Rusiyanın dörd ölkəni hədəfə almış “çevriliş ssenarisi”: Azərbaycan postsovet məkanını böyük fəlakətdən qurtardı

Rusiyaya bağlı qüvvələrin Azərbaycanda hakimiyyət çevrilişi cəhdləri növbəti dəfə  iflasa uğradıldı, indi bu dövləti cinayətin iştirakçılarının hüquqi məsuliyyətə cəld edilmə prosesi davam edir... "Milyarderlər İttifaqı" avantürasında olduğu kimi, "Dövlət Şurası" oyununda da AXCP-nin iştirakı hər iki cəhdin bir-birinin davamı olduğunu göstərir, Azərbaycanda Rusiyaya bağlı şəbəkənin təmizlənmə prosesi artıq intensiv xarakter daşıyır...

ABŞ və Qərbin Rusiya ilə ənənəvi xarakter daşıyan onilliklər boyu davam edən qarşıdurmasının nəticələri adətən, dünyanın müxtəlif bölgələrində ortaya çıxır. Xüsusilə də, keçmiş SSRİ-nin süqutundan sonra bu proses daha da intensivləşməklə yanaşı, əsasən, məhz postsovet məkanı üzərində fokuslaşıb. Müxtəlif dövrlərdə qarşıdurma bəzi postsovet ölkələrində daxili siyasi böhrana, hakimiyyət dəyişikliklərinə yol açıb. Və belə dövlətlər həm Qərbin, həm də Rusiyanın kobud müdaxiləsi ilə ölkədaxili siyasi sarsıntılara məruz buraxılıb.

Onu da qeyd etmək lazımdır ki, son günlər Azərbaycanın siyasi gündəmini silkələyən "Ramiz Mehdiyev işi" ilə bağlı bəzi məqamlar ölkəmizin də vaxtilə belə kənar müdaxiləyə məruz qaldığını göstərir. Üstəlik, Rusiyanın Azərbaycanda fəaliyyət göstərən "gizli siyasi şəbəkə"sinin, 2013-cü ildə uğursuzluğa düçar olmuş "ssenari"ni bu dəfə nisbətən fərqli modeldə təkrarlamağa cəhd göstərdiyi də məlum olur. Belə anlaşılır ki, əgər, bu "ssenari" reallığa çevrilsəydi, onda, Azərbaycanı ölkə Konstitusiyasına zidd şəkildə hansısa uydurma bir "Dövlət Şurası" idarə edə bilərdi. Və Azərbaycan öz müasir tarixinin ən ağır siyasi böhran dövrünü yaşamalı olardı.

Maraqlıdır ki, Qərb siyasi dairələri və Rusiyanın hər hansı dövlətin daxili siyasi proseslərinə müdaxilə texnologoyaları bir-birindən ciddi şəkildə fərqlənir. Belə ki, ABŞ və Qərb adətən, hər hansı ölkədə hakimiyyəti dəyişmək üçün ilk növbədə müxalifət düşərgəsinin və hökumət əleyhinə propoqandanın maliyyələşdirilməsinə milyardlarla dollar xərcləyir. Buna Tramp administrasiyası dönəmində lazımsız elan edilmiş "Soros" Fondunu göstərmək olar. Çünki məhz "Soros" Fondu, Milli Demokratiya İstitutu və s. kimi qurumlar vasitəsilə "məxməri inqilablar" planlaşdırılıb, reallaşdırılırdı. Və bu qurumların gizli emissarları müxtəlif adlar altında hədəf ölkədə bütün prosesə nəzarət edirdilər.

53043028.png (109 KB) 

Ancaq Rusiyanın müdaxilə texnologiyası daha kobud və bəsit xarakter daşıyır. Belə ki, Kreml heç vaxt Rusiya büdcəsindən hər hansı ölkədə hakimiyyətin dəyişdirilməsinə iriməbləğli maliyyə vəsaiti xərcləmir. Əksinə, Rusiyanın müdaxilə "ssenari"ləri bir qayda olaraq, təhdidkar modelə bağlı olur. Yəni, Rusiyanın maraqlarını riskə atan ölkənin hakimiyyətləri əsasən, hərbi güc vasitəsilə hədələnir, sovet dövründən qalmış "5-ci kolon" hərəkətə gətirilir, rus kəşfiyyatına bağlı gizli "agentura şəbəkəsi" müxtəlif siyasi-psixoloji təxribatlar törədir. Və hədəf ölkələrin daxilində yaradılmağa cəhd göstərilən xaos vəziyyətinə isə "Rus evi" adlanan kəşfiyyat mərkəzləri tərəfdindən nəzarət olunur.

