Oqtay Əsədov Sankt-Peterburqa gedir
27 Noyabr 2013 17:16 SiyasətMilli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-29-da Sankt-Peterburqda səfərdə olacaqdır. MM-dən "Olaylar"a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından Mirkazım Kazımov, Hacı Salayev, Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Aslan Cəfərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Parlamentlərarası Assambleyanın Şura iclasında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Parlamentlərarası Assambleyanın nəzdində sağlamlığın qorunması üzrə Ekspert Şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlamentlərin rolu və bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılacaqdır. Plenar iclasda isə "Arxeoloji irsin qorunması haqqında", "Elektron sənəd haqqında", "Antikorrupsiya monitorinqi haqqında", "Kommersiya sirri haqqında", "Ekoloji audit haqqında", Təhsil Məcəlləsi və Vergi Məcəlləsi haqqında, "Elmi parklar haqqında" və digər model qanun layihələri müzakirə olunacaq, bu layihələrə dair şərh və tövsiyələr dinləniləcəkdir.
Milli Məclisin sədri burada "Müasir dünyada nüvə təhlükəsizliyi: Nüvə silahlarının tərksilah olunması prosesində və onun yayılmasının qarşısının alınmasında parlamentarilərin rolu" mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxış edəcəkdir. Səfər zamanı Milli Məclisin Sədri Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulmuşdur. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.