Azərbaycanın geosiyasi düsturu- ÖZƏL

"Azərbaycanın geosiyasi mövqeyi qlobal münaqişələrə münasibətdə fərqli və praqmatik yanaşma tələb edir. Xüsusən də Rusiya-Ukrayna, ABŞ və İsrail-İran müharibələrinə. Söz yox ki, hər bir şəxsin öz fikri və münasibəti mövcud ola bilər. Bu, müxtəlif sosial-iqtisadi, mədəni və dini bağlılıqlardan irəli gələn təbii bir haldır". "Olayar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Təəssüf ki, siyasətdə dəyərləndirmə təkcə beynəlxalq hüquq, kimin ədalətli, kimin ədalətsiz tərəf olmasına görə müəyyənləşmir. Beynəlxalq proseslərə, mübahisələrə və konfliktlərə qiymət vermək üçün ilk növbədə sahib olduğumuz müstəqil Azərbaycan Respublikası, yəni milli dövlətimizin xarici siyasəti və rəsmi mövqeyi kontekstindən çıxış edilməli və bu çərçivədə qiymət verilməlidir. Ən başlıcası, Azərbaycanın milli təhlükəsizliyi kontekstində dövlətimizi qorumaq və mühafizə etmək prinsipləri bütün normalardan üstün tutulmalıdır.
Əgər Azərbaycan vətəndaşı həqiqətən vətəninə bağlıdırsa, bu zaman qiymətləndirmədə yalnız beynəlxalq hüquq, sosial-iqtisadi, dini, mədəni bağlılıq deyil, ilk növbədə Azərbaycan dövlətinin rəsmi mövqeyi və dövlətimizə mümkün zərər verə biləcək amillər nəzərə alınmalıdır. Siyasətdə bəzi hallarda susmağın özü də qazancdır; bildiyin, əmin olduğun hər şeyi də demək, yazmaq da olmaz.
Mübahisəsiz, Azərbaycan dövlətçiliyinin iki əsas məlum düşməni məhz Rusiya və İrandır. Qısa desək, bu iki dövlət torpaqlarımızı aralarında bölüşdürən, kimliyimizi unutdurmağa çalışan, ruslaşdırma və farslaşdırma siyasəti yeridən məhz ideoloji sütunlu siyasi quruluşlardır. Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalının təşkilatçıları və qoruyucuları da bu iki dövlət idi. Hər bir yanaşmada tarix, reallıq, gələcəkdə mümkün təhlükələr mütləq nəzərə alınmalıdır. Mümkün təhlükə anlayışını isti qonşuluq münasibətləri, iqtisadi bağlılıq, dini eynilik cilovlaya bilməz. Ən optimal təhlükəsizlik; o təhlükəsizliyi yaradan varlığın özünün məhvindən sonra mümkündür. Tabeçilik sorulma, isti qonşuluq rahatlıq və unutqanlıq yaradır.
Eyni zamanda, onu da nəzərə almalıyıq ki, biz bir etnos olaraq - türk etnosu kimi tarix boyu mövcud olmuşuq. Tarix ərzində etnosumuz dini inancını dəfələrlə dəyişib: tanrıçılıq, zərdüştilik, atəşpərəstlik, xristianlıq, islam mərhələlərindən keçmişik. Ancaq dəyişməz qalan etnik kimliyimiz olub. Bu baxımdan məsələlərə yalnız dini və ya hansısa sosial prizma ilə qiymət vermək, əlbəttə ki, düzgün yanaşma deyil.
İran məsələsinə gəldikdə isə, məsələ ondadır ki, bu gün İranda mövcud olan teokratik rejimin əsas dayaqları məhz azərbaycanlılardır. Nə qədər paradoksal görünsə də, İrandakı dini-siyasi hakimiyyət strukturunda azərbaycanlı faktorunun rolu çox böyükdür. Azərbaycanlılar İranda islamı mənəvi birlik, farslar isə siyasi hakimiyyət vasitəsi kimi görür.
Gedən geosiyasi proseslərə milli dövlətçilik və milli maraqlar kontekstindən yanaşırıqsa, bu zaman Azərbaycan dövlətinin rəsmi mövqeyi əsas şərt olmalıdır. Geosiyasətdə ədalət anlayışı nisbi, milli maraqlar isə mütləqdir. Azərbaycan üçün əsas meyar kim haqlıdır sualı deyil, dövlətin təhlükəsizliyinə kimin təhdid yaratdığıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31