Müxtəlif dövrlərdə aşkarlanan kütləvi məzarlıqlar və identifikasiya prosesi sübut edib ki, bu şəxslərin əksəriyyəti Ermənistan silahlı birləşmələri və separatçı qüvvələr tərəfindən işgəncələrə məruz qalaraq öldürülüb ( https://special.azertag.az/en/xeber/3156426 ). Məsələ humanitar problem kimi beynəlxalq təşkilatların gündəminə çıxarılıb, izlənilib. Amma "Amnesty International" bu problemə göz yumub. Ötən 30 il müddətində bircə dəfə də olsun, fakta diqqət ayırmayıb. Hansı ki, təşkilat işgəncələrə qarşı mübarizəni özünün 3 əsas fəaliyyət istiqamətindən biri elan edib.
Bu tip ittihamlar gündəmə gələndə təşkilat rəhbərliyi deyir ki, onların mandatı "ədalətli məhkəmə hüququnun qorunması" üzərində qurulub. Ruben Vardanyanla bağlı sərgilədiyi əcaib münasibəti də bu kontekstdə əsaslandırır. Separatçı oliqarxı guya "məhkəmə istintaqı dövründə hüquqlarının pozulduğu üçün" müdafiə edir. Amma bu izahat təşkilatın fəaliyyət tarixində öz təsdiqini tapmır.
Məsələn, "Amnesty International" zaman-zaman bəzi ölkələri "cinsi azlıqların hüquqlarını pozduğu" üçün, bəzi ölkələri "abortları məhdudlaşdırdığı" üçün, bəzilərini isə "fahişəliyi leqallaşdırmadığı üçün" ittiham edib. Hansı ki, bu tip mövzuların "ədalətli məhkəmə hüququ" ilə heç bir əlaqəsi yoxdur. "Amnesty International" belə əlaqəsiz mövzuları o qədər qabardıb ki, hətta 2007-ci ildə Kardinal Renato Martino Katolik Kilsəsi adından bəyanat yayaraq onu sərt tənqid edib, "şər əməllər sahibi" adlandırıb ( https://www.italymagazine.com/featured-story/vatican-urges-catholics-cut-amnesty-funding ). Bu faktlar göstərir ki, "Amnesty International" zərurət duyanda "öz mandatından" kənara çıxır, istədiyi sahəyə müdaxilə edir, bəyanatlar verir. Əgər marağı olsaydı, Azərbaycanlı mülki əhalinin girov götürülməsi, əsir olması, itkin düşməsi, işgəncələrə məruz qalması faktına da diqqət yetirərdi. Yetirməyib, çünki marağında olmayıb. O, Azərbaycana qarşı münasibətdə həmişə qərəzli olub. Ermənistanın işğalçılıq siyasətinə qarşı prinsipial və ardıcıl mövqe sərgiləməyib. Xocalı soyqırımı nəticəsində yüzlərlə mülki azərbaycanlının qətlə yetirilməsinə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə laqeyd yanaşıb. Bunun əvəzində beynəlxalq maliyyə maxinatorunun, separatçı siyasətçinin müdafiəsinə qoşulub. Niyə?

"Amnesty International" indi də Azərbaycanla Ermənistanın sülh razılaşmasını hədəf alır
"Amnesty International"ın 17 fevral 2026-cı il tarixli açıqlamasında Ruben Vardanyanın "məhkəmə hüquqnun pozuntusu" barədə deyilənlər işin çox kiçik bir hissəsini əhatə edir. Təşkilat bu açıqlamasında "mandatından" kənara çıxaraq, siyasi proseslərə baş vurub, iki ölkə və xalq arasında konflikti yenidən qızışdırmağa səy göstərib. Məsələn, həmin açıqlamada Ruben Vardanyanı separatçı, terrorçu, qanun pozucusu deyil, "Bakı tərəfindən əsir götürülmüş Dağlıq Qarabağın erməni lideri" kimi qələmə verib. Onun əsir götürülmüş mülki şəxs, siyasi lider obrazının yaradılmasına cəhd edilib. Həmçinin, "bir il davam edən məhkəmə prosesinin sonunda Ruben Vardanyana 20 il həbs cəzasının verilməsi, digər Qarabağ liderindən beş nəfərinin ömürlük həbs cəzasına məhkum edilməsi" "Ermənistan xalqına qarşı qəsd" kimi təqdim olunub ( https://www.rferl.org/a/amnesty-probe-civilian-casualties-nagorno-karabakh/31045850.html ). Çox aydın şəkildə görünür ki, "Amnesty International" bu bəyanatı ilə şüurlu şəkildə anti-Azərbaycan və anti-sülh kampaniyası aparır. "Ruben Vardanyanın məhkumluğunu "faciə" kimi dəyərləndirməklə, erməni xalqına qızışdırıcı mesajlar ötürür. Erməni tərəfində qisasçılıq hisslərini coşdurmağa, iki ölkə arasında münasibətləri alovlandırmağa çalışır. Bu cür davranışla kimin maraqlarına xidmət edir?
