Azərbaycanın Avropaya inteqrasiyası heç bir mübahisə yaratmır
Səməd Seyidov : “Dağlıq Qarabağ münaqişəsi bu əlaqələrin qarşısını alır”
29 Noyabr 2013 15:53 Siyasət"Azərbaycan öz mövqeyini konkret olaraq ortaya qoyub və bildirilib ki, Azərbaycanın Avropa istiqamətində inteqrasiyası hamı üçün aydın və heç bir mübahisə yaratmayan bir məsələdir". Bunu deyən millət vəkili Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, məhz bu nöqteyi-nəzərdən Avropa strukturları və Avropa dəyərləri məsələsinə aydınlıq gətirilməlidir: "Azərbaycan Avropaya Avropa dəyərlərini mənimsəmək bu dəyərləri Azərbaycana gətirmək üçün inteqrasiya edir. Bunlar demokratiya, qanunun aliliyi və insan haqlarıdır. Lakin, heç bir təşkilata, o cümlədən Avropada olan təşkilatlara bu dəyərləri öz dəyərləri kimi təqdim etmək ixtiyarı verilməməlidir. Yəni, Azərbaycanın Avropaya inteqrasiyası hansısa beynəlxalq təşkilatla əlaqələri qurmaq naminə deyil, məhz Avropa dəyərlərini mənimsəmək və həmin sivil ölkələrdə qəbul olunmuş beynəlxalq qanunları, demokratiyanı, insan haqlarını Azərbaycanda yüksək səviyyədə tətbiq etməkdir". Komitə sədri qeyd edib ki, bəzən avropalı tərəfdaşlar "Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələrdə gedən prosesləri o qədər də ciddi təhlil etmirlər: "Avropa Birliyi, Avropa Parlamenti yalnız bu "Şərq tərəfdaşlığı" üzvləri olan ölkələrdə problemlər axtarmaqla məşğul olmamalıdır, o cümlədən bu qurumun "Şərq tərəfdaşlığı" proqramının belə ləng və bəzən düzgün olmayan istiqamətdə inkişaf etməsinin səbəbini axtarmalı, düzgün təhlil aparılmalı, məsələ və reallıq düzgün qiymətləndirilməli, ikili standartlar və bu kimi faktlar olmamalıdır. Nəhayət, bizim üçün ən əsas və mühüm məsələ Dağlıq Qarabağ məsələsidir. Azərbaycan regionun bütün sağlam qüvvələri ilə əlaqə yaratmaqda maraqlıdır. Lakin, təəssüf ki, indiki vəziyyətdə belə regional əməkdaşlığa nail olmaq həlli çətin məsələdir. Dağlıq Qarabağ münaqişəsi bu əlaqələrin qarşısını alır və bu münaqişənin mövcudluğu əlaqələrin inkişafına mane olur. Bunu da yaddan çıxarmaq lazım deyil ki, bu münaqişə "Şərq tərəfdaşlığı" proqramının inkişafına da əngəl törədir".