Müsavatda “İsa Qəmbər, qal” kampaniyası başlandı - SİYASİ ŞƏRH

Partiya fəalları başqanın yoxluğunda Əli Kərimlinin önə çıxacağından ehtiyat edirlər

Müsavat Partiyasında başqanlıq müzakirələri davam edir. Seçki dönəmində kölgədə qalmış məsələ yenidən aktuallaşıb. Hazırkı durum belədir ki, hələ ki İsa Qəmbər sözünü geri götürməyib. Nizamnamə də dəyişməyib. Nizamnaməyə görə, hazırkı başqan daha başqan seçilə bilməz. İsa Qəmbər də gedəcəyini deyib. Başqanlığa da tək namizəd Arif Hacılıdır. Məclis sədri Arzu Səmədbəyli ondan gənc və təcrübəsizdir. Arif Hacılı uzun müddət təşkilati məsələlərə baxıb, rayon şöbələri ilə sıx ilişkiləri var. Qurultayda onun başqan seçilməsi tamamilə realdır və maneəsiz işdir. Arif Hacılı bir halda başqan olmaya bilər: İsa Qəmbər başqa namizəd irəli sürüb onu dəstəkləsə. Amma görünən odur ki, İsa Qəmbər başqanlıqdan getmək istəmir. Deyəsən, hazırkı başqan dediyinə peşman olub. Hər halda partiya funksionerlərinin (onların əksəri də başqana yaxın adamlardır) son günlər verdiyi açıqlamalar belə deməyə əsas verir. Partiyanın qadın fəallarının əksəriyyəti "İsa Qəmbər qalsın" ideyasını təbliğ edirlər. Müsavat Partiyası Divanının üzvü professor Nüşabə Sadıxlı "Yeni Müsavat"a müsahibəsində İsa Qəmbərin Müsavat başqanlığından getməsinin əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, İsa Qəmbər Müsavat Partiyasını taleyin ümidinə qoyub gedə bilməz.

Başqa bir Divan üzvü Almaz Əliqızı da N.Sadıxlının fikirlərini bölüşdüyünü bildirib. O, hesab edir ki, hər partiyanın öz məqsəd və məramları var. Biz hələ istədiyimizə çata bilməmişik: "Bu nöqteyi-nəzərdən belə bir vaxtda mən də Nüşabə Sadıxlının fