İrəvanın geopolitik seçimi Rusiyada sərt reaksiya doğurdu: Ermənistan Türkiyənin “enerji körpüsü”ndən keçir

Cənubi Qafqazda yeni enerji arxitekturası qurulur, Türkiyənin geostrateji rolu artır və Ermənistan regional layihələrə təkrar inteqrasiya imkanları qazanmağa can atır... Əgər, bu önəmli geostrateji proses davamlı xarakter alarsa, enerji və infrastruktur layihələri Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin əsas təməl faktoruna çevrilə bilər...

Cənubi Qafqazda Türkiyənin də birbaşa iştirakı ilə yeni geopolitik mərhələnin başlanmaqda olduğu müşahidə edilir. Belə ki, rəsmi Ankaranın son çevik manevrləri sayəsində bu regionda həm energetika, həm də infrastruktur üzərindən daha effektiv sülh və sabitlik modeli formalaşmağa başlayıb. Və Türkiyənin bu istiqamətdə atdığı son addımlar Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin gələcək inkişaf istiqamətlərinə də birbaşa təsir göstərə bilər.

Onu da qeyd etmək lazımdır ki, bir müddət öncə Fransa paytaxtı Parisdə keçirilmiş yüksəksəviyyəli Türkiyə-Ermənistan görüşü Cənubi Qafqazda geopolitik balansın artıq ciddi şəkildə dəyişdiyini göstərir. Belə ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə hər iki ölkənin maraq dairəsində olan kifayət qədər önəmli mövzular müzakirə edilmişdi. Əslində, regionda maraqları olan bəzi ölkələrdə müəyyən narahatlıq yaratmış bu təmas Cənubi Qafqazda yeni geopolitik mərhələnin şəkillənməsi baxımından, başlanğıc mesaj kimi də dəyərləndirilir.

Məsələ ondadır ki, bəzi iddialara görə, həmin görüşdə müzakirə edilən məsələlər onu göstərir ki, Türkiyə və Ermənistan artıq siyasi ritorikadan birbaşa praktik əməkdaşlıq mərhələsinə keçid mexanizmlərini test etməyə başlayıb. Ümumiyyətlə isə energetika diplomatiyası bütövlükdə Cənubi Qafqaz üçün Sülhə aparan ən effektiv "yumşaq güc" aləti hesab olunur. Yəni, keçmiş SSRİ-nın süqutundan üzübəri qapalı sərhədlər və qarşılıqlı etimadsızlıq vəziyyətində olan Türkiyə-Ermənistan münasibətləri üçün energetika və infrastruktur üzrə əməkdaşlıq ən optimal "yumşaq giriş nöqtəsi" kimi qəbul edilir.

Ona görə də, energetika artıq yalnız iqtisadi sektor deyil. Bu, həm də qarşılıqlı siyasi dialoqun davamlılığını təmin edən önəmli mexanizm, qarşılıqlı asılılıq yaradan strateji alət, regionda sülhü və sabitliyi təmin edə biləcək əsas təhlükəsizlik faktorudur. Xüsusilə də, təbii qaz təchizatı və elektrik şəbəkələrinin inteqrasiyası kimi məsələlər, hər iki tərəf üçün uzunmüddətli əməkdaşlığa münbit şərait yaradan infrastruktur reallıığını yaratmış olur. Və bütün bunlar indi həm Türkiyənin, həm də Ermənistranın maraqları çərçivəsində yeni münasibətlər modelinin formalaşma ehtimalını da artırır.

Maraqlıdır ki, iki ölkə arasında önə çıxarılan strateji əməkdaşlıq istiqamətləri indi artıq daha dərin və çoxşaxəli intqerasiya prosesinin qətiyyən uzaqda olmadığını göstərir. Belə ki, elektrik şəbəkələrinin inteqrasiyası Ermənistanın regional enerji sistemlərinə qoşulma ehtimalını gündəmə gətirir. Türkiyə isə artıq Avropa ilə Asiya arasında "enerji körpüsü" rolunu oynayır. Belə bir inteqrasiya Ermənistanın enerji izolyasiyasını zəiflədə, regional elektrik ticarətini stimullaşdıra, Avropa bazarlarına dolayı çıxış imkanları yarada bilər.

