Partiya üzvləri arasında fərqli fikirlərin olması təbiidir - SİYASƏT
Musa Quliyev : “Partiyanın qərarlarının yüzdəyüz hamının razılığı ilə qəbul olunması anormal bir şeydir”
29 Noyabr 2013 16:09 SiyasətSon günlər Yeni Azərbaycan Partiyasının üzvləri arasında yaranan fikir ayrılığı mətbuatın müzakirə predmetinə çevrilib. Xüsusən, müxalifət mətbuatı vəziyyətin qarşıdan gələn bələdiyyə və parlament seçkilərində daha da gərginləşəcəyi barədə proqnozlar verməkdədir. Millət vəkili, YAP üzvü Musa Quliyev bildirib ki, təmsil etdiyi partiyada heç bir narazılıq yoxdur və bunu arzulayanların arzuları da gözlərində qalacaq. Çünki o partiyanın üzvləri arasında müəyyən fikir ayrılığı olmasa, ümumiyyətlə, o partiya demək olar ki, fəaliyyətdə, inkişafda deyil: "Partiya üç nəfərdən ibarət deyil axı. Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var. 600 mindən çox üzvü olan bir partiyanın, deyək ki, mərkəzi orqanlarında çalışan, istərsə o orqanlarda çalışmayan, istərsə də sadə bir üzvü olan insanın müəyyən fərqli fikirləri ola bilər". Millət vəkili bildirib ki, istənilən məsələ ilə bağlı fikir ayrılığının olmasına baxmayaraq pariyada qərarlar çoxluğun səsi ilə qəbul olunur: "Ola bilər ki, partiyanın qurultaylarında, yaxud, Siyasi Şuranın iclaslarında hamı o qərarın tərəfdarı olmasın, amma o yenə səsə qoyulur. Qərar ona görə səsə qoyulur ki, səs çoxluğu ilə qəbul olunsun. Bu mənada hər hansı bir partiyanın qərarlarının yüzdəyüz hamının razılığı ilə qəbul olunması anormal bir şeydir. O ki qaldı qarşıdan gələn bələdiyyə, xüsusilə, parlament seçkiləri ilə bağlı YAP-da narazılıqların olacağı ehtimallarına, bu yöndəki iddialara, bunlar hamısı əsassız söz-söhbətlərdir. Bilirsiniz, qabaqkı illərdə də - YAP lap proporsional sistem- siyahı ilə parlamentə gedəndə də, iki seçki belə olub, Konstitusiya dəyişikliyindən sonra isə proporsional sistem-siyahı yoxdur - partiya əksər dairələrdə öz namizədlərini irəli sürüb və o dairələrdə də namizədlərini dəstəkləyib. Yəni, o zamanlarda da elə bir ciddi narazılıq olmayıb. Ola bilər bir nəfər, iki nəfər, lap beş nəfər olub ki, onlar partiyanın rəhbər orqanları tərəfindən məqbul hesab edilməyib. Amma bütövlükdə partiyanın namizədləri, yaxud, namizəd olmaq təşəbbüsündə olan adamlar müəyyən səbəblərə görə ora düşmür. Yəni, YAP-da siyahıya düşən, amma seçilməyən namizədlər hamısı partiyanın qərarına hörmətlə həmişə yanaşıblar. Amma bəzən elə də olub ki, bəziləri partiyanın qərarına qarşı gediblər və partiyanın növbəti qərarı ilə də onlar partiyadan kənarlaşdırılıblar. Məsələn, 2005-ci il seçkilərində belə məsələlər oldu. Partiyanın namizədinə alternativ olaraq müstəqil şəkildə bəzi partiya üzvləri yerdə öz namizədliklərini irəli sürmüşdülər, o zaman partiya dedi ki, mənim qərarıma hörmət edin və etməyənlər də haqlı olaraq partiyadan kənarlaşdırıldılar. Amma narazılıq etmək ki, daha layiqli idim, mən niyə namizəd deyiləm, bunlar sadəcə, subyektiv xarakterli məsələlərdir. Yəni, YAP monolit bir partiyadır. Bu monolitlik də ondan ibarətdir ki, çoxluğun qərarı birmənalı olaraq partiya üzləri tərəfindən həyata keçirilir, parçalanmaya gətirib çıxarmır. Eyni zamanda, düşünürəm ki, seçkilər barədə danışmaq hələ tezdir. Amma növbəti parlament seçkisində də partiyanın Siyasi Şurasının və İdarə Heyətinin təsdiq etdiyi siyahı üzrə partiya namizədlərini irəli sürəcək və hər bir partiya üzvünün də borcudur ki, həmin qərara hörmət etsin və o namizədləri dəstəkləsin, yerlərdə onun təbliğatını aparsın". "Hazırda YAP-ı parlamentdə təmsil edən 70-dən çox millət vəkilinin hamısı 2015-ci il seçkilərində yenə rəsmi namizəd kimi irəli sürüləcəklərmi, onlar hamısı bunu haqq edirlərmi" sualına cavabında isə M.Quliyev qeyd edib ki, indiki YAP-çı deputatların əksəriyyəti yenidən hakim partiyanın namizədi kimi müdafiə olunacaq: "Çünki YAP-ın qabaqkı seçki təcrübələri də göstərir ki, partiyanın parlamentdə təmsil olunan nümayəndələrinin 60 faizindən, 70 faizindən çoxu növbəti dəfə də seçkilərə gedib və bu hal 2015-ci il seçkilərində də gözləniləndir. Çünki partiya namizəd seçəndə həmişə çox dəqiq, doğru seçim etməyə çalışır. Eyni zamanda da, çalışır ki, o kadrlar-namizədlər həm siyasi əqidəcə sədaqətli , həm də müəyyən sahələr üzrə peşəkar olsunlar. Bu baxımdan, indiki YAP-çı deputatlar da cəmiyyətdə müəyyən nüfuz qazanmış, təmsil olunduqları bölgədə daha çox siyasi çəkiyə malik olan insanlardır. Ola bilər müəyyən mənada yaş həddi nəzərə alına bilər və alınsın, yəni, kimlərsə yenidən namizəd irəli sürülməsin, yaxud da, ola bilər partiya məsləhət görür və görsün ki, kimlərsə Azərbaycan hökumətinin, dövlətin başqa sahələrində çalışsınlar, bu da ola bilər. Amma YAP-da etimadsızlıq göstərmə halları demək olar ki, çox az olur".
Alim