“Qorxu hissi Ermənistanı analoji addımdan çəkindirir” - Elman Nəsirov

“Qondarma “DQR”-in Ermənistan parlamentində tanınması bütövlükdə regionda təhlükəsizlik arxitekturasını kökündən dağıda bilər”

Noyabr ayının 12-də Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası"nın tabnınması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd edək ki, qanun layihəsinin təşəbbüskarı "İRS" partiyasının rəhbəri Zariu Postcanyandır. Politoloq Elman Nəsirov "OLAYLAR"a açıqlamasında deyib ki, bu ilk belə hadisə deyil. Dəfələrlə bu məsələni gah Daşnaksütyun, gah İrs partiyası parlament səviyyəsinə çıxarıb və qondarma Dağlıq Qarabağ respubublikasının tanınmasına nail olmaq istəyiblər, amma hər zaman Ermənistan iqtidarı bunun əleyhinə olub: "Əgər bu baş verərsə, belə olan təqdirdə Ermənistan tərəfinin bu qondarma respublikanı tanınması anlamına gələr və bu vəziyyətdə isə ümumiyyətlə danışıqlar prosesi kökündən kəsilmiş olar. Danışıqlar prosesi kəsildikdə isə alternativlər yarana bilər. Alternativ isə müharibədir. Bu müharibəni isə ATƏT-in Minsk qrupu və beynəlxalq birlik istəmir. Bu müharibədə Ermənistanın hansı fəlakətlə üzləşəcəyini də Ermənistan rəhbərliyi bilir. Ona görə də bu qorxu hissi və eyni zamanda fəlakətin böyük masştabı Ermənistan rəhbərliyini analoji addımlardan çəkindirir".

Politoloq hesab edir ki, tanınma prosesi reallaşması Ermənistan - Azərbaycan arasında danışıqlar prosesinin kəsilməsinə gətirib çıxaracaqdır. Elman Nəsirovun sözlərinə görə, həmsədrlər artıq həm Ermənistan, həm də Azərbaycan preziodentləri ilə noyabr ayının sonunda danışıqların baş tutması üçün razılıq əldə ediblər. ABŞ prezidenti öz təbrik məktubunda da bu məsələyə toxunub və bu hadisəyə müsbət yanaşdıqlarını qeyd edib.

"Qondarma Dağlıq Qarabağ Respublikasının Ermənistan parlamentində tanınması bütövlükdə regionda təhlükəsizlik arxitekturasını kökündən dağıda bilər. Belə olan vəziyyətdə də artıq sülh danışıqları yox, müharibə ilə bağlı proseslərə start verilə bilər", - deyə politoloq fikirlərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00