İlham Əliyev hakimiyyətinin son 10 ili İstanbulda müzakirəyə çıxarılacaq
2 Dekabr 2013 11:43 SiyasətDekabrın 2-3-də Türkiyənin İstanbul şəhərində Avrasiya İqtisadi Əlaqələr Dərnəyi və Mərmərə Universitetinin təşkilatçılığı ilə "Xəzərdən Qara dənizə Strateji Baxış" mövzusunda beynəlxalq simpozium keçiriləcək. AİƏD-in İdarə Heyətinin sədri Hikmət Ərən Türkiyə mətbuatına verdiyi açıqlamada bildirib ki, simpoziumda Xəzər və Qara dəniz hövzəsində yerləşən dövlətlərdə siyasi vəziyyət müzakirəyə qoyulacaq. Simpozium çərçivəsində Türkiyənin Cənubi Qafqaz siyasətinin regional tarazlıqlara təsiri, Azərbaycan və Türkiyənin regionda həyata keçirdiyi ortaq layihələrin əhəmiyyəti, Avropa İttifaqının Qara dəniz və Cənubi Qafqaz maraqları, Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətinin son 10 ili dövründə ölkədə təhlükəsizliyin təmin edilməsi, Qara dəniz və Xəzər hövzəsində alternativ təhlükəsizlik anlayışı və axtarışları, regional təhlükəsizlik təhdidləri müzakirə ediləcək. Tədbirin açılışını İstanbul meri Hüseyn Avni Mutlu , Beynəlxalq Qara dəniz Xəzər Əməkdaşlıq Fondunun prezidenti İsmayıl Safi, Mərmərə Universitetinin rektoru Zəfər Gül, Qazaxıstanın Türkiyədəki səfiri Canseyid Tüymebayev, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Azərbaycan Serbiyadakı səfiri Eldar Həsənov və Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəsi Samir Cəfərov iştirak edəcək. ("OLAYLAR" İA)