17 fevral açıqlaması "Amnesty International"ın Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ münaqişəsi fonunda sərgilədiyi ilk əcaib hal deyil. O, 2021-ci ilin yanvar ayında verdiyi bəyanatda da faktları yanlış təqdim etmişdi. Azərbaycan ordusunun Qarabağ torpaqlarını işğaldan azad etməsini az qala "Azərbaycanın Dağlıq Qarabağı işğal etməsi" kimi qələmə vermişdi. Daha uzağa gedərək, dövlətimizi az qala "etnik soyqırımı törətməkdə" qınamışdı. 2021-ci il açıqlamasında qeyd edilir ki, guya "Azərbaycanın Qarabağa hücum etməsi nəticəsində mülki sakinlər öldürülüb saysız-hesabsız evlər dağıdılıb" ( https://www.rferl.org/a/amnesty-probe-civilian-casualties-nagorno-karabakh/31045850.html ). "Amnesty International" Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı 30 il müddətində buna bənzər çoxsaylı çaşdırıcı bəyanatlar verməklə, iki ölkə arasında münasibətlərin daha da qızışdırılmasına çalışıb.

Ruben Vardanyana göstərilən qayğı hansı səbəbdən qaynaqlanır?
Ruben Vardanyan haqqında verilən açılama bəzi spesifik nüansları ilə fərqlənir. Təşkilat Ruben Vardanyanın həbsini "bütövlükdə Ermənistan xalqına qarşı bir qəsd" kimi təqdim edir. Nəzərə alsaq ki, Ermənistan hökuməti Qarabağ separatçılarına qarşı Azərbaycan məhkəmələri tərəfindən kəsilmiş həbs cəzaları ilə bağlı rəsmi açıqlama verməyib, bu faktı pisləməyib, həmçinin, Vardanyanın azadlığı üçün ümumerməni aksiyası keçirilməyib, onda, "Amnesty International"ın hansı mənbəyə istinad edərək separatçı lideri "ümumerməni siması" kimi təqdim etməsi suallar doğurur. Əlavə olaraq, BMT İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu 13 mart 2025-ci il qərarında "Vardanyanın siyasi fəaliyyətinə görə tutulduğu" iddialarını rədd edib, onun həbsinin cinayət ittihamlarına əsaslandığını vurğulayıb ( https://aztv.az/en/news/90019777/azerbaijan-welcomes-un-working-groups-rejection-of-yerevans-baseless-allegations-on-vardanyans-case ).
Belə nəticə çıxır ki, "Amnesty International"ın Ruben Vardanyana özəl münasibəti mövcuddur. Onu qorumaq üçün ümumlikdə erməni xalqının təmsilçisi kimi qələmə verir. Bu özəl münasibət hansı səbəblərdən qaynaqlanır?
Azərbaycan Milli QHT Forumu "Amnesty International"ın 17 fevral tarixli açıqlamasına etiraz bəyanatında qeyd edir ki, Ruben Vardanyan 2022-ci ildə Rusiya vətəndaşlığından məqsədli şəkildə imtina edərək Qarabağa köçmüş və qondarma rejimdə "dövlət naziri" kimi fəaliyyət göstərmişdir. Onun adı əvvəllər "Troika Laundromat" kimi tanınan beynəlxalq maliyyə fırıldaqlarında hallanmış, milyardlarla dolların ofşor sxemlərlə dövriyyəyə buraxılması ilə bağlı araşdırmalarda çəkilmişdir. Bu faktlar beynəlxalq media və araşdırma platformalarında geniş işıqlandırılıb. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən ona qarşı irəli sürülən ittihamlar isə dövlət təhlükəsizliyi, separatizmin maliyyələşdirilməsi və qanunsuz silahlı birləşmələrlə əlaqələr kimi ciddi maddələri əhatə edir. Belə bir şəraitdə "Amnesty International"ın onu "tanınmış biznesmen" kimi təqdim etməsi və məhkəmə prosesinə etiraz etməsi Bakıda haqlı suallar doğurur ( https://apa.az/sosial/amqf-amnesty-international-azerbaycan-cemiyyetinde-sarsilmis-nufuzunu-sifirladi-940548 ).
