Paşinyan Rusiyadan qaçışın “gizli plan”ını işə saldı: İrəvan Zəngəzur dəhlizini Kremlə qarşı “geopolitik silaha” çevirir
18:23 SiyasətPaşinyan hakimiyyətinin geostrateji manevr siyasəti kəskin geopolitik dönüşdən daha çox Ermənistanı Rusiya orbitindən mərhələli şəkildə uzaqlaşdırma cəhdidir... Əgər, Ermənistan bu prosesin vəd etdiyi böyük risklərə tab gətirə bilərsə, onda Cənubi Qafqaz artıq yeni geopolitik konfiqurasiyaya yönəlmiş olacaq...
Cənubi Qafqazda baş verən son proseslər yalnız regional siyasi-diplomatik fəallıq deyil, daha geniş geopolitik yenidənqurmanın tərkib hissəsidir. Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə, Rusiya və Avropa Birliyi ilə bağlı son açıqlamaları onu göstərir ki, rəsmi İrəvan artıq post-müharibə mərhələsinin yeni strateji modelinə hazırlaşır. Ermənistan üçün bu model müəyyən mənada, üç əsas qlobal güc mərkəzi - Rusiya, Avropa Birliyi və Türkiyə arasında balans qurmağa əsaslanır. Ancaq bu balans artıq tədricən klassik çoxvektorlu siyasət çərçivəsindən çıxaraq, geopolitik struktur dəyişikliyi mərhələsinə daxil olub.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Rusiya ilə münasibətləri hələlik formal olaraq, strateji müttəfiqlik çərçivəsində qalır. Üstəlik, bu ölkənin Gümrü bölgəsində yerləşən Rusiyanın 102-ci hərbi bazası hələ də fəaliyyət göstərir. Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə Kremlin müdaxilə ehtimalını nəzərə alan baş nazir Nikol Paşinyan məcburiyyət qarşısında bildirib ki, rəsmi İrəvanınm bu hərbi baza ilə bağlı "narahatlığı yoxdur".
Ancaq bütün müşahidələr onu göstərir ki, real situasiya Ermənistan üçün daha qəliz xarakter daşıyır. Belə ki, Ermənistanın 2020-ci ildə hərbi məğlubiyyətindən sonra erməni toplumunda Rusiyanın bu ölkəyə verdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı kifayət qədər ciddi suallar yaranıb. Kremlin Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə tutduğu mövqe Ermənistanda Rusiyaya qarşı "etimad böhranı" yaradıb.
Halbuki, Ermənistan iqtisadi baxımdan, hələ də Rusiya bazarına bağlıdır. Bu ölkənin enerji sektoru əhəmiyyətli dərəcədə Rusiyanın nəzarətindədir. Üstəlik, Ermənistan ərazisində Rusiyanın hərbi infrastrukturları hələ də qalmaqdadır. Bu səbəbdən də Paşinyan hakimiyyəti açıq qarşudurmadan yayınır, radikal uzaqlaşma addımlarını təxirə salmağa məcbur qalır. Ona görə də, rəsmi İrəvan əksinə, indiki mərhələdə Rusiya ilə münasibətləri yenidən "formatlamaq" strategiyası üzrə hərəkət etməyə üstünlük verir. Yəni, rəsmi İrəvan Ermənistanın Rusiyadan təhlükəsizlik asılılığını nisbətə azaltmağa yönəlik addımlar atmağa çalışsa da, Kremlin "nəzarət zonası"nı tamamilə tərk etməkdən də çəkinir.
Maraqlıdır ki, rəsmi İrəvan son vaxtlar Rusiyanın sərt reaksiyasına yol açan Qərblə yaxınlaşma prosesində Avropa Birliyinin yumşaq güc faktorunu daha ciddi təhlükəsizlik arxitekturası ilə əvəzləməyin mümkün yollarını da axtarmağa başlayıb. Belə ki, Ermənistanın Avropa Birliyindən "sürətli hibrid reaksiya qrupu" istəməsi qətiyyən simvolik siyasi manevr deyil, əksinə, bu, kifayət qədər ciddi geostrateji addımdır. Üstəlik, oxşar mexanizm daha əvvəl Moldovada da tətbiq olunmuşdu və indi növbəti parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyəti həmin örnəkdən Ermənistanda istifadə etmək niyyətinə düşüb.