Digər tərəfdən, Kreml hədəf ölkənin siyasi sisteminə Rusiyaya bağlı şəxslərin yerləşdirilməsinə və onların Rusiyanın təhdidkar güc potensialı ilə himayə olunmasına da xüsusi diqqət yetirir. Azərbaycanda buna örnək olaraq, Rusiyaya bağlı Ramiz Mehdiyevin uzun illər Prezident Aparatına rəhbərlik etməsini və onun qurduğu genişmiqyaslı siyasi şəbəkəni göstərmək olar. Çünki dövlətin bir çox strukturlarında, eləcə də, siyasi müxalifət düşərgəsində belə, "Ramiz Mehdiyev şəbəkəsi"nin gizli təmsilçiləri mövcud idi. Və bu, Rusiyaya Azərbaycana kobud təzyiq imkanları qazandıracaq qədər təhlükəli xarakter daşıyırdı.

Ancaq bir önəmli və maraqlı məqam da mövcuddur ki, Kreml postsovet ölkələrində Moskvadan idarə olunan media qurumlarının yaradılmasına, bəzi yerli nəşrlərin və müxalif siyasi funksionerlərin qeyri-rəsmi "satın alınmasına" da xüsusi diqqət yetirir. Üstəlik, bu "satınalmalar"ın bütün xərclərini məhz postsovet ölkələrinin hakim elitalarında təmsil olunan və Rusiyaya bağlı zəngin məmurlar ödəyir. Hətta hədəf postsovet ölkəsində hakimiyyət dəyiçikliyi ilə bağlı konkret "ssenarilər"in icrasına başlandıqda da xərclər Rusiya büdcəsindən çıxmır. Və bunun da Kremlə xas icra mexanizmi mövcuddur.

Məsələ ondadır ki, Kreml milli mənsibiyyət baxımdan, hədəf ölkəyə aid olan, Rusiyada sərvət toplamış oliqarxları bir araya gətirir. Həmin oliqarxları hədəf ölkəyə emissar olaraq göndərir, onların hesabına nüfuzlu müxalif siyasətçilərə, ictimai xadimlərə və media qurumlarına nəzarət xərcləri ödənilir. Bu texnologiya Rusiya tərəfindən artıq bir neçə dəfə tətbiq olunub. Və hər dəfə də bu "ssenari" üzərindən hədəf ölkədə hakimiyyət çevrilişinə cəhd göstərilib.

Maraqlıdır ki, vaxtilə Moldovada məhz bu çevriliş modeli reallaşdırılmışdı. Belə ki, keçmiş SSRİ-nin süqutundan sonra Moldovada uzun illər ərzində kommunistlər hakimiyyəti qorumağı bacarmışdılar. Ancaq onlar hakimiyyəti itirdikdən dərhal sonra Kreml Rusiyaya bağlı moldovan oliqarxı emissar olaraq, Moldovaya göndərdi, bu ölkənin daxili "siyasi təsir alətləri" satın alındı və kommunist İqor Dodonun prezident seçilməsi təmin olundu. Və yalnız prezident Maya Sandunun hakimiyyətə gəlişi Moldovanı yenidən Rusiyadan uzaqlaşdırmağa başladı.

8ef6cf2010573bb321bb71428ee493bc.jpg (60 KB) 

Digər tərəfdən, Kreml Gürcüstanda da vaxtilə oxşar ssenarini reallaşdırmağa nail olub. Belə ki, ABŞ və Qərbin dəstəklədiyi "qızılgül inqilabı" ilə hakimiyyətə gəlmiş prezident Mixail Saakaşvili Gürcüstanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün əlindən gələn hər şeyi edirdi. Ancaq Kremlin reallaşdırdığı "çevriliş planı", prezident Mixail Saakaşvilinin hakimiyyəti dönəmində NATO-ya və Avropa Birliyinə üzvlük siyasəti yürüdən Gürcüstanı yenidən Rusiyanın təsir dairəsinə qaytardı.