Milyarder Ruben Vardanyanın qiymətli hədiyyələr verməklə, qeyri-rəsmi ödənişlər etməklə beynəlxalq təşkilat təmsilçilərini ələ alması, onlara təsir göstərməsi faktı təcrübədə mövcuddur. Məsələn, USAİD rəhbəri Samanta Pover Ruben Vardanyanın hədiyyələrindən ruhlanaraq, qızının adını Erməni genosidinin şərəfinə adlandırmışdı. Ruben Vardanyanla yaxın dostluq münasibətində olan Pover onun tədbirlərində dəfələrlə çıxış edərək, həm milyarderə, həm də Ermənistana qarşı simpatiyasını göstərib ( https://www.youtube.com/watch?v=gMzzbRrxF_M ).
Əslində Demokratların hakimiyyəti dövründə ABŞ-ın Azərbaycana yanaşmasında ortaya çıxan bəzi ziddiyyətli məqamların səbəbi də bu amillə bağlı olub.
Bəs "Amnesty International"ın fəaliyyət tarixində bu cür şübhəli məqamlar varmı? Var, həm də kifayət qədər geniş ölçüdə. Təşkilatın şübhəli, qeyri-adi görünən davranışları o qədər çoxdur ki, ona qarşı olanlar vikipediyada "Criticism of Amnesty International" başlığı ilə xüsusi səhifə yaradıblar. Bu səhifədə "Amnesty International"ın neqativ əməlləri barədə bəs qədər faktlar təqdim ediblər ( https://en.wikipedia.org/wiki/Criticism_of_Amnesty_International ).
Kilsə tərəfindən lənətlənmiş təşkilat
2016-cı il "Amnesty İnternational"ın gizlinlərinin açılması baxımından önəmli il olub. Hindistan xüsusi xidmət orqanları həmin il müəyyən etmişdilər ki, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bu təşkilatın təmsilçiləri, əslində ölkənin Cammu və Kəşmirdə vəziyyəti gərginləşdirməyə, sabitliyi pozmağa və ölkənin Pakistanla münasibətlərin kəskinləşməsinə, atəşkəsin pozulmasına çalışırlar. Nəticədə, "Amnesty İnternational"ın Hindistanda fəaliyyət göstərən ofisi qapadılmış, təşkilat əməkdaşlarının ölkə ərazisinə girişinə qadağa tətbiq edilmişdi.
"Amnesty İnternational"a qarşı belə sərt tədbir görmək məcburiyyətində qalan ölkə təkcə Hindistan deyil. Bənzər olay 2012-ci ildə İsraildə də yaşanıb. İsrail Xarici İşlər Nazirliyi, ardınca da İsrailin Londondakı səfirliyi bəyanat yayaraq "Amnesty İnternational"ı "qeyri-ciddi", "gülünc" təşkilat adlandırmışdılar.
"Amnesty İnternational"ın fəaliyyəti dövründə yol verdiyi şübhəli məqamların siyahısı bununla məhdudlaşmır. Şri-lanka, Venesuela, Rusiya, Çin, Kongo Demokratik Respublikası və digər ölkələr də ayrı-ayrı zamanlarda "Amnesty İnternational"la insidentlər yaşamış, təşkilata qarşı sərt tədbirlər görmək məcburiyyətində qalmışdılar.
Ötən dövrün təcrübəsi göstərir ki, "Amnesty İnternational" dünyada nüfuz sahibi olmağa can atan güc mərkəzlərinin əlində idarə olunan peyk funksiyasını yerinə yetirib. Hansı dövlətlər bu güc mərkəzlərinin hədəfinə gəlibsə, "Amnesty İnternational"ın istiqaməti də o səmtə yönəlib. Araşdırmaların nəticəsi olaraq belə bir fakt da ortaya çıxıb ki, "Amnesty İnternational"ın tuşlandığı ölkələr, bir qayda olaraq, təbii sərvətlərlə, xüsusən, karbohidrogen resursları ilə zəngin ölkələr olurlar. Tədqiqatçılar təşkilatın "humanitar aksiyalarına" məruz qalmış Konqo Demokratik Respublikasının təcrübəsində bunu isbat ediblər. Afrikanın 54 dövləti arasından yalnız Konqonun fərqləndirilərək "Amnesty İnternational"ın hesabatlarında daimi hədəf seçilməsi onunla əlaqələndirilir ki, bu dövlətin ərazisi kobaltın ehtiyatları ilə zəngindir. Yer kürəsinin kobaltin ehtiyatının tam yarısı Kongonun payına düşür. Kobaltin isə 21-ci əsrdə dünyanın ehtiyac duyacağı ən strateji məhsuldur.
