Şou-biznesdə şok dalğa: məşhur adlar prokurorluğun hədəfində – dosyeyə fahişəlik ittihamları da əlavə olundu

Türkiyə şou-biznesini və sosial media dünyasını silkələyən qalmaqallı istintaq yeni mərhələyə keçib. İstanbul Baş Prokurorluğunun apardığı genişmiqyaslı araşdırmada məşhur simaların adlarının hallanması ölkə gündəmini zəbt edib.

Musavat.com Türkiyə mediasının yaydığı məlumatlara əsasən bildirir ki, ilkin olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başladılan istintaqın əhatə dairəsi xeyli genişlənib.

İstintaq materiallarına sonradan fahişəliyin təşkili və vasitəçiliklə bağlı iddiaların da daxil edildiyi bildirilir.

Yeraltı əyləncə şəbəkələri, lüks məkanlar, sosial media fenomenləri və şou-biznes nümayəndələri ilə bağlı toplandığı iddia edilən materiallar hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Türkiyə mətbuatında yer alan xəbərlərdə bir sıra tanınmış şəxslərin ifadələrinin alındığı, bəzilərinin isə istintaq çərçivəsində nəzarətə götürüldüyü qeyd olunur.

Sosial şəbəkələrdə ən çox müzakirə edilən məqamlardan biri isə dosyedə yeni məşhur adların ortaya çıxa biləcəyi ilə bağlı iddialardır. Xüsusilə maqazin aləmində tanınan şəxslər və milyonlarla izləyicisi olan fenomenlərin istintaq materiallarında yer aldığı barədə xəbərlər böyük rezonans doğurub.

Türkiyə mediası yazır ki, prokurorluq müxtəlif telefon yazışmaları, maliyyə əməliyyatları və əlaqə şəbəkələri üzərində araşdırmaları davam etdirir. İddialara görə, istintaq yalnız ayrı-ayrı şəxsləri deyil, bütöv bir əlaqələr sistemini əhatə edə bilər.

Mövzunun daha da diqqət çəkməsinə səbəb olan amillərdən biri də son aylarda Türkiyədə sosial media fenomenləri və məşhur simalar ətrafında baş verən qalmaqalların artmasıdır. Məhz buna görə də yeni istintaq ölkə ictimaiyyətində böyük maraq doğurub.

Rəsmi qurumlar tərəfindən araşdırmanın davam etdiyi bildirilir. Bununla yanaşı, adı hallanan şəxslər barəsində hələ məhkəmə qərarı yoxdur və onlar qanun qarşısında təqsirsiz hesab olunurlar.

İstintaqın yaxın günlərdə daha da genişlənəcəyi, yeni saxlanmaların və yeni adların ortaya çıxa biləcəyi barədə məlumatlar isə Türkiyə ictimaiyyətində marağı daha da artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31