Müsavat parçalana bilər SİYASİ ANALİZ

Gənclər hərəkətə keçdi, AXCP onları dəstəkləyir

Gənclər Təşkilatına sədr seçkisindən sonra Müsavat Partiyasında yaranmış narazılıq getdikcə böyüyür. GT-nin sabiq sədri Tural Abbaslının başçılıq etdiyi gənclər seçkidə pozuntuların olduğunu bildiriblər. Tural Abbaslı açıq-aşkar narazıdır və görünən odur ki, əsas günahkar kimi başqanlığa iddialı Arif Hacılını görür.  Yeni sədr Əhliman Abbas Arif Hacılının adamıdır. Arif bəy GT-ni nəzarətə almaqla gələcək komandasını formalaşdırır. GT-nin Arif Hacılının nəzarətinə keçməsi Tural Abbaslını narazı salıb. Mətbuata verdiyi açıqlamalardan belə aydın olur ki, Tural bəy başqanlığa iddialıdır və seçki ərəfəsində öz adamının GT sədri olmasını istəyirmiş. Maraqlıdır ki, onun açıqlamaları daha çox AXCPyönlü mətbuatda tirajlanır. Tural Abbaslı bildirir ki, hətta İsa Qəmbərin başqan kimi qalmasından yanadır. Başqanlığa adı hallanan, amma imkanları aşağı qiymətləndirilən Arzu Səmədbəyli də bir zaman bu mövqedən çıxış etmişdi. İndi də Arzu bəy hesab edir ki, İsa Qəmbər qalmalıdır. Başqanlığa iddialıların "İsa Qəmbər qalmalıdır" fikri o deməkdir ki, "Arif Hacılı güclüdür, seçkidə qalib gələ bilər, ona görə də başqan hələ biz güclənənə qədər yerində qalsın". Gənc Tural Abbaslının da narahatlığında bu amil dayanır. Çünki istər Səmədbəyli, istərsə də Abbaslı yaxşı bilir ki, Arif Hacılı ən azı 10 il başqanlıqda qalacaq. Bu isə onların 10 il kənarda qalması deməkdir. Hətta ola bilər ki, Hacılı başqan seçiləndə Tural Abbaslı da daxil olmaqla bir sıra şəxsləri komandasına daxil etməsin. Bu baxımdan Tural Abbaslı bütün gücü ilə ya özünün, ya da Arif Hacılının rəqiblərindən birinin başqan seçilməsinə çalışacaq. Görünən odur ki, Tural Abbaslı Müsavatdan kənar qüvvələrdən də dəstək alır. Bir müddət öncə sosial şəbəkələrdə Tural Abbaslı və komandası ilə söyüşən cəbhəçi gənclər indi onun tərəfindədirlər və fikirlərini tirajlayırlar. AXCP-nin mətbuat orqanları Tural Abbaslını təbliğ edirlər. AXCP-nin Müsavatda Arif Hacılının timsalında güclü başqan istəməmədiyi anlaşılandır. Əli Kərimli Müsavatda İsa Qəmbər kimi başqan istəmir. O istəyir ki, yeni başqan AMİP-də bir zamanlar Etibar Məmmədovu əvəz etmiş Əli Əliyev kimi yumşaq, təsirə düşən olsun. Xatırladaq ki, Əli Əliyev AMİP sədri seçilən kimi AXCP-nin təsirinə düşmüş, Etibar Məmmədovun nəzarətindən çıxmışdı. Arif Hacılı başqan olsa, AXCP ikinci İsa Qəmbərlə üz-üzə qalacaq. Tural Abbaslı, Arzu Səmədbəyli başqan olsa, Müsavat AXCP-nin təsirinə düşə bilər. Çünki bu halda Arif Hacılı da partiyadan istefa verəcək, Müsavatda qalmayacaq. Ümumiyyətlə, başqan seçkisi ərəfəsində Müsavat Partiyasının durumu ürəkaçan deyil. Arif Hacılı başqan seçiləs belə partiyanın bütövlüyünü qoruya bilməyəcək. Arif Hacılı özü çətin durumdadır. O, Rauf Arifoğlunun kursunu müdafiə etsə, partiya elektoratı, narazı kəsim onu dəstəkləməyəcək. Yox, Arif Hacılı Milli Şuranın tərəfinin tutsa-hansı ki radikal görsənmək üçün bu ona lazımdır-o halda, Müsavatın təbliğat maşını ona dəstəyi kəsəcək. Arzu Səmədbəyli Milli Şuraya qarşı çıxdığından, protest elektoratın dəstəyini ala bilməyəcək. Amma Tural Abbaslı hələ mövqe bildirməyib. AXCP-nin təsirinə düşdüyü artıq hiss edilən Abbaslı Milli Şuranı dəstəkləsə, "Milli Şura buraxılsın" deyənləri  tənqid etsə, AXCP bütün gücü ilə onun arxasında olacaq. Bu isə Müsavat Partiyasına kataklizmlər vəd edir.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00