“Əfqanıstanda vətəndaş müharibəsi baş verə bilər” - FİKİR

Elman Nəsirov: “ABŞ qoşunları Əfqanıstanı tərk etdikdən sonra Taliban rejimi yenidən Əfqanıstanı ələ keçirəcək”

ABŞ prezidenti Obama Əfqanıstandakı ABŞ hərbiçilərinin sayını bu qış 34 minə salacaqlarını açıqlayıb. ABŞ tarixinin ən uzun sürən müharibəsini bitirəcəklərini bildirən Obama gələn il təhlükəsizliyin əfqan hərbi qüvvələrinə veriləcəyini söyləyib. Bu barədə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov "OLAYLAR" İA-nə bildirib.

Elman Nəsirov deyib ki, ABŞ prezidenti Barak Obama beynəlxalq terrorizmə qarşı mübarizə prosesində sələfi oğul Corc Buşdan fərqli siyasət həyata keçirəcəyini bəyan edib. Politoloqun sözlərinə görə, bu siyasətin əsas fərqli cəhəti odur ki, Obamaya görə beynəlxalq terrorizmə qarşı mübarizənin ön cəbhəsi İraq deyil məhz Əfqanıstandır. Ona görə də Obama İraqdan qoşunların çıxarılması prosesini reallaşdırdı və hədəfində isə Əfqanıstan və Əfqanıstanda təhlükəsizlik məsələlərini yerli qüvvələrə təhvil vermək və ABŞ və müttəfiqlərinin qoşunlarının 2014-cü ildə Əfqanıstandan tam çıxarılmasına nail olmaqdır. Yəni bu xətt müəyyən edilib və bu istiqamətdə işlər gedir.

Gənc professor vurğulayıb ki, ABŞ-ın mövqeyinə görə, Həmid Kərzai hökuməti bu vəzifənin öhdəsindən gələ bilər və ilkin olaraq 34000 qoşunun orada saxlanması, sonra isə ümumiyyətlə bütün qoşunların çıxarılması nəzərdə tutulub. Eyni zamanda politoloq onu da diqqətə çatdırıb ki, başqa bir həqiqət də var ki, bu gün NATO rəhbərliyi və eyni zamanda ABŞ rəhbərliyini düşündürən məsələ təkcə qoşunların çıxarılması deyil, qoşunlar çıxarıldıqdan sonra Əfqanıstandakı vəziyyətdir:

"Məsələ ondadır ki, bu gün bir sıra Qərb ekspertləri özləri də qeyd edirlər ki, Taliban rejiminin bəyanatlarına qarşı diqqətli olmaq lazımdır. Həmin bəyanatlarda belə fikirlər var ki, Birləşmiş Ştatların qoşunları Əfqanıstanı tərk etdikdən sonra Taliban rejimi yenidən Əfqanıstanı ələ keçirəcək".

Politoloq Əfqanıstanın mövqeyini şərh edərkən bildirib ki, bugünləri ABŞ-a loyallıq göstərən müxtəlif qüvvələr əslində ABŞ ölkəni tərk etdikdən sonra əks mövqedə dayanacaq və daha çox "Taliban" tərəfə keçəcəklər. Bu cür yanaşmalar da mövcuddur. Ona görə də 2014-cü il nə qədər həlledici il olsa da belə eyni zamanda çox mürəkkəb il olacaq çünki Əfqanıstan tarixində dəfələrlə bunun şahidi olmuşuq ki, İngiltərə qoşunları ölkəyə daxil oldu və çıxdı, onlar çıxdıqdan sonra ölkədə vətəndaş müharibəsi baş verdi. Sovet qoşunları daxil oldu və onlar çıxdıqdan sonra kimlər ki, Sovet İttifaqı ilə əməkdaşlıq etmişdilər onlarla əməkdaşlıq etməyənlər arasında vətəndaş müharibəsi baş verdi. İndiki vəziyyətdə də ABŞ-ın qoşunları çıxdıqdan sonra Əfqanıstanda vətəndaş müharibəsinin olacağını söyləyənlər var. Elman Nəsirov hesab edir ki, ABŞ-ın qoşunlarının Əfqanıstanı tərk etməsi bütün qoşunların ölkəni tərk edəcəyi kimi qəbul edilməməlidir. Yəni orada müəyyən müddət məhdud sayda hərbi qüvvələr saxlanılacaqdır. Onlar daha çox təlim ilə məşğul olacaqlar. Təlim işləri adı altında xeyli qüvvə saxlanıla bilər:

"Bu plan sıfır nöqtəsinə qayıtmaq kimi qəbul edilməməlidir. Yəni burada müəyyən müddətdə ABŞ kontingenti qalacaq. Onlar tam əmin olduqdan sonra ki, Əfqanıstan özü öz təhlükəsizliyinə təminat verə bilir o zaman qoşunları tam şəkildə ölkədən çıxara biləcəklər".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00