“Öz gözündə tiri görməyib, başqasında çör-çöp axtaran”lar
11:40 SiyasətAzərbaycanın daxili işlərinə qarışmaq qəbuledilməzdir
Beynəlxalq münasibətlərin kəskinləşməsi, dünya müharibəsi təhlükəsinin artması, dövlətlərin mövcud, yaxud məhv olacağı, yeni dünya düzəni ideyasının ortaya atıldığı məqamda anti-Azərbaycan qüvvələrinin fəllaşması müşahidə olunur. Necə deyərlər, "ələminki ələmlə, kor qızınki nənəmlə" prinsipi bəzi dövlətlərin müasir iş prinsipinə çevrilib. "Öz gözündə tiri görməyib, başqasında çör-çöp axtaran" bir sıra beynəlxalq təşkilatlar və parlamentlər "mən səni cevəcəyəm, sən sevməsən də" deyiminə sadiq qalaraq əlini yaxamızdan çəkmirlər. Bəşəriyyətin iqtisadi böhrana yuvarlandığının, dünya bazarında xaosun hökm sürdüyünün, humanitar və ekoloji kataklizmlərin qapımızı döydüyünün fərqinə varmayan vassal dövlətlər Azərbaycanda nöqsan axtarmaqla məşğuldurlar. Niderland və Belçika parlamentlərinin 16 aprel tarixli Azərbaycanla bağlı qəbil etdikləri qətnamı fikrimizi bir daha təsdiq etmiş olur.
Əvvəla qeyd edək ki, sözügedən sənədlər ümumi siyasi bəyanatdan daha çox, müəyyən çağırış və tələbləri ehtiva edir. Məsələn, həbs və saxlanmalarla bağlı çağırışlarda bəzi jurnalistlərin, fəalların və müxalif şəxslərin həbsinin tənqid edildiyi və onların azadlığa buraxılmasına çağırış edildiyi qeyd olunur. Halbuki, bu dövlətlərin özündə jurnalistlər və ictimai fəalların əsassız yerə həbsə atılması barədə kifayət qədər məlumatlar var. Azərbaycanda isə dəfələrlə rəsmi səviyyələrdə deyildiyi ki, heç bir vətəndaş peşə fəaliyyətinə və siyasi əqidəsinə görə həbs edilməyib. İnsanlar konkret olaraq törətdikləri qanunsuz əməllərinə görə mühakimə olunurlar. Sənəddə həmçinin müstəqil medianın fəaliyyət imkanlarının məhdudlaşdırılması, jurnalistlərə qarşı təzyiq iddiaları qabardılır və daha açıq informasiya mühitinin yaradılması tələb olunur. Qeyri-hökumət təşkilatlarının qeydiyyatı və fəaliyyəti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması tövsiyə edilir. Əslində isə hər kəsə bəllidir ki, Azərbaycanda vətəndaşların söz və ifadə azadlıqlarının təmin olunması üçün bütün lazımi şərait yaradılıb. İnsanlar media və sosial şəbəkələr vasitəsilə fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Qeyri-hökumət təşkilatlarına gəldikdə isə, inların sayı və həyata keçirdikləri layihələr üçün dövlət tərəfindən ayrılan vəsaitin həcmi hər şeyi deyir.
Qətnamələrdə Azərbaycanın beynəlxalq insan hüquqları mexanizmləri ilə daha sıx əməkdaşlıq etməsi, tövsiyələrə əməl etməsi çağırışı yer alır. Sənəddəki bu bəndin mahiyyəti heç şübhəsiz ki, sətiraltı ifadələrdə gizlənib. Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, istənilən beynəlxalq təşkilatla əməkdaşlıq etməyə hazırdır. Lakin bu əməkdaşlıq ikitərəfli və bərabərhüquqlu səviyyədə olmalıdır. Çox təəssüf ki, insan hüquqları üzrə ixtisasmış beynəlxalq təşkilatları Azərbaycanı qəbul etdikləri qərəzli, heç bir hüquqi əsası omayan, saxta məlumatlar əsasında hazırlanmış sənədlərin icrasını təmin etməyə sövq edirlər. Təbii ki, belə yanaşma Azərbaycanın dövlət və milli maraqların mənaf baxımından qəbuledilməzdir. Niderland və Belşika parlamentləri bir az da irəli gedərək qəbul etdikləri sənəddə digər ölkələrin hökumətlərinə tövsiyə edilir ki, Azərbaycanla münasibətlərdə insan hüquqları məsələsini daha qabarıq şəkildə gündəmdə saxlasınlar. Belə məlum olur ki, bu dövlətlərin qəbul etdikləri qətnamə "Quran ayəsi"dir və bütün dövlətlər onun tövsiyyələrinə riayət etməldirlər. Sadalanan faktlar deməyə əsas verir ki, adıçıkilən qətnamələr tənqid, çağırış və tövsiyələrdən ibarət olub əsasən insan hüquqları, hüquqi sistem və siyasi mühitlə bağlı qərəzli mövqeni ifadə edir.
