Vaşinqton-Moskva-Pekin üçbucağı: Təhlükəsizlik arxitekturası yenidən qurulur- ÖZƏL
15:52 SiyasətABŞ administrasiyası yalnız ABŞ, Rusiya və Çini əhatə edən üçtərəfli silah nəzarəti sazişləri ilə maraqlanır. ABŞ-nin silah nəzarətində üçtərəfli formatda israr etməsi beynəlxalq təhlükəsizlik balansını necə dəyişə bilər? Çin bu cür sazişlərdən niyə yayınır və bunun arxasında hansı strateji hesablamalar dayanır?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" ABŞ-ın üçtərəfli formatda təhlükəsizlik məsələlərini müzakirə etmək israrı onunla nəticələnə bilər ki, artıq qlobal miqyasda, istər şərt və siyasətdə, istərsə də ümumilikdə dünya təhlükəsizliyi və təhlükəsizlik arxitekturasının qurulmasında yeni oyunçular ön plana çıxa bilər. Faktiki, Çin artıq ön plana çıxmış hesab olunmalıdır. Çünki ABŞ özü, öz dili ilə, Dövlət Departamentinin rəhbəri səviyyəsində Çinin də bu təhlükəsizlik danışıqlarında iştirak etməli olduğunu bildirir.
Bu isə o deməkdir ki, dünya artıq dəyişir. Artıq 90-cı illərdən əvvəl mövcud olan ikiqütblü dünya, yəni SSRİ və ABŞ-ın rəhbərlik etdiyi Qərb blokunun hökmran olduğu sistem yoxdur. Eyni zamanda mövcud nizam da artıq effektiv deyil. Təkcə ABŞ-ın rəhbərlik etdiyi, təkqütblü Qərb hegemoniyası mövcuddur, lakin bu sistem dağılmağa doğru gedir və onun yerində yeni bir sistem- çoxqütblü dünya sistemi formalaşır. Bu kontekstdə Çin artıq özünü sübut edən və qlobal miqyasda həm təhlükəsizlik, həm də iqtisadi-siyasi məsələlərdə rol alan əsas oyunçulardan birinə çevrilir. Zamanla bu oyunçuların sayının artacağını da müşahidə edə bilərik. Məsələn, Böyük Britaniya, Fransa, nüvə silahına malik Hindistan və Pakistan kimi ölkələr iqtisadi müstəqilliklərini artıra bilsələr və siyasi təsirlərini genişləndirsələr, paralel olaraq həm Çinə, həm də ABŞ-a qarşı iqtisadi və hərbi müstəvidə dayana biləcək potensiala çatsalar, bundan sonra isə nüvə silahlarının sayının artırılması və daha da inkişaf etdirilməsi məsələsi gündəmə gələcək. Bu da o demək olacaq ki, artıq ABŞ, Rusiya və ya Çin bu cür müqavilələrdə həmin ölkələrin iştirakının vacibliyini vurğulayacaqlar.
Bu prosesin səbəbi nədir? ABŞ-ın Çini bu cür müqavilələrə çağırması və ya gələcəkdə nüvə potensialını davamlı şəkildə artıran dövlətləri bu razılaşmalara cəlb etmək istəyi əslində nüvə silahlarının sayını artıran ölkələri nəzarət altına almaq cəhdidir. ABŞ məhz buna görə Çini bu müqavilədə görmək istəyir. Çünki Çin nüvə potensialını durmadan genişləndirir, yeni axtarışlar aparır, daha effektiv silahlar üzərində çalışır və mövcud nüvə başlıqlarının sayını artırır. Bu isə təbii ki, ABŞ-ın maraqları ilə ziddiyyət təşkil edir. Müddəti bitmiş START müqaviləsini yenisi ilə əvəz edərkən ABŞ artıq təkcə Rusiyanı deyil, Çin faktorunu da nəzarətə almaq istəyir. Məqsəd yalnız Rusiyanın nüvə potensialının artmasının qarşısını almaq deyil, eyni zamanda Çini də hazırkı səviyyədə saxlamaqdır.
Bəs Çin niyə bundan yayınır? Çin çox yaxşı anlayır ki, hazırda onun nüvə potensialı nə ABŞ-a, nə də Rusiyaya çatır. Hələ ki, onlardan xeyli geri qalır və bu fərqi aradan qaldırmaq üçün kifayət qədər vaxt və imkanları var.
İqtisadi cəhətdən Çin ABŞ-la iqtisadi müharibəyə davam gətirə bildi. Hətta bəzi məqamlarda ABŞ özü geri çəkilmək məcburiyyətində qaldı. Hərbi-siyasi baxımdan isə Çin artıq dünyanın ən böyük üçüncü ordusuna sahibdir və potensialını ciddi şəkildə inkişaf etdirib. Çin rəsmiləri son illərdə bütün təhlükələrə cavab verməyə hazır olduqları barədə mesajlar verir və bu mesajlar başda ABŞ olmaqla digər böyük dövlətlərə ünvanlanır. Məhz buna görə Çin hesab edir ki, nüvə potensialını ən azı ABŞ və Rusiya səviyyəsinə çatdırmadan belə bir müqaviləyə qoşulmaq onun əl-qolunu bağlayacaq və öz potensialını məhdudlaşdırmış olacaq. Bu səbəbdən Çin çalışır ki, ən azı ABŞ-Rusiya səviyyəsinə çatana və nüvə başlıqları baxımından güc balansını təmin edənə qədər bu cür müqavilələrdən yayınsın. Ancaq elə bir mərhələ yetişə bilər ki, nə Rusiya, nə də ABŞ bu vəziyyətlə razılaşmasın. ABŞ və Çin artıq rəqabət münasibətlərindədir. Lakin qlobal çağırışlar fonunda Çin-Rusiya münasibətləri yaxşı olduğu üçün, əgər ABŞ Rusiya ilə müəyyən məsələlərdə dil tapa bilsə, o zaman Rusiyadan Çinə qarşı nüvə siyasəti ilə bağlı təzyiq göstərməsini də istəyə bilər. Əgər bir gün həm ABŞ, həm Rusiya eyni vaxtda Çinə nüvə məsələsində təzyiq etsələr, Çin bu təzyiqlərə tab gətirə bilməz. Çünki dünya miqyasında özündən sonra gələn iki ən güclü hərbi-siyasi dövləti eyni anda özünə düşmən və ya rəqib etmək mümkün deyil".
Zeynəb Mustafazadə