Rəsmi İrəvanın Avropa Birliyinə bu müraciəti onu göstərir ki, Paşinyan hakimiyyəti Ermənistanın informasiya və seçki təhlükəsizliyini artıq məhz Qərb mexanizmləri ilə qorumağa çalışır. Yəni, Rusiyanın "təsir zonası" Ermənistan üçün rəsmi şəkildə ciddi təhlükə qaynağı kimi qiymətləndirilir və ona görə də, rəsmi İrəvan Avropa Birliyinin regionda təhlükəsizlik aktoruna çevrilməsinə cəhd göstərir. Halbuki, bu, hələlik Ermənistanın Qərbə tam inteqrasiyası anlamı daşımır və təhlükəsizlik arxitekturasının şaxələndirilməsinə yönəlik cəhd kimi görünür. Avropa Birliyi üçün isə bu, Cənubi Qafqazda geopolitik yerləşmə imkanlarının genişlənməsi deməkdir.
Digər tərəfdən isə Paşinyan hakimiyyəti Rusiya və Avropa Birliyi ilə münasibətlərin yenilənməsinə paralel olaraq, Türkiyə istiqamətinə də xüsusi önəm verir. Belə ki, son vaxtlar baş nazir Nikol Paşinyanın prezident Rəcəb Tayyib Ərdoğanla siyasi dialoqu və iki ölkə arasında hava sərhədinin açıq qalması onu göstərir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılma prosesi artıq tədricən real addımların atıldığı mərhələyə keçib. Bu, Ermənistana regional iqtisadi blokadadan çıxmaq şansı, Türkiyəyə isə Cənubi Qafqazda daha dərin geoiqtisadi yerləşmə imkanları qazandırır. Və üstəlik, buna paralel olaraq, Azərbaycan-Ermənistan normallaşma prosesini də sürətləndirir.
Eyni zamanda, Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Fuad Oktayın "Zəngəzur dəhlizi və TRIPP layihəsi razılaşdırılıb" açıqlaması isə artıq geoiqtisadi mərhələnin başlandığını göstərir. Belə ki, əgər, Zəngəzur marşrutu reallaşarsa, Türkiyə-Azərbaycan quru bağlantısı formalaşacaq. Ermənistan isə Azərbaycan və Gürcüstan kimi tranzit ölkəyə çevrilə bilər. Eyni zamanda, Rusiyanın yalnız Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza ənənəvi nəzarət mexanizmləri öz əhəmiyyətini itirə bilər. Və bu, yalnız regional deyil, həm də Avrasiya logistikasında olduqca ciddi ihfrastruktur dəyişikliyi deməkdir.
Göründüyü kimi, Ermənistan hazırda olduqca ciddi strateji dilemmanın təsiri altındadır. Yəni, rəsmi İrəvan eyni vaxtda üç istiqamət üzrə hərəkət edir. Belə ki, Ermənistan Rusiya ilə formal müttəfiqliyi hələlik qorumağa çalışır, Avropa Birliyini öz təhlükəsizlik mexanizminə daxil etməyə cəhd göstərir və bütün bunlara paralel olaraq, həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır. Və Paşinyan hakimiyyətinin bu siyasi kursunun əsas məqsədi Ermənistanın Rusiyadan təhlükəsizlik asılılığını minimuma endirmək və geopolitik manevr imkanlarını artırmaqdır.
Belə anlaşılır ki, postmüharibə mərhələsi üçün Cənubi Qafqazda yeni regional təhlükəsizlik və əməkdaşlıq modeli formalaşır. Bu önəmli modelin əsas xüsusiyyətləri isə regional hərbi qarşıdurmadan geoiqtisadi inteqrasiyaya keçid, enerji və logistika marşrutlarının yenidən dizayn olunması, eləcə də qlobal güclərin regionda açıq rəqabətinin daha da dərinləşməsi ilə bağlıdır. Və Türkiyənin də regional təsir imkanlarının genişləndiyi bu modeldə Ermənistan passiv obyekt olmaq istəmir.
Əslində, Paşinyan hakimiyyətinin bu siyasəti kəskin geopolitik dönüşdən daha çox Ermənistanın Rusiya orbitindən mərhələli şəkildə uzaqlaşma ssenarisidir. Hazırda bu proses artıq geriyə dönüşü çətin olan mərhələyə daxil olub. Ancaq onun uğuru daha çox regional güclərin verəcəyi reaksiyadan və Ermənistanın ölkədaxili siyasi sabitliyindən asılı olacaq. Və əgər, Ermənistan bu prosesin vəd etdiyi böyük risklərə tab gətirərsə, onda Cənubi Qafqaz artıq yeni geopolitik konfiqurasiyaya yönəlmiş olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()