Sülhməramlı yox, bərpa dəstəyi: Azərbaycan Qəzza prosesində hansı rolu oynayacaq? – ÖZƏL

Qazaxıstan və Kosovanın Qəzzaya sülhyaratma qüvvələri göndərmək qərarına baxmayaraq, Azərbaycan bu prosesdə iştirak etməyəcəyini bəyan edib. İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində ölkəmizin bu məsələdə qəti mövqeyini açıqlayıb.
Bildirilib ki, Azərbaycanın Qəzzada sülhməramlı əməliyyatlara qoşulmaması əsaslandırılmış siyasətdir. Müharibədən yeni çıxmış ölkə kimi hərbçilərin başqa münaqişə zonasına göndərilməsi cəmiyyətdə həssaslıq yarada bilər. 

Maraqlıdır, Qəzza üzrə Sülh Şurasının təsisçilərindən biri olan Azərbaycan necə hərəkət edəcək və etməlidir?

"Azərbaycan "Sülh Yaratma" missiyasında iştirak etmir, lakin digər istiqamətlərdə təmsil olunur. Məsələn, Qəzzanın bərpası ilə bağlı, eləcə də bu çərçivədə fəaliyyət göstərən Sülh Şurasında qərarların qəbul olunması prosesində iştirak edir və gələcəkdə də iştirak edə bilər".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, ümumiyyətlə, Qəzza məsələsi kifayət qədər həssasdır. Burada həm Qəzza tərəfi, həm İsrail tərəfi Azərbaycan üçün yaxın və dost hesab olunan tərəflərdir. Təbii olaraq, onların arasında yaranan hər hansı gərginlik və ya münaqişə müəyyən məqamlarda arzuolunmaz münasibətlər fonu yarada bilər. Bəzən isə sərt seçim etmək zərurəti ortaya çıxır. Hazırda proseslərin müəyyən qədər irəliləməsinə baxmayaraq, həm Qəzza, həm də İsrail tərəfindən tam razılaşdırılmamış məqamlar qalmaqdadır. Yəni məsələ hələ də münaqişəli və açıq suallar doğuran xarakter daşıyır. Bu da gələcəkdə dost ölkələrlə münasibətlərə təsir edə biləcək əlavə həssas məqamların yaranma ehtimalını saxlayır.

Ekspert qeyd edib ki, bu baxımdan Azərbaycanın neytral mövqe tutması və ya prosesdə birbaşa tərəf kimi çıxış etməməsi başadüşüləndir. Digər tərəfdən, ölkə özü də müharibədən yeni çıxıb və qarşıda kifayət qədər həllini gözləyən problemlər var. İşğaldan azad olunmuş ərazilərin bərpası, infrastrukturun yenidən qurulması prioritet məsələdir. Bundan əlavə, Rusiya və İranla bağlı müəyyən həssas məqamlar, təhdid və çağırışlar da mövcuddur. Bu şəraitdə ən doğru mövqenin neytrallıq olduğu düşünülür. Bununla belə, gələcəkdə Qəzzanın bərpası ilə bağlı humanitar və iqtisadi layihələrdə, maliyyə və qərarvermə mexanizmlərində Azərbaycanın dəstəyinin mümkün olacağı istisna edilmir. Yəni ölkə öz imkanları və strateji maraqları çərçivəsində bu proseslərə töhfə verə bilər. Ümumilikdə isə Azərbaycanın mövcud daxili problemləri və strateji hədəfləri nəzərə alındıqda, məsələyə ehtiyatlı və balanslı yanaşma sərgiləməsi başa düşülən hesab olunur.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31