İran ABŞ prezidentinin məktubuna görə sərhədi bağlamışdı? - AÇIQLAMA
Elman Nəsirov: “Amerika-İran münasibətlərində kövrək də olsa istiləşmə tendensiyası var”
14 Noyabr 2013 14:57 SiyasətPrezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov İran-Azərbaycan sərhədinin bağlanmasına münasibət bildirib.
Politoloq qeyd edib ki, İran - Azərbaycan sərhədinin bağlanması artıq öz həllini tapmış bir məsələdir. Elman Nəsirovun sözlərinə görə, hər iki tərəf məsələ ilə bağlı bir-birini ittiham edirdi: "İran tərəfi bildirirdi ki, ilk addımı Azərbaycan atıb. Azərbaycan tərəfi isə öz növbəsində məsələni bu cür izah elədi ki, burada azərbaycanlıya qarşı atəşin açılması və s. kimi sərhəd insidenti olmuşdu. Bunlar səbəb kimi göstərilirdi".
Politoloq deyib ki, İran tərəfi sərhədlərin açılması ilə bağlı artıq qərar qəbul edib. Sadəcə olaraq bu proseslərin baş verməsi və ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidentini üçüncü dəfə prezident seçilməsi münasibəti ilə təbrik etməsi fonunda bəzi siyasi dairələr belə bir informasiya yayırlar ki, bu təsadüfən deyil, guya İran tərəfi Amerika tərəfinin təbrik məktubundan sonra bu addımı atıb. Elman Nəsirov hesab edir ki, bu yanaşma kökündən səhvdir. Ən azı o səbəbdən ki, İran tərəfinin özünün artıq ABŞ lideri Barak Obama ilə çox ciddi təmasları yaranıb. 5+1 danışıqları formatında da irəliləyişlərin olacağı barədə ABŞ-ın dövlət katibi Con Kerri məlumat verib. Yəni ikitərəfli ABŞ-İran münasibətlərində kövrək də olsa bir istiləşmə tendensiyası var.
Belə olan təqdirdə politoloq hesab edir ki, o yanaşma düzgün deyil ki, ABŞ prezidentinin Azərbaycan prezidentinə ünvanladığı təbrik məktubu İranın bu addımını şərtləndirib("OLAYLAR" İA).