Partiyalar bələdiyyə seçkilərində iştirak edəcəkmi?

Adətən ölkədə bir seçki başa çatdıqdan dərhal sonra siyasi partiya və təşkilatlar qarşıdan gələn növbəti seçkilərə hazırlaşmağa başlayır, bu istiqamətdə aktivləşirlər. Bu tendensiya bir qayda olaraq Azərbaycandan da yan keçmir. Ancaq təssüf doğuran məqamlardan biri ondan ibarətdir ki, seçkilərdə bir qayda olaraq məğlubiyyətə düçar olan müxalifət bir müddət bu şokdan ayıla və seçki hazırlıqlarına başlaya bilmir. Bu ilin oktyabrında keçirilən prezident seçkilərində də məğlubiyyət acısı dadan Azərbaycan müxalifətinin gələn il ölkədə keçiriləcək bələdiyyə seçkilərində mübarizə aparacağına o qədər də inam yoxdur. Bəs görəsən müxalifət partiyaları bu barədə nə düşünür və 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində iştiraka maraqlıdırlarmı?

Başlayaq bu il keçirilən prezident seçkilərində belə iştirak etmək, mübarizə aparmaq iddiasını ortaya qoymayan Azərbaycan Milli İstiqlal Partiyasından. Partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu deyir ki, ölkədə fəaliyyət göstərən istənilən siyasi təşkilatın vəzifə borcu bu və ya digər seçkilərdə iştirak etmək, həmin mübarizəyə qoşulmaq olmalıdır. Ancaq təmsil etdiyi partiyanın son prezident seçkilərinə qatılmamasına gəlincə isə Əli Oruclu bildirir ki, Milli İstiqlal Partiyasının prezident seçkilərində iştirak etməməsi  partiyanın lideri Etibar Məmmədovun namizədliyini verməməsi ilə əlaqədar olub Bu səbəbdən Azərbaycan Milli İstiqlal Partiyası prezident seçkisində iştirak etməyib. Qarşıdan gələn növbəti seçkilərə gəlincə isə təmsil olunduğum partiya 2014-cü ilin bələdiyyə, xüsusilə də 2015-ci il parlament seçkilərinə hazırlıq işlərinə başlayıb: "Bu istiqamətdə müəyyən hazırlıq işləri gedir. İstər yerli təşkilatlarımızda, istər digər partiyalarla təmaslarda, istərsə də beynəlxalq qurumlarla əlaqələrin daha da gücləndirilməsi istiqamətində işlər aparılır. Biz hesab edirik ki, seçkiyə qısa müddət qalmış hazırlıq prosesinə başlamaq uğursuzluğa yol aça bilən amillərdən olar. Ona görə də biz AMİP olaraq indidən bələdiyyə seçkilərinə hazırlaşamağı məqsədəuyğun saydıq". Əli Oruclu onu da təssüflə qeyd edib ki, Azərbaycanda bələdiyyə seçkisinə bir o qədər də əhəmiyyət verilmir: "Amma nəzərə almaq lazımdır ki, dünya praktikasında və qonşu Türkiyədə hakimiyyətə gəlməyin ilk addımı məhz bələdiyyələrdən başlayır. Ona görə də mən hesab edirəm ki, 2014-cü ilin bələdiyyə seçkilərinə önəm verilməlidir. Bələdiyyə və parlament seçkiləri ilə bağlı təşkilatlanma, güclərin səfərbər olunması, müxalifət qüvvələri ilə əməkdaşlığın dərinləşməsinə indidən başlamaq doğrudur. Müxalifətin əlində böyük resurslar yoxdur ki, seçkilərə çox qısa müddət qalmış hazırlığa başlayıb uğura nail ola bilsin. Ona görə də seçki hazırlıqlarını xeyli əvvəldən başlamaq lazımdı".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də deyib ki, rəhbərlik etdiyi partiya hazırda seçki sonrası mühiti dəyərləndirməklə yanaşı qarşıdan gələn növbəti seçkilərə hazırlıq istiqamətində çalışır: "Seçkidən sonrakı dönəmdə partiyanın yerli strukturlarındakı vəziyyəti analiz edirik. Yerli strukturlarımızın vəziyyəti haqqında təsəvvürlər əldə etmişik: "Bələdiyyə seçkilərinin daha geniş bir spektri əhatə etdiyini nəzərə alaraq yerli təşkilatlarımıza bu prosesdə daha aktiv iştirak etmək, öz qüvvələrini sınamaq tapşırığı verilib. Hesab edirəm ki, seçkiyə qədər olan müddətdə aparılan səmərəli iş partiyamızın bələdiyyə seçkilərində uğur qazanmasına gətirib çıxaracaq".

Azərbaycan Demokrat Partiyası da qarşıdan gələn bələdiyyə seçkilərində iştiraka maraqlıdır. Partiyadan verilən məlumatda bildirilib ki, ADP yaxın vaxtlarda bu istiqamətdə ciddi hazırlıq işlərinə başlayacaq. Partiyadan o da bildirilib ki, ADP-də hazırda əsas diqqət növbəti qurultayın keçirilməsinə yönəlib. Məhz həmin qurultayda Azərbaycan Demokrat Partiyasının 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində iştirakı məsələsi də rəsmiləşə bilər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da prezident seçkilərindən dərhal sonra 2014-cü ildə keçiriləcək bələdiyyə və 2015-ci ildə baş tutacaq parlament seçkilərinə hazırlıq prosesinə start verib. Belə ki, bir müddət əvvəl pariyanın rəhbər orqanlarnda bununla bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib. Eyni zamanda yerli təşkilatlara seçkilərə hazırlıq barədə tövsiyyələr verilib. 2009-cu ildə keçirilən sonuncu bələdiyyə seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üçüncü yer tutmasını nəzərə alan  partiya rəhbərliyi  bu dəfəki seçkinin nəticələrinə əsasən bir pillə də irəliləmək istəyir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00