Etiraz adı altında təxribat: Siyasi aksiyanın sərhədi harada bitir?
14:32 SiyasətFevralın 19-da Vaşinqtonda yaşanan hadisə bir daha göstərdi ki, siyasi etirazla planlı təxribat arasındakı sərhəd bəzən qəsdən silinir. İlham Əliyevin səfəri çərçivəsində qaldığı Waldorf Astoria Washington DC otelinin qarşısında keçirilən aksiya ilk baxışdan fikir ifadəsi kimi təqdim olunsa da, hadisənin gedişi bunun daha fərqli niyyət daşıdığını göstərir.
Etiraz - demokratik cəmiyyətlərin ayrılmaz hissəsidir. İnsanlar mövqelərini sərbəst şəkildə ifadə edə bilirlər və bu, normaldır. Ancaq məsələ ondadır ki, etirazın dili və forması onun mahiyyətini müəyyənləşdirir. Əgər səsləndirilən şüarlar təhqir və nalayiq ifadələrlə müşayiət olunursa, mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərilirsə, burada artıq siyasi mövqedən yox, təxribat niyyətindən danışmaq lazım gəlir. Sosial şəbəkələrdə yayılan görüntülər emosional fonun nə qədər aqressiv olduğunu açıq şəkildə göstərdi. Bu, sadəcə narazılıq nümayişi deyildi. Bu, diqqəti çəkən beynəlxalq tədbir fonunda informasiya effekti yaratmaq cəhdi idi. Çünki hadisə təsadüfi vaxtda baş vermədi, məhz Sülh Şurasının ilk iclası zamanı. Belə məqamların seçilməsi təsadüfi olmur. Burada başqa bir məqam da var: xaricdə yaşayan azərbaycanlı mühacirlərin etiraz hüququndan istifadə etməsi onların seçimi ola bilər. Amma bu hüquq başqa bir ölkənin paytaxtında keçirilən rəsmi tədbirin təhlükəsizliyini riskə atmaq demək deyil. Dövlət rəhbərliyinin təhlükəsizliyi yalnız bir ölkənin deyil, diplomatik münasibətlərin də məsuliyyət zonasına daxildir. Hadisəyə operativ müdaxilə olunması və vəziyyətin nəzarət altına alınması göstərdi ki, təhlükəsizlik mexanizmləri işləkdir. Lakin məsələ təkcə fiziki təhlükəsizliklə bitmir. Bu cür aksiyalar informasiya müharibəsinin bir hissəsinə çevrilə bilər. Məqsəd görüntü yaratmaq, emosional fon formalaşdırmaq və siyasi mesajı qalmaqal üzərindən ötürməkdir. Vaşinqtondakı səhnə bir daha sual doğurur: əgər məqsəd doğrudan da fikir bildirməkdirsə, niyə bu, etik çərçivədə və hüquqi sərhədlər daxilində edilmir? Niyə məhz təxribat effekti yarada biləcək üsullar seçilir?
Demokratiya sərbəstlikdir, amma sərhədsizlik deyil. Etiraz hüququ var, amma məsuliyyət də var. Siyasi mövqeni ifadə etmək olar, lakin təhqir və qarşıdurma yolu ilə deyil. Əks halda, bu artıq fikir plüralizmi yox, planlı təxribat təsiri bağışlayır. Vaşinqtonda baş verənlər göstərdi ki, qlobal siyasi məkan yalnız diplomatik danışıqların yox, həm də emosional qarşıdurmaların meydanıdır. Bu meydanda isə ən çox qazanan tərəf sakit və hüquqi çərçivədə davranan tərəf olur.
Lamiyə Cəbrayılova