Belə ki, Kreml bütün sərvətini Rusiyada qazanmış gürcü milyarder Bidzina İvanişvilini Gürcüstana göndərdi. Bidzina İvanişvili əvvəlcə "Gürcü arzusu" adlı partiya yaratdı. O, yüksək ödənişlər sayəsində müxalif siyasi düşərgənin bir qismini satın aldı, bəzi nüfuzlu ictimai xadimləri öz partiyasının ətrafında birləşdirdi, ölkədaxili propoqanda vasitələrini nəzarətə götürdü, Gürcüstanın baş naziri oldu. Daha sonra isə hakimiyyəti tamamilə "Gürcü arzusu" Partiyasına ötürərək, kənara çəkildi. Və indi Gürcüstanı qeyri-rəsmi şəkildə Bidzina İvanişvili, gürcü milyarderi isə məhz Rusiya idarə edir.

Kreml analoji "çevriliş ssenarisi"ni indi Ermənistanda sınaqdan çıxartmağa çalışır. Belə ki, vaxtilə Kreml Rusiyanın hakim dairələrinə bağlı şəxslərin "çirkli pullar"ını yumaqla varlanmış milyarder Ruben Vardanyanı Azərbaycan ordusunun antiterror əməliyyatına qədər erməni separatçıların nəzarətində olan Xankəndiyə göndərmişdi. Çünki baş nazir Nikol Paşinyana qədər bir qayda olaraq, erməni separatçılara rəhbərlik etmiş hərbi cinayətkarlar - Robert Köçəryan və Serj Sarkisyan Ermənistanda hakimiyyətdə bir-birini əvəz etmişdilər. Və Kreml Ruben Vardanyanı da məhz erməni separatçıların rəhbərliyindən Ermənistan prezidentliyinə "daşımaq" istəyirdi.

Ancaq Azərbaycan ordusunun antiterror əməliyyatları Kremlin bu planını pozdu və Ruben Vardanyan indi Bakıda həbsxanadadır, törətdiyi cinayətlərə görə məhkəmə qarşısında cavab verir. Ona görə də, Kreml tez-tələsik Ruben Vardanyanı əvəzləmək üçün digər erməni milyarder Samvel Karapetyanı önə çıxartdı. Ancaq Rusiyanın "çevriliş ssenarisi"ndən duyuq düşən Paşinyan hakimiyyəti Kremlin bu emissarını həbs etdi, Ermənistandakı Rusiyaya bağlı şirkətini əlindən aldı. Və indi Kreml Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyətini devirmək üçün yeni variantlar axtarmaq məcburiyyətində qalıb.

Nəhayət, Kreml bu "çevriliş ssenarisi"ni Azərbaycanda da artıq iki dəfə sınaqdan çıxarıb. Belə ki, 2013-cü ildə Kremlin təlimatı ilə Azərbaycan hakimiyyətinə qarşı "Milyarderlər İttifaqı" yaradılmışdı. Həmin "ittifaq" hakimiyyəti ələ keçirərək, müstəqil xarici siyasət kursu yürüdən Azərbaycanı yenidən Rusiyanın tam nəzarəti altına qaytarmaq məqsədi güdürdü. Yəni, Kreml Azərbaycana "milyarderlər tələsi" qurmuşdu, əgər, baş tutsaydı, indi ölkə Rusiya siyasi dairələrinin təlimatları ilə idarə olunacaqdı. Çünki "Milyarderlər İttifaqı"nın nəzarəti altında olan "Milli Şura"da təmsil olunanlar əsl məqsədlərini Qərb dəyərləri altında ört-basdır etməyə çalışsalar da, əslində, onların Rusiyaya sərfəli çağırışları, davranışları səhnəarxası planı ifşa edirdi.

