Ramiyə Məmmədova: "ABŞ İranın bu qədər dirənişli olacağını ehtimal etmirdi" ÖZƏL

"ABŞ bu gün İsrail-İran müharibəsi fonunda kifayət qədər çətin vəziyyətə düşüb. Burada əsas məsələ ondan ibarətdir ki, ABŞ ümumiyyətlə İranın bu dərəcədə hazırlıqlı olacağını və müharibədə bu səviyyədə müqavimət göstərəcəyini gözləmirdi. Əlbəttə, ABŞ bu addımı atmadan əvvəl kəşfiyyat məlumatları vasitəsilə İranın raket və dron potensialından xəbərdar idi və qarşılıq veriləcəyini bilirdi. Lakin İranın bu qədər davamlı və dirənişli olacağını ehtimal etmirdi. Çünki son dövrlərdə ölkə daxilində baş verən hadisələr fərqli bir ictimai-siyasi ab-hava yaradırdı. Müharibə başladıqdan sonra isə bu ab-hava tamamilə dəyişdi və əhali bir növ ölkənin gələcəyi naminə səfərbər oldu".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, ABŞ-nin İsraillə birlikdə bu müharibəyə daxil olmasının hər iki tərəf üçün ayrı-ayrı səbəbləri var. Bu məsələ yalnız İran daxilində hakimiyyət dəyişikliyi ilə bağlı deyil. Doğrudur, Donald Tramp İranın başında özünə uyğun bir hakimiyyətin gəlməsini istəyirdi, lakin bu onun əsas hədəfi deyildi. Əsas məqsədlərdən biri Yaxın Şərqdə ABŞ və İsrail üçün daha rahat geosiyasi platforma yaratmaq idi. İran isə uzun illərdir bu planlara ciddi maneə yaradır. Bu səbəbdən İranın zəiflədilməsi, hətta mümkün olarsa, sistem dəyişikliyi prioritetlərdən biri kimi görünür. Digər mühüm məsələ İranın raket proqramı, nüvə silahı ehtimalı və uranın zənginləşdirilməsi ilə bağlıdır ki, bu da xüsusilə İsrail üçün əsas təhlükələrdən biri hesab olunur. Bundan əlavə, İranın regiondakı proksi qüvvələrinin zəiflədilməsi də məqsədlər sırasındadır. Artıq bəzi qrupların, məsələn, "Hizbullah"ın əvvəlki gücündə olmadığı müşahidə olunur. Eyni zamanda, ABŞ İranın enerji və digər təbii sərvətlərinə nəzarət edə biləcək, öz maraqlarına uyğun bir hakimiyyətin formalaşmasını istəyir. Bu yanaşma Donald Trampın ümumi siyasətində - qlobal logistika yollarına, enerji resurslarına və strateji xammallara nəzarət etmək məqsədində də açıq şəkildə görünür. Lakin hazırkı vəziyyət göstərir ki, ABŞ bu məqsədlərinə tam nail ola bilməyib. Xüsusilə Hörmüz boğazında baş verən proseslər Vaşinqton üçün ciddi çətinliklər yaradıb. İran bu boğaza nəzarət etməklə müəyyən məhdudiyyətlər tətbiq edir, lakin eyni zamanda öz müttəfiqlərinə və maraqlarına uyğun daşımaları davam etdirir. Xüsusilə Çinə neft ixracının böyük hissəsinin davam etməsi İranın maliyyə dayanıqlığını qorumasına imkan verir.

Ekspert qeyd edib ki, digər tərəfdən, Rusiyanın İrana dolayı dəstək verdiyi də müşahidə olunur. Rəsmi şəkildə bu inkar edilsə də, bəzi hərbi texnologiyaların istifadəsi, dəqiq zərbələr və kəşfiyyat fəaliyyəti Rusiyanın təsirini ehtimal etməyə əsas verir. Bütün bunların fonunda ABŞ müəyyən mənada sıxışmış vəziyyətə düşüb. İran faktiki olaraq Yaxın Şərqdə Vaşinqton üçün ciddi maneəyə çevrilib. Hörmüz boğazında gərginliyin artması və neft qiymətlərinin yüksəlməsi isə ABŞ-nin planlarına zərbə vurur. Çünki enerji qiymətlərinin artması qlobal iqtisadi böhran riskini gücləndirir. ABŞ-nin bu vəziyyətdən çıxmaq üçün müttəfiqlər axtardığı da görünür. Lakin Avropa İttifaqı ilə münasibətlərin Donald Tramp dövründə gərginləşməsi bu məsələdə problemlər yaradır. ABŞ hazırda Avropadan dəstək istəsə də, Avropa ölkələri bu münaqişəyə qoşulmaq istəmirlər. Çünki bu, onları birbaşa İranla qarşıdurmaya sürükləyə bilər və nəticələri daha genişmiqyaslı ola bilər. Avropa Birliyi İranın regionda proksi qüvvələr vasitəsilə müharibəni genişləndirə biləcəyini və bunun terror risklərini artıracağını yaxşı anlayır. Bu səbəbdən də ehtiyatlı mövqe tutur və açıq şəkildə ABŞ-ni dəstəkləməyə tələsmir. Mövcud şəraitdə ABŞ daha çox təzyiq və hədələrdən istifadə edir, lakin real nəticələr əldə etməkdə çətinlik çəkir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31