Digər tərəfdən, nüvə energetikası sahəsində atıla biləcək addımlar da Türkiyə və Ermənistan arasında olduqca həssas əməkdaşlıq sahəsi hesab olunur. Çünki Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES və bu sahədə ənənəvi təsir mexanizmlərinə sahib olan Rusiya faktorunu da nəzərə alsaq, nüvə energetikası üzrə dialoq xüsusi geopolitik çəkiyə malikdir. Bu sahədə mümkün əməkdaşlıq Ermənistanın enerji təhlükəsizliyini diversifikasiya edə, Rusiyanın monopoliyasını qismən zəiflədə və Qərb texnologiyalarının Cənubi Qafqaza daxil olmasına zəmin yarada bilər.

Nəhayət, Ermənistanın təbii qazla təchizatı isə əsas regional geopolitik rıçaq kimi diqqəti çəkir. Çünki Ermənistanın enerji balansında təbii qaz əsas yer tutur və bu sahədə alternativ marşrutların yaranması ciddi geopolitik dəyişiklik deməkdir. Belə ki, Ermənistana Türkiyə vasitəsilə mümkün təbii qaz tədarükü məhz yeni enerji marşrutlarının açılması, regional inteqrasiyanın dərinləşməsi və siyasi-diplomatik münasibətlərin iqtisadi-ticari zəmin üzərində sabitləşməsi ilə nəticələnə bilər.

Bütün bunlar onu göstərir ki, böyük güclərin Cənubi Qafqaza yönəlik maraqlarının reallaşması istiqamətində atılacaq istənilən addımın yeni regional dinamika yarada biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, Türkiyə və Ermənistan arasındakı son siyasi-diplomatik təmaslar yalnız ikitərəfli münasibətlər çərçivəsində məhdudlaşmır, həm də daha geniş geopolitik xarakter daşıyır. Çünki son illərdə Rusiyanın Cənubi Qafqazda təsir mexanizmləri ciddi şəkildə zəifləyir, Avropa Birliyi alternativ enerji mənbələri axtarışını sürətləndirir və Türkiyə isə yeni enerji qovşağı kimi rolunu daha gücləndirir.

Ona görə də, Ermənistanın Türkiyə ilə enerji dialoqu qurması, əslində, daha geniş geopolitik orientasiya dəyişikliklərinin tərkib hissəsi kimi görünür. Belə ki, əgər, dövlətlərarası siyasi razılaşmaların arxasında iqtisadi-ticari maraqlar dayanmazsa, onda onların effektivliyi əksər hallarda gözlənilən nəticələrdən uzaq qalır. Məhz bu baxımdan, enerji və infrastruktur layihələri sülh prosesini strukturlaşdıra, maraqlı tərəflər arasında qarşılıqlı asılılıq yarada və regional münaqişə risklərini ciddi şəkildə azalda bilər. Və bu normallaşma modeli Avropa ölkələrinin tarixində dəfələrlə tətbiq olunub, nəticədə iqtisadi inteqrasiya, həm də siyasi sabitliyin əsasını qoyub.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Türkiyə və Ermənistan arasında belə önəmli pozitiv təmaslar olsa da, bu proses hələ olduqca həssas xarakter daşıyır. Çünki iki ölkə arasında iqtisadi-ticari münasibətlərin qurulmasına Ermənistanda ölkədaxili siyasi müqavimət ola biləcəyi qətiyyən istisna deyil. Eyni zamanda, həm Ermənistanda, həm də Cənubi Qafqazda geopolitik maraqları olan, rəsmi İrəvanın yeni geopolitik seçimindən ciddi şəkildə əndişələnən Rusiyanın aqressiv reaksiyası rəsmi İrəvana qarşı ölkədaxili müqaviməti daha da gücləndirə bilər. Və rəsmi İrəvanın Ermənistanı hələ də yeni təhlükəsizlik sisteminə yerləşdirməyə nail ola bilməməsi də neqativ təsir faktorları sırasına daxildir.

Halbuki, kənar müdaxilə cəhdlərinin bloklanacağı təqdirdə, Cənubi Qafqazda yeni enerji arxitekturasının qurulacağı, Türkiyənin geostrateji rolunun artacağı və Ermənistanın regional layihələrə təkrar inteqrasiyası imkanları qazana biləcəyi də qətiyyən şübhə doğurmur. Əgər, bu önəmli proses davamlı xarakter alarsa, enerji və infrastruktur layihələri Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas təməl faktoruna da çevrilə bilər. Və bu isə o deməkdir ki, regionda sülh artıq yalnız siyasi-diplomatik masada deyil, həm də enerji xətləri, eləcə də iqtisadi-ticari layihələr üzərindən qurulur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31