“Avropa İttifaqı MDB dövlətlərinə qarşı diktat mövqeyindən çıxış edir” - POLİTOLOQ
Elşən Manafov: “Ukrayna prezidenti Viktor Yanukoviçin bu qərarı daha çox onun özünün şəxsi hakimiyyətini qorumaq istəyindən irəli gəlirdi”
28 Noyabr 2013 14:04 SiyasətSon günlər Ukraynada baş verən siyasi proseslər dünyanın diqqət mərkəzindədir. Ukraynanın Avropa İttifaqının Assosativ Sazişini imzalamaqdan imtina etməsi ilə bağlı fikirlərini politoloq Elşən Manafov "OLAYLAR"a bildirib.
"Ukraynada baş verən proseslərin əsas səbəbi bu günlərdə Ukrayna prezidenti Yanukoviçin Avropa İttifaqının Assosiativ Sazişini imzalamaqdan imtina etməsi ilə bağlıdır. Ümumiyyətlə, Ukrayna ciddi seçim qarşısında idi ya Avropaya inteqrasiya ilə bağlı məsələlərə münasibətini bildirməli idi, ya da Rusiya prezidenti Putinin təşkil etdiyi Gömrük İttifaqına qoşulmaqla bağlı bir mövqe sərgiləməli idi. Strateji baxımdan təbii ki Ukraynanın inkişafı, tərəqqisi olan Avropa İttifaqına qoşulması ilə bağlı yollardan keçir. Çünki Avropa İttifaqı Ukrayna üçün daha böyük imkanlar vəd edir" - "OLAYLAR"a açıqlamasında Elşən Manafov öz fikirlərini ifadə edib.
Politoloq Ukraynanın Rusiyadan enerji asılığını əsas səbəblərdən bidri kimi göstərib: "Avropa İttifaqı bu gün dünya üzrə ÜDM-un 26%-ni istehsal edirsə, Putinin nəzərdə tutduğu Gömrük İttifaqı isə dünya üzrə ÜDM-un 4%-ni təşkil edə biləcək. Bu baxımdan təbii ki Ukraynanın sabahı, tərəqqisi Avropa İttifaqı ilə münasibətlərdən asılıdır. Ukrayna eyni zamanda ciddi seçim qarşısındadır, çünki Rusiyadan enerji asılılığında olan dövlətdir və Putin iqtidarı da bunu çox gözəl başa düşür. Bu gün Ukrayna qaz istehlakına görə Qazproma bir neçə milyard dollar pul borcludur. Üstəlik də Avropa İttifaqı həmin borcların ödənilməsi məsələsində Ukraynaya heç bir vəd vermədiyindən Yanukoviç bu cür mövqe seçməli oldu".
Politoloqun sözlərinə görə, Ukrayna prezidenti Viktor Yanukoviçin bu qərarı daha çox onun özünün şəxsi hakimiyyətini qorumaq istəyindən irəli gəlirdi. Ancaq Yanukoviç özü də başa düşürdü ki, Avropaya inteqrasiya Ukraynanın gələcəyi üçün daha perpektivli görünürdü.
Elşən Manafov həmçinin etiraf edir ki, Avropa İttifaqı ona qoşulmaq istəyən MDB dövlətlərinə qarşı diktat mövqeyindən çıxış edir. Ən azından Avropa İttifaqı tələb edir ki, onun üzvü ola biləcək dövlətlər onun tərtib etdiyi oyun qaydaları ilə oynamalıdırlar.
Politoloq sözügedən məsələnin konteksində Azərbaycanın da imkanlarını şərh edib: "Azərbaycanda gəldikdə isə Azərbaycan Ukrayna ilə müqayisədə enerji asılığında olan bir dövlət deyil. Əksinə, Avropanın enerji təhlükəsizliyinə töhfə verə biləcək dövlətlərdəndir. Üstəlik Azərbaycan bu günlərdə GUAM təşkilatına yeni bir töhfə vermək istəyir. GUAM 1997-ci ildə ABŞ-ın xeyir-duası ilə yaradılmış bir subregional təşkilat idi. Son bir neçə ildə GUAM-ın perspektivini itirdiyi ilə bağlı fikirlər səsləndirilir. Xatlırladım ki, GUAM üzvlərindən olan Gürcüstanda da artıq Rusiyaya meylli iqtidar hakimiyyətdədir".
Politoloq Azərbaycanın Gömrük İttifaqında iştirakı məsələsinə də münasibət bildirib: "Rusiyanın Azərbaycana enerji faktoru baxımından təsir imkanları yox dərəcəsindədir. Əgər Azərbaycan Gömrük İttifaqına qoşulacağı halda enerji siyasətində müstəqilliyini saxlayacaqsa əlbəttə Rusiya ilə münasibətlər baxımından bu normaldır. Yox əgər Gömrük İttifaqında təmsil olunma Ermənistan iqtisadiyyatının xeyrinə işləyəcəksə bu məsələdə götür-qoy etmək lazımdır".
Elşən Manafov hesab edir ki, hər halda Azərbaycanın imkanı var ki, Qərblə münasibətlərdə müəyyən məqamları nəzərə alıb, Qərbin müəyyən dəstəyinə istinad edib Rusiya ilə münasibətləri sadəcə olaraq ikitərəfli münasibətlər konteksində inkişaf etdirsin və genişləndirsin. Çünki etiraf etmək lazımdır ki, bu gün ABŞ və İran arasında gərginliyin aradan qalxması müəyyən mənada Azərbaycan üçün heç də yaxşı bir şey vəd etmir. Çünki ehtimal var ki, dünya bazarında neftfin qiyməti aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da neftdən yüksək dərəcədə aılı olan iqtisaduiyyatdır. Azərbaycanın bu cür məsələlər ətrafında manevr etmək imkanları var və Azərbaycan da bu məsələdən yararlanacaq".Politoloq Ukraynada yeni bir inqilabın baş verəcəyi ehtimalını inkar edir: "Güman etmirəm ki, Ukraynada hər hansı rəngli inqilab baş verəcək. Bunun da bir çox səbəbləri var. Çünki bu günkü Ukrayna 2005-ci ildəki Ukrayna deyil. Ukraynanın sabiq prezidenti Yuşenko artıq Qərbə müraciət edib ki, baş verən hadisələrin arxasında dayansınlar. Avropa İttifaqının özünün də ciddi problemləri var. Almaniya Avropa İttifaqının problemlərini çözməklə məşğuldur. Avropa İttifaqında Yunanıstan, İtaliya, Portuqaliya, İspaniyada maliyyə böhranlarının yaşandığı şəraitdə mən güman etmirəm ki, Almaniya və Fransa Avropa İttifaqında sabitliyin yaranması proseslərini kənara qoyub Ukraynaya əl uzada bilsinlər. Avropa İttifaqının bu imkanı olsaydı. Ukrayna həmin qərarı qəbul etməyə bilərdi".
Sevda Qurbanqızı