“ABŞ və Qərb Gürcüstanla Ukraynanı Rusiya ilə tək qoydu” - AÇIQLAMA
Zərdüşt Əlizadə: “Güclü Rusiya qarşısında Qərb bloku Ukrayna və Gürcüstanı müdafiə etməkdə maraqlı deyil”
29 Noyabr 2013 13:04 SiyasətUkrayna prezidenti Viktor Yanukoviçin Vilnüsdə Litva prezidenti Dalya Qribauskayte və Almaniya kansleri Angela Merkellə ayaqüstü söhbətinin videosu yayılıb. Görüntüdə Yanukoviç Ukraynanın iqtisadi durumunun ağırlığından danışır: "Mən istəyirəm ki, siz məni başa düşəsiniz. Mən 3,5 ildir təkəm. Çox güclü Rusiya ilə qeyri-bərabər şəraitdə tək qalmışam". Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə hesab edir ki, ABŞ və Qərb Ukrayna ilə Gürcüstan üçün Rusiyanı bombardman edə və regiondan qovub çıxara bilməzdi. Z.Əlizadə bildirdi ki, müttəfiqlər hər hansı səbəblərə görə Rusiyaya embarqo qoya bilməzlər. Politoloqun sözlərinə görə, Rusiya kifayət qədər hegemon dövlətdir, zəngin təbii sərvətlərə, yeni iqtisadi potensiala sahibdir: "Federasiya Avropa malları üçün ən böyük bazardır. Rusiyanın Qərb üçün əhəmiyyəti Ukrayna və Gürcüstandan daha çoxdur. Avropa və ABŞ öz maraqları üçün Rusiya ilə əlaqələrini normal məcrada saxlamağa çalışır. Buna görə ABŞ və Qərb üçün Gürcüstanla Ukraynanı müdafiə etmək maraqlı deyil. Rusiya nüvə arsenalına sahib olan dövlətdir, bu amil də məsələdə mühüm əhəmiyyət kəsb edir. Siyasətdə dövlət maraqları birinci yerdə duran məsələdir". ("OLAYLAR" İA)