Hörmüz boğazında beynəlxalq nəzarət: Avropa niyə tərəddüd edir? – ÖZƏL
14:29 Siyasət"Hörmüz boğazı məsələsində Donald Trampın yeni bir yanaşması var. O, dünya ölkələrini dəvət edir ki, gəlin orada bir növ beynəlxalq nəzarət mexanizmi yaradaq və bu əraziyə birlikdə nəzarət edək. Bu çağırış əsasən körfəzdən asılı olan ölkələrə - Çin, Yaponiya, Cənubi Koreya, Fransa və Britaniyaya ünvanlanıb. Eyni zamanda, NATO ölkələrinə də belə bir müraciət edilib".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, son bir ildə Tramp ilə NATO arasındakı münasibətlər kifayət qədər mürəkkəb olub. Zaman-zaman gərginliklər yaşanıb, müəyyən uzlaşmalar əldə olunsa da, münasibətlər tam sabit deyil. Tramp bir neçə dəfə qeyd edib ki, ABŞ müttəfiqlərinə daim dəstək verib, lakin qarşı tərəfdən eyni münasibəti görməyib. Buna cavab olaraq NATO-nun baş katibi bildirib ki, alyans hər zaman ABŞ-nin yanında olub - istər Əfqanıstanda, istər İraqda, istərsə də Liviyada. Bu kontekstdə Trampın hazırkı addımı sanki müttəfiqlərini yenidən sınağa çəkmək, onları müəyyən seçim qarşısında qoymaq cəhdi kimi görünür. Lakin Avropa ölkələri bu məsələyə birbaşa və aktiv şəkildə müdaxilə etməkdə maraqlı görünmürlər. Çünki məsələ kifayət qədər mürəkkəb və risklidir.
Ekspert qeyd edib ki, hazırda Avropa ölkələrinin siyasi rəhbərləri ilə Trump arasında bir çox məsələlər üzrə ciddi fikir ayrılıqları mövcuddur. İdeoloji, siyasi və strateji baxımdan tərəflər fərqli mövqeləri təmsil edirlər. Bu səbəbdən Avropa ölkələri açıq şəkildə "yox" deməsələr də, məsələyə dərhal müsbət reaksiya verəcəkləri də gözlənilmir. Hazırda belə bir yanaşma da mövcuddur ki, bu münaqişəyə ABŞ-ni daha çox İsrail cəlb edib və əslində bu müharibə baş verməməli idi. İndi isə belə görünür ki, Trump Avropanı da bu prosesə cəlb etməyə çalışır. Ehtimal olunur ki, NATO ölkələri bu məsələni müzakirə edəcək və müəyyən çıxış yolu axtaracaqlar. Lakin yaxın perspektivdə birbaşa hərbi müdaxilə ehtimalı yüksək görünmür.
"Digər tərəfdən, İranın bu məsələyə fərqli yanaşması da diqqət çəkir. Rəsmi mövqelərdə qeyd olunur ki, əsas məhdudiyyətlər ABŞ və İsrail gəmilərinə yönəlib, digər ölkələrin gəmilərinə isə müəyyən şərtlərlə keçid icazəsi verilə bilər. Bu isə müəyyən kompromis imkanlarının mövcud olduğunu göstərir. Buna baxmayaraq, məsələ olduqca mürəkkəbdir və qısa müddətdə müsbət həllini tapacağı inandırıcı görünmür. Eyni zamanda, Hörmüz boğazında baş verən proseslər Avropa ölkələri üçün də ciddi iqtisadi çətinliklər yaradır. Xüsusilə neft qiymətlərinin artması onların iqtisadiyyatına mənfi təsir göstərir. Bu baxımdan məsələ dolayısı ilə Avropanın da maraqlarına toxunur. Ola bilsin ki, Avropa ölkələri Çin vasitəsilə İrana müəyyən təsir və ya təzyiq göstərməyə çalışsınlar. Lakin əgər boğazın tam bağlanması kimi ssenari gündəmə gəlsə, bu halda belə müdaxilələrin effektivliyi də sual altında qalacaq", - deyə ekspert sonda əlavə edib.
Səidə Ramazanova