Rusiya “Tramp planı”nı niyə və necə iflasa uğratdı: Bəzi qlobal güclərə sərfəli olan Ukrayna savaşı hələ davam edəcək

ABŞ Ukrayna savaşı üzrə sülh prosesi ətrafında yeni strategiya qurur, rəsmi Kiyev müqavimət göstərir, Rusiya isə "uzatma taktikası"ndan istifadə edir... Ukraynanın məhz siyasi-diplomatik yolla həll olunacağına ümidlər hələ tam tükənməsə də, "sülh masası" onun ətrafındakılar üçün heç vaxt indiki qədər riskli olmamışdı...

ABŞ-ın Ukrayna savaşı ilə bağlı siyasətində müşahidə olunan kəskin dönüş daha da dərinləşməkdə davam edir. Belə ki, prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-ın əsas məqsədi kimi, Ukrayna-Rusiya müharibəsinin siyasi yolla "dondurulması" və ən azı "kağız üzərində" sülh sazişinin mütləq əldə olunması ön plana çıxıb. Son vaxtlar ABŞ mətbuatına siyasi-diplomatik mənbələrdən sızan məlumatlar onu göstərir ki, Tramp administrasiyası Ukraynaya qarşı getdikcə daha açıq və sərt təzyiq mexanizmlərini işə salır. Və Avropa Birliyini isə formalaşmaqda olan yeni geopolitik reallıqla barışmağa məcbur etməyə cəhd göstərir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın dövlət katibi Marko Rubio Avropa Birliyinin rəsmilərinə açıq şəkildə bildirib ki, Ağ Ev rəsmi Kiyevə hər hansı uzunmüddətli təhlükəsizlik zəmanətləri verilməzdən əvvəl sülh sazişinin imzalanmalı olduğuna tam əmindir. Bu isə ABŞ-ın əvvəlki Bayden administrasiyasından fərqli olaraq, indi Ukraynanın gələcək təhlükəsizliyini "müharibədən sonra" deyil, məhz "siyasi razılaşmadan sonra" təmin etməyə hazır olduğunu göstərir. ABŞ-ın dövlət katibi vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünün necə tənzimlənəcəyi ilə bağlı məsələ hələ də açıqdır.

Digər tərəfdən, Ağ Ev təmsilçisi dondurulmuş Rusiya aktivlərinin gələcək taleyinin sülh sazişindən sonrakı müzakirə mövzuları paketinə daxil ediləcəyini də bildirib. Bəzi iddialara görə isə bu, ABŞ-ın imzalanacaq sülh sazişinin mətnində Kremli razı salacaq minimal kompromislərin axtarışında olduğunu göstərir. Ancaq nüfuzlu "The Atlantic" nəşrinin iddasına görə, ABŞ-ın "sülh planı" artıq dalana dirənməyə başlayıb və bu səbəbdən də danışıqlar prosesi gözlənildiyi qədər sürətli inkişaf etmir.

Məsələ ondadır ki , ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin fikrincə, Ukrayna daxilindəki korrupsiya qalmaqalları səbəbindən rəsmi Kiyev Tramp administrasiyası tərəfindən hazırlanmış "sülh planı"na etiraz etməkdə çətinlik çəkəcəkdi. Ancaq bu hesablamalar hələlik özünü o qədər də doğrultmur. Belə ki, Tramp administrasiyası rəsmi Kiyevə qarşı ölkədaxili siyasi təzyiqlərin Zelenski hakimiyyətini sülh razılaşmasına yaxınlaşdıra biləcəyinə ümid bəsləyirdi. Ancaq mövcud situasiya isə onu göstərir ki, Ukrayna yeni "Tramp planı"na ciddi şəkildə müqavimət göstərir, buna paralel olaraq, Rusiya da öz neoimperialist tələblərini yumşaltmaq istəmir.

Beləliklə, sülh prosesi hazırda ABŞ üçün strateji olaraq, "çətin tarazlıq nöqtəsi"nə daxil olmuş kimi görünür. Ancaq "The Economist" nəşri hələ də hesab edir ki, Ukrayna qəbul edilməsi çətin olan kompromislərə sürüklənir, Kremlin mövqeyinə qarşı isə hər hansı təsir cəhdləri yoxdur. Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, Ukrayna və Rusiyanın mövqeləri müəyyən dərəcədə yaxınlaşıb. Ancaq Cenevrədə razılaşdırılmış "sülh planı"nın son variantına Rusiya prezidenti Vladimir Putinin imza atacağına heç kim inanmır.