Belə qətnamələr adətən bir səbəbdən yox, bir neçə siyasi və institusional faktorun birləşməsi nəticəsində qəbul olunur. Azərbaycan ilə bağlı Niderland və Belçika parlamentlərinin qərarlarını da bu çərçivədə anlamaq lazımdır. Başqa sözlə, Avropa ölkələrinin parlamentləri xarici siyasətdə insan hüquqları və demokratiya məsələlərinə xüsusi yer verir. Media azadlığı, siyasi fəalların durumu kimi mövzular gündəmə gələndə deputatlar bununla bağlı siyasi mövqe ifadə edən qətnamələr qəbul edirlər. Adətən bu ölkələrdə vətəndaş cəmiyyəti, QHT-lər və media hökumətə və parlamentə təsir göstərir. İctimai müzakirələr gücləndikcə deputatlar seçicilərə mövqe göstərmək üçün belə sənədlər irəli sürə bilirlər. Digər tərəfdən, Avropa ölkələri özlərini beynəlxalq hüquq, xüsusilə insan hüquqları konvensiyalarının müdafiəçisi kimi görür. Bu səbəbdən başqa ölkələrlə bağlı da bu prinsiplər əsasında mövqe bildirirlər. Parlamentlər hökumətlərdən fərqli olaraq daha sərt və açıq mövqe ifadə edə bilir. Çünki onların qərarları çox vaxt məcburi deyil, siyasi xarakter daşıyır. Ən əsası isə müxtəlif diaspora təşkilatları, hüquq müdafiəçiləri və digər maraq qrupları bu mövzuları gündəmdə saxlayaraq deputatlara təsir göstərə bilir. Qısası, bu qətnamələr həm dəyərlər (insan hüquqları), həm daxili siyasət, həm də beynəlxalq münasibətlər kontekstində formalaşan siyasi alətlərdir. Bu baxımdan sözügedən qətnamələrin heç bir hüququ əsası olmadığı göz qabağındadır. Bu qətnamələr hüquqi baxımdan məcburi deyil, daha çox siyasi mövqe və çağırış xarakteri daşıyır. Onlar hökumətlər üçün tövsiyə rolunu oynayır və ictimai-siyasi mesaj verir.
Onu da qeyd edək ki, Rəsmi Bakı bu cür sənədləri Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirir və bunu qəbuledilməz hesab edir. Azərbaycan tərəfi qətnamələrdə yer alan insan hüquqları və siyasi məhbuslarla bağlı iddiaların "qərəzli", "birtərəfli" və reallığı əks etdirmədiyini bildirir. Rəsmi mövqedə tez-tez vurğulanır ki, bəzi Avropa ölkələri oxşar problemləri öz daxilində kifayət qədər diqqətə almır, amma digər ölkələrə qarşı sərt mövqe nümayiş etdirir. Azərbaycan bildirir ki, ölkədə hüquq sistemi milli qanunvericilik və beynəlxalq öhdəliklər çərçivəsində fəaliyyət göstərir və kənardan təzyiq yolverilməzdir. Bəzi hallarda bu qətnamələr geosiyasi və ya müəyyən lobbi qruplarının təsiri ilə qəbul olunmuş siyasi addım kimi təqdim edilir. Qısa desək, Azərbaycan bu qətnamələri hüquqi qüvvəsi olmayan, siyasi xarakterli və ölkənin daxili məsələlərinə yönəlmiş tənqidi sənədlər kimi qiymətləndirir və onları qəbul etmir.
Alim Hüseynli