Azərbaycandan İrəvana üç şərt: Revanşizmdən imtina, sərhədlərin açılması və güvən mədəniyyəti – ÖZƏL
16:03 SiyasətAzərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qətərdə keçirilən "Doha Forumu"nda çıxış edərək, Azərbaycan üçün müharibə və münaqişə dövrünün bitdiyini bəyan edib.
Hacıyev əsas hədəfin sülhü əbədi, davamlı və geri dönməz etmək olduğunu vurğulayıb. O bildirib ki, sülh Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişməli və rifah yaratmalıdır.
"Biz xalqlarımızı sülhə hazırlamalıyıq. Azərbaycanın mesajı odur ki, biz sülh sazişini təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə imzalamaq istəyirik."
Prezidentin köməkçisi Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementlərinin formalaşmasını müsbət qiymətləndirib, lakin xalqlararası etimadın daha önəmli olduğunu qeyd edərək, Azərbaycanın regional liderlik və məsuliyyəti üzərinə götürdüyünü vurğulayıb.

Mövzu ilə bağlı araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı Olaylar.az-a açıqlama verib. Türkoloq bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Doha Forumundakı çıxışı Güney Qafqazda barış gündəminin artıq "siyasi bəyanat" mərhələsindən çıxıb "yeni regional arxitektur" mərhələsinə keçdiyini göstərir.
Bəli, ən önəmli cümlə budur: "Azərbaycan barışı yalnız Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə imzalamaq istəyir".
Ekspert qeyd edib ki, bu fikir özlüyündə üç strateji xəttin konturunu cızmaqdadır: Birincisi,diplomatiyada yeni paradiqma - dövlət-xalq formatı ön plana çıxmış olur:
Azərbaycan çoxdan anlayır ki, Ermənistanın iç siyasi konfiqurasiyası qeyri-sabitdir; hökumətlərin ömrü xalqın psixoloji hazırlığından daha qısadır. Bu səbəbdən "xalqlararası barış" formulu yalnız diplomatik jest sayılmamalı, həm də uzunmüddətli təhlükəsizlik doktrininin vacib sütunu kimi qəbil görməlidir.
Bəs bu necə həyata keçirilə bilər? Mexanizmlərə baxaq:
a) Humanitar və ictimai diplomatiya:
-Azərbaycan-Ermənistan aydınlarının müxtəlif qrupları arasında dialoq platformları;
-İctimai fikrin formalaşmasına təsir edən media işbirliyi;
-Mədəniyyət, incəsənət və təhsil layihələri - birgə sərgilər, regional forumlar və s.;
b) Sərhədyanı işbirliyi formatları:
-Ticarət bağlarının aram-aram bərpası;
-Birgə infrastruktur layihələri (daşımaçılıq, enerji, logistik) və s.
Bu tip mexanizmlər barışı "kağız üzərində razılaşma"dan çıxarıb, "toplumların gündəlik həyatına inteqrasiya olunmuş dəyər"ə çevirir.
c) Gerçəklik əsaslı dialoq: Azərbaycanın ismarıcı apaydındır: Ermənistanla barış yalnız hökumətlər səviyyəsində yox, kollektiv şüurun dəyişməsi ilə mümkün olacaq.
İkincisi, xalqlar arasında rifaha aparan yol - həqiqi barışın iqtisadi dayağı diqqətə alınmalıdır:
Güney Qafqaz bu gün böyük iqtisadi xəritələrin, enerji və daşımaçılıq dəhlizlərinin kəsişmə nöqtəsinə çevrilir. Azərbaycan bu proseslərin lokomotividir.
Əgər Ermənistan bu gerçəkliyi qəbul edərsə:
-bölgə içində ticarət relsləri açılacaq,
-sərhədlər iqtisadi çalışmalar üçün təhlükəsiz bölgələrə çevriləcək,
-yeni əmək bazarları formalaşacaq,
-Gürcüstanla birlikdə üçtərəfli iqtisadi platformlar yaradıla bilər.
Bu, hər iki xalq üçün rifahın ən gerçəkçi ssenarisidir.
Rifahın alternativi - köhnə revanşizm, təcrid və müflisləşmədir - seçim isə İrəvan üçündür...
Üçüncüsü, Azərbaycanın liderlik missiyası - məsuliyyət, güc və humanist yanaşma vurğusudur:
Hacıyevin vurğuladığı "regional liderlik və məsuliyyət" Azərbaycanın son 30 ildə keçdiyi tarixi trayektoriyanın məntiqi sonucudur:
-44 günlük müharibə "gerçəkliklər"i dəyişdi,
-savsşsonrası bərpa bölgə üçün örnək oldu,
-humanitar təşəbbüslər Bakı diplomatiyasının yumşaq güc arsenalını genişləndirdi.
Bu liderlik güc üzərində qurulsa da, məqsəd qarşı tərəfi cəzalandırmaq yox, bölgəni davamlı sabitliyə gətirməkdir.
Gələcək proseslərdə xalqlar arasında rifah mümkün olacaqmı?
Bəli, üç şərtlə:
1. Ermənistan revanşizmdən tam imtina etməlidir.
Barış psixologiyası siyasi sinir sistemindən çox, ictimai düşüncə sistemində formalaşır;
2. Sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması gecikməməlidir.
Sərhədlər açılmadan iqtisadi rifah mümkün deyil;
3. Xalqlar arasında "təhlükəsizlik qorxusu" yox, "güvən mədəniyyəti" yaranmalıdır.
Bu isə diplomatiya ilə yanaşı, həm də humanitar diplomatiyanın işidir.
"Hikmət Hacıyevin Doha ismarıcı göstərir ki, Azərbaycan artıq "savaşsonrası dönəminin arxitekturu"nu qurur.
Barış anlaşmasının Ermənistanda yalnız siyasi elita ilə deyil, xalqın özü ilə bağlanmaq istənilməsi yeni mərhələnin başlanğıcıdır.
Bu mərhələdə Azərbaycan güclü dövlət kimi öz iradəsini ortaya qoyur, məsuliyyətli dövlət kimi bölgənin gələcəyini qurur, humanist dövlət kimi xalqlar arasında güvən körpüsü salır.
Barışın rifaha çevrilməsi mümkündür - gərək bölgənin bütün aktorları bu tarixi fürsəti gecikdirməmiş olsun," - deyə türkoloq sonda vurğulayıb.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova