Ermənistan qalmaqallı xətti Rusiyadan alıb Azərbaycana verir? – 35 il sonra yeni iddia
20:38 SiyasətSSRİ dövründə Ermənistanın dəmir yolu infrastrukturunun Azərbaycanın mülkiyyətində olması ilə bağlı iddialar yenidən müzakirə mövzusuna çevrilib. Regionda kommunikasiyaların açılması və sülh prosesinin davam etdiyi bir vaxtda bu məsələ həm hüquqi, həm də siyasi baxımdan diqqət çəkir.
Hazırda Rusiyanın nəzarət etdiyi Ermənistan dəmir yollarının inkişafı məsələsi Moskva və İrəvan arasında fikir ayrılığına səbəb olub. Həmçinin rusiyalı politoloq Andrey Areşev də sözügedən infrastrukturun Türkiyə və Azərbaycanın nəzarətinə verilə biləcəyini iddia edib.
Azərbaycan Ermənistan dəmir yollarının öz nəzarətinə keçməsi üçün hüquqi prosedurlara başlaya bilərmi?
Analitik Elnur Ənvəroğlu deyib ki, əvvəla SSRİ-də bütün əsas infrastruktur, o cümlədən dəmir yolları, hüquqi ya da formal cəhətdən ittifaq mülkiyyəti idi:
"Yəni onlar nə Azərbaycanın, nə Ermənistanın, nə də başqa respublikanın müstəqil dövlət mülkiyyəti sayılmırdı. Necə ki, beynəlxalq sərhədlərin olmadığı kimi.
Buna görə də Ermənistan ərazisində fəaliyyət göstərən dəmir yolu şəbəkəsi SSRİ Nəqliyyat Nazirliyinə tabe idi. Azərbaycan dəmir yolları isə ayrıca respublika idarə strukturu idi, amma o da dövrünə görə SSRİ sisteminin tərkib hissəsi sayılırdı.
Düzdür, Ermənistan dəmir yolları inzibati baxımdan Bakı dəmir yolu idarəsinə tabe olub. Müəyyən dövrlərdə Cənubi Qafqaz dəmir yolu sistemi vahid idarəetmə modelində fəaliyyət göstərib. Amma bu, mülkiyyət hüququ demək deyildi, inzibati tabelik idi.
1991-ci ildə SSRİ dağıldıqdan sonra əsas prinsip tətbiq olundu. Yəni dövlətlərin ərazisində yerləşən ittifaq mülkiyyəti həmin dövlətin balansına keçdi. Hətta bu prinsip həm beynəlxalq praktikada, həm də keçmiş SSRİ respublikalarının qarşılıqlı tanınmasında faktiki qəbul edildi. Məsələn, Ermənistan ərazisində yerləşən dəmir yolu infrastrukturu Ermənistan dövlətinin balansına keçdi, eyniylə də Azərbaycan ərazisində yerləşən dəmir yolu infrastrukturu Azərbaycanın balansına keçdi. Bir sözlə, bu yanaşma keçmiş ittifaq ölkələrinin hamısında tətbiq olundu".
Analitik bildirib ki, Azərbaycan Ermənistan dəmir yollarının mülkiyyət hüququna iddia qaldırması əsaslı deyil:
Teorik olaraq istənilən dövlət beynəlxalq arbitraj və ya məhkəmə mexanizmlərindən istifadə edə bilər, eləcə də Azərbaycan. Amma praktik və hüquqi baxımdan bir neçə ciddi problemin yaranması mümkündür. Bu da anlaşılan məsələdir, Azərbaycanın Ermənistan ərazisində yerləşən dəmir yollarına mülkiyyət iddiası qaldırması üçün burada SSRİ dövründə konkret mülkiyyət sənədləri, hüquqi varislik müqavilələri, aktivlərin bölüşdürülməsi barədə razılaşmalar tələb oluna bilər. Hətta deyərdim hüquqi prosedur baxımdan bunlar olmalıdır da.
Beynəlxalq hüquqda əsas prinsip, beynəlxalq hüquq termini ilə desək, "uti possidetis juris", müstəqillik zamanı mövcud inzibati sərhədlərin dövlət sərhədinə çevrilməsidir. Bu prinsip mülkiyyətin də ərazi prinsipi ilə keçməsini gücləndirir. Lakin fikrimcə, Azərbaycan tərəfində belə sənədlər mövcud deyil, elə məhz problem də buradadır.
Digər bir problem isə Ermənistan dəmir yollarının hazırda konsessiya əsasında Rusiyanın dövlət şirkəti olan "Russian Railways" tərəfindən idarə olunması ilə bağlıdır. Bu isə məsələni daha da mürəkkəbləşdirir, çünki artıq üçüncü tərəf müqavilə hüququ elementləri mövcuddur.
Əgər söhbət Zəngəzur dəhlizi və ya regional kommunikasiyaların açılmasından gedirsə, burada mülkiyyət məsələsi deyil, nəqliyyat rejimi və suveren nəzarət mexanizmi əsas rol oynayacaq. Çünki hazırda danışıqlarda müzakirə olunan modelə görə Ermənistan ərazisində dəmir yolu Ermənistanın suverenliyi altında qalır, amma tranzit mexanizmi və təhlükəsizlik zəmanətləri ayrı məsələdir, yəni bunlar tərəflər arasında razılaşdırıla bilər. Qeyd etdiklərim həm sülh razılaşması çərçivəsində, həm də beynəlxalq praktikada tam uyğun addım hesab olunur".
Turan Rzayev
Globalinfo.az