Qərb mənbələri iddialarına görə, sülh danışıqlarının əsas mahiyyəti Ukraynanın maksimum səviyyədə güzəştlər etməsi, Rusiyanın diqtə etdiyi tələblərin isə rəsmi Kiyevin güzəştlərinə uyğunlaşdırılmasına yönəlik cəhdlərdən ibarətdir. Yəni, hazırda "sülh masası"nda daha çox Kreml öz şərtləri ilə dominant mövqedədir. Ona görə də, indi sülh prosesi Ukrayna üçün "qələbə diplomatiyası" deyil, məhz "zərərdən qaçma diplomatiyası"na çevrilib. Qərb siyasi-diplomatik dairələrinin qənaətinə görə, qarşıdakı aylar Ukrayna savaşının gələcək inkişaf istiqamətləri baxımından, həlledici olacaq. Çünki sülh prosesinin birbaşa, yaxud dolayısı iştirakçıları üçün "bəli" və ya da "xeyr" deməli olacaqları taleyüklü an yaxınlaşır. Və hətta sülhə böyük ehtiyac duyan Rusiyanın belə, bu prosesin sonuna doğru mövqeyini yumşalda biləcəyi istisna edilmir.

Bütün bunlar isə onu göstərir ki, Kreml vaxtı uzadaraq, həm Ağ Evi, həm də rəsmi Kiyevi "yormağa" çalışır, daha sərfəli razılaşma əldə etmək strategiyası yürüdür. Qərb mətbuatının qabartdığı dugər önəmli məqam odur ki, Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları artıq "çevik təsir aləti" kimi görməkdən imtina edir. Hətta Kiyevdə Avropa diplomatları ilə görüşən ABŞ-ın yüksək rütbəli hərbi təmsilçisi Daniel Driskoll bildirib ki, iqtisadi sanksiyalar savaşın gedişatına ümid bəsləndiyi səviyyədə təsir etmədi, ona görə də, Tramp administrasiya "yeni yanaşma" variantına keçid etmək məcburiyyətində qalıb.

Ancaq nə qədər qəribə də olsa, Tramp administrasiyasının həmin "yeni yanaşma"sının konkret nədən ibarət olduğu açıqlanmır. Yalnız siyasi-diplomatik mənbələrin iddialarından belə məlum olur ki, ABŞ birbaşa siyasi razılaşma qarşılığında Rusiya ilə kəskin qarşıdurmanı azaltmaq modelinə keçid etməyə çalışır. Və bu, həm də ABŞ-Rusiya münasibətlərinin gələcək formatının məhz Ukrayna savaşının dayandırılması üzrə sülh prosesində əldə ediləcək qarşılıqlı kompromislərə bağlı ola biləcəyini göstərir.

Belə anlaşılır ki, Tramp administrasiyası Ukrayna savaşı üzrə strategiyasını üç əsas hədəf üzərində qurmağa çalışır. Birincisi, ABŞ üçün Ukrayna müharibəsinin xərcləri artıq ölkədaxili siyasi gərginlik yaradır. Bu baxımdan, imzalana biləcək sülh sazişinin ABŞ-ın maliyyə yükünü və hərbi-siyasi məsuliyyətini azaldacağına ümid bəslənir. Digər tərəfdən, Çinlə amansız rəqabət ABŞ üçün Rusiyanın tamamilə qarşı tərəfə yönəlməsini əngəlləmək ehtiyacı yaradır. Ukrayna savaşının dayandırılması isə ABŞ-a Rusiya ilə münasibətlərdə "idarə olunan qarşıdurma" modelinə keçmək imkanı verə bilər. Nəhayət, ABŞ-ın indiki sülh siyasəti Avropa Birliyinin müstəqil təhlükəsizlik sistemi qurmasını əngəlləmək məqsədi də daşıyır. Və Avropa Birliyinin Rusiya ilə mövcud münasibətlərinin məhz ABŞ-ın mövqeyindən asılı vəziyyətdə qalmasına cəhd göstərilir.

Göründüyü kimi, sülh prosesi demək olar ki, pozitiv məzmun daşımır, əksinə,  sürətlə dalana dirənməyə doğru yönəlib. Belə ki, ABŞ yeni strategiya qurur, Ukrayna müqavimət göstərir, Rusiya isə "uzatma taktikası"ndan istifadə edir. Yeni "Tramp planı" Ukraynanın maraqlarına zidd məzmun daşıyır, Zelenski hakimiyyətinə qarşı isə ölkədaxili təzyiqlər artır. Kremlin son anda yumşalacağına ümidlər zəif olsa da, Ağ Ev "sülh masası"nda qarşıduran tərəfləri razı salmaq üçün siyasi-iqtisadi mexanizmləri hərəkətə gətirməyə hazırlaşır. Ona görə də, Ukrayna savaşının taleyinin cəbhə xəttində deyil, məhz siyasi-diplomatik masada həll oluna biləcəyinə ümidlər hələ tam tükənməyib. Ancaq "sülh masası" onun ətrafındakılar üçün heç vaxt indiki qədər qeyri-sabit və riskli olmamışdı.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31