İctimai Palatanı kim xortladır?

Müsavat Milli Şura formatını istəmir

Ötən həftə Müsavat Partiyasının təşəbbüsü ilə İctimai Palata rəhbərlərinin toplantısı keçirilib. Bundan öncə Müsavata yaxın şəxslər Pənah Hüseyn və Rauf Arifoğlu İctimai Palatanı gündəliyə çıxarmış, sonuncu qurumun bərpa edilməsini təklif etmişdi. Bu təklif Milli Şuradan təpki alsa da, Müsavatda tərəfdarlar qazandı. Çünki partiyada hesab edirlər ki, Milli Şura daha çox AXCP-nin işinə yarayır. Müsavat isə İctimai Palatanı qaldırmaq istəyir. Bu günlərdə İctimai Palata Müsavat başqanı İsa Qəmbər səviyyəsində gündəliyə gətirilib. Xəbər saytlarının məlumatına görə, İctimai Palatanın Koordinasiya Şurasının dönəm sədri İsa Qəmbərin təşəbbüsü ilə qurumun növbədənkənar toplantısı çağırılıb. Məlumatı da saytlara  İP KŞ-nin üzvü Rauf Arifoğlu məlumat verib. Onun sözlərinə görə, toplantının gündəliyində ölkədəki ictimai-siyasi durumla, siyasi motivli məhkəmələr, mediaya basqılarla bağlı məsələlər durur. "İctimai Palatanın bundan sonrakı taleyi, mövcudluğu da müzakirə predmetidir".

Göründüyü kimi baş yazar İP-in dağılmasını istəmir. Bu, təbiidir. Rauf Arifoğlu Milli Şuranın başından "rus projesi" hesab edir, indi də o cür düşünür, Şuranın da üzvü deyil. R.Arifoğlu İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür. Və bu üzdən də İP-in buraxılmasını istəmir. Rauf Arifoğlu ilə Əli Kərimli, "Azadlıq" qəzeti və digər AXCP fəalları arasında narazılıq, ziddiyyət və çəkişmə var. Baş yazar bu üzdən İP-I qorumaq istəyir. AXCP güclü çıxıb Milli Şuranı gücləndirsə, İP dağılsa, Rauf Arifoğlunun mövqeləri zəifləyəcək. Baş yazar bütün gücünü qoyub ki, İP qorunsun. Onun "Yeni Müsavat"a abunə kampaniyası əslində əzələ nümayişi idi. Baş yazar AXCP-dəki rəqiblərinə mesaj verdi ki, baxın, mənim arxamda bu qədər adam var, amma siz bu cür kampaniya apara bilməzsiniz.

Müsavat başqanı İsa Qəmbəri də indiki halda AXCP ilə savaşa dartan Rauf Arifoğlunun iddialarıdır. Amma Milli Şuranın buraxılması Müsavat rəhbərinin öz marağına da daxildir. Mətbuata son açıqlamasında Müsavat başqanı bu fikri tirajlamağa çalışıb. Müsavata yaxın saytlar artıq Şuranın perspektivsiz olduğu fikrini formalaşdırmağa çalışırlar. Güman ki, Müsavat bu təbliğatı daha da gücləndirəcək, Milli Şuranın buraxılmasına nail olacaq. Müsavata yaxın KİV-lərdən biri yaxın günlərdə Eldar Namazovun, Rüstəm İbrahimbəyovun da Milli Şuradan istefa verəcəyini xəbər verib. Bu artıq ideoloji diversiyadır. Müsavat çalışır ki, Milli Şura öz-özünə dağılsın, AXCP-nin İctimai Palatanı seçməkdən başqa yolu qalmasın.

Maraqlıdır ki, AXCP  hələ ki Milli Şuraya hücumlara, İP-in bərpası təşəbbüslərinə reaksiya vermir. Rauf Arifoğlu bu məsələdə israrlıdı. Baş yazar öz kursuna İsa Qəmbəri də ortaq edə bilsə Milli Şurada parçalanma qaçılmaz olacaq. Əks halda Müsavatın özündə problemlər yaranacaq.

Ərhun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00