1055547e2b6113ddab97454e90ed3dc2.jpg (385 KB) 

Təbii ki, Azərbaycan hökumətinin çevik davranışları və qətiyyətli qərarları Rusiyanın "Milyarderlər İttifaqı" ssenarisinin baş tutmasının qarşısını aldı. Halbuki, bu "ittifaqı" təmsil edən milyarderlərin nəzarətində onmilyardlarla dollar vəsait mövcud idi. Onların Azərbaycandakı emissarları siyasi müxalifət düşərgəsinin bir qismini və bəzi nüfuzlu ictimai xadimləri satın almağa nail olmuşdular. Hətta satın alınmış siyasi müxalifət düşərgəsinin nəzarətində olan mətbuat qurumları ilə yanaşı, yeni propoqanda vasitələri də yaradılmışdı. Prosesin davamındasa, Kremlin qurduğu "Milyarderlər İttifaqı" tərəfindən idarə olunan "Milli Şura"nın hakimiyyətə gətirilməsi nəzərdə tutulurdu. Rusiya məhz bu "ssenari" sayəsində Azərbaycana nəzarəti bərpa edəcəyinə ümid bəsləyirdi.

Ancaq rəsmi Bakı Azərbaycanın müstəqilliyini məhdudlaşdırmaq məqsədi daşıyan, seçki ərəfəsində ölkədaxili xaos yaradaraq, hakimiyyətin ələ keçirilməsini hədəfləyən Rusiyanın bu "layihə"sini iflasa uğratdı. Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirdi. Rusiyanın "çevriliş layihəsi"nə - "Milyarderlər İttifaqı"na xidmət edən Kremlin Azərbaycandakı təsir şəbəkəsinin dövlət orqanlarından təmizlənməsi isə kifayət qədər zaman aldı. Bu şəbəkənin rəhbəri Ramiz Mehdiyevin öz postunu itirməsindən sonra bu qruplaşmanın çöküşü qaçılmaz oldu. Və bu, müstəqil Azərbaycanın kobud xarici müdaxiləni boşa çıxartmaq qabiliyyətinin, siyasi potensialının yüksək səviyyədə olduğunu göstərir.

Maraqlıdır ki, məhz bu reallıq bir müddət öncə də özünü qabarıq şəkildə biruzə verdi. Belə ki, Rusiyanın Azərbaycandakı  məlum şəbəkəsinin son cəhdləri rəsmi Bakının sərt reaksiyası ilə bloklandı. Təqaüdə göndərilmiş Ramiz Mehdiyev sakit həyat rejiminə keçmək əvəzinə, yenidən hakimiyyəti ələ keçirtmək və Rusiyaya xidməti davam etdirmək niyyətinə düşdü. Hətta Rusiya siyasi dairələrinə müraciət edərək, Azərbaycanda hakimiyyət dəyişikliyinə və "Dövlət Şurası" adlı Konstitusiyaya zidd uydurma qurumun yaradılmasına Kremldən dəstək istədi. Və Azərbaycanın hüquq-mühafizə orqanları dərhal hərəkətə keçərək, hakimiyyəti ələ keçirtməyə yönəlik növbəti cəhdin də qarşısını aldılar.

Beləliklə, Rusiyaya bağlı qüvvələrin Azərbaycanda hakimiyyət çevrilişi cəhdləri ikinci dəfə də iflasa uğradılmış oldu. İndi bu cəhdlərin iştirakçılarının hüquqi məsuliyyətə cəld edilmə prosesi davam edir. "Milyarderlər İttifaqı" avantürasında olduğu kimi, "Dövlət Şurası" oyununda da AXCP-nin iştirakı hər iki cəhdin bir-birinin davamı olduğunu göstərir. Ona görə də, bu iki cəhdin eyni istintaq işində birləşə biləcəyi də istisna deyil. İndi Azərbaycanda Rusiyaya bağlı şəbəkənin təmizlənmə prosesi artıq intensiv xarakter daşıyır. Və belə anlaşılır ki, Azərbaycan Kremlin ənənəvi "çevriliş ssenarisi"ni iflasa uğradaraq, əhəmiyyətdən salmaqla, əslində, bütün postsovet məkanını gələcəkdə ola biləcək analoji cəhdlərdən xilas edib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31