndirə bilər. Bunun isə təkcə iqtisadi yox, siyasi gücü daha yüksəkdir. Hazırda Azərbaycanın qarşısında çox incə bir "balans xətti" var: o həm İranla, həm ABŞ və İsraillə münasibətləri qorumalı, İran ilə qon­şuluq və regional təhlükəsizlik balansını pozma­malı, digər tərəf­dən isə ABŞ və Qərb enerji bazarını, Avropanın enerji təhlükəsizliyini də nəzərə almalıdır. Bu səbəbdən Bakı ən çox neytral və praqmatik diplo­matiya xəttini qoruyur ki, bu da çox təqdirəlayiqdir.

Sonda belə bir nəticəyə gələ bilərik ki, Hörmüz böh­ranı bütün dünyaya enerji yollarının şaxələndirilmə­sinin həyati əhəmiyyət daşıdığını bir daha göstərdi. Bu da öz növbəsində dəyişən dünyanın dəyişən iqtisadiy­ya­tına yeni prioritetlər əlavə edəcək. 

Aysel İSMAYILOVA

"Azərnəşr"in redaktoru

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31