"Amnesty İnternational"ın təbii resursları zəngin olan Cənubi Amerika və Latin Amerikası ölkələrinə (Brazilia, Venesuella, Çili , Meksika) yönəlik sistemli tənqidlərin səbəbləri də bu cür qaranlıq amillərə bağlanır. Məsələn, qızıl ehtiyatı baxımından dünyada beşinci ölkə olan, neft , qaz və mədən sənayesinə malik Brazilyanın "Amnesty İnternational" tərəfindən guya ətraf mühitin müdafiəsi adı altında tənqid edilməsi də bu məqsədlərə bağlanır.Təşkilat bu zəngin ölkələrdə güzəştli iş qurmaq istəyən transmilli korparasiyaların maraqlarına xidmət edir. Təbii ki, transmilli korparasiyaların bu ölkələrdə əldə etdikləri güzəştlərdə "Amnesty İnternational"ın öz payı var. O, dünyada istisna qeyri-hökumət təşkilatlarından biridir ki, illik büdcəsi 200 milyon dollardan yuxarıdır! ( http://azxeber.com/az/harda-as-orda-bas/?fbclid=IwAR25RhgJdvA-hmYhE8-HB2elgQGcGRoeqN2iscvkhYZyl4w1HuGiU0tvamc ).
Təşkilatın Ruben Vardanyanla dostluğu, Azərbaycanın üzərində fokuslaşması da eyni səbəblərlə izah edilir. Onun milyarderə bağlı fondlardan faydalanmasını sübut edən faktlar ortadadır. Məsələn, "Arovat.am" xəbər verir ki, əslən Livandan olan, hazırda Kanadada fəaliyyət göstərən iş adamı, milyarder Nubar Afeyan dostu Ruben Vardanyanın müdafiəsi üçün ABŞ prezidenti Donald Trampa ünvanlanan müraciətin mətnini "Amnesty İnternational" ilə birgə hazırlayıb, müraciətə hər iki tərəf imza atıb ( https://en.aravot.am/2025/03/29/358242/ ) (Şəkil-1). Məlumat üçün qeyd edək ki, Afoyan Ruben Vardanyanla uzun müddətli iş birliyində və dostluq münasibətində olub. Qarabağın təbii sərvətlərin qanunsuz istismarında iştirak edib. O, Rubenlə birgə həm də "Aurora Prize for Awakening Humanity" mükafatını təsis edənlərdən biridir ( https://en.wikipedia.org/wiki/Aurora_Prize_for_Awakening_Humanity ). Mükafatın 1.000.000 ABŞ dolları dəyərində maddi tərəfi də mövcuddur. Mükafat "ermənilərə dost münasibət bəsləyən, soyqırımı iddialarını dəstəkləyən" şəxslərə və təşkilatlara verilir. Bu gün Nubar Afeyanın "ərk edərək" "Amnesty İnternational"a üz tutmsı, istənilən müraciətə imza atdırması, istənilən bəyanatı onun dilindən səsləndirməsi göstərir ki, hədiyyə və mükafatlar boşuna sərf edilməyib.
Amma nəzərə almaq lazımdır ki, "Amnesty İnternational" Ruben Vardanyanın "müdafiə kampaniyası" üzərindən digər proqramları da icra edir. Azərbacanın müəlliflik etdiyi enerji layihələrinin icrasına başlamasını elan edildiyi illərə nəzər salanda görürük ki, "Amnesty İnternational" da məhz bu dönəmlərdə aktivləşib, ölkəmizi hədəfə çevirib. Məsələn, 2015-2016-cı illərdə, Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin icrasına başladığı dönəmdə "Amnesty İnternational"ın keçirdiyi kampaniyaları göz önünə gətirmək kifayətdir ki, bu təşkilatın kimlərə xidmət etdiyi faktı öz təsdiqini tapsın. İndi də eyni proseslər baş verir. Cənubi Qafqazda güc balansının dəyişməsi, Azərbaycan Prezidentinin bu regionu qlobal güc mərkəzlərinin təhdidlərindən qoruması qlobal güc mərkəzlərini, paralel olaraq, "Amnesty İnternational"ı da hərəkətə gətirir.
Nikbinlik yaradan hal odur ki, "Amnesty İnternational"ın bu davranışları təkcə Azərbaycanda deyil, bütün dünyada ifşa olunub. 2007-ci ildə Kardinal Renato Martino Katolik Kilsəsinin adından "Amnesty İnternational"ı "şər əməllər sahibi" adlandırıb lənətləməklə, onun əsl simasını ortaya qoyub ( https://www.italymagazine.com/featured-story/vatican-urges-catholics-cut-amnesty-funding ).
Müşfiq Ələsgərli
