Ermənistan Qarabağda narkotik vasitələr yetişdirir
Məsələ beynəlxalq tədbirdə qaldırılıb
28 Noyabr 2013 16:49 SiyasətMakedoniyanın paytaxtı Skopye şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa ölkələrinin gömrük təhqiqat və istintaq xidmətləri rəhbərlərinin 20-ci iclası keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, iclasdan əvvəl Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən təşkil edilmiş narkomaniyaya qarşı mübarizə mövzusunda rəsm və fotolardan ibarət sərginin açılışı olub.
Sərginin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Makedoniyanın Gömrük İdarəsinin baş direktoru Vanko Kargov narkomaniyaya qarşı mübarizədə müvafiq strukturların əməkdaşlığının əhəmiyyətini vurğulayıblar. İclası Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev açaraq bildirib ki, ölkəmiz narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparır. Komitə sədri Dağlıq Qarabağın və Azərbaycanın bir sıra digər rayonlarının Ermənistanın işğalı altında olması səbəbindən həmin nəzarətsiz zonadan narkotik vasitələrin yetişdirilməsi və daşınması üçün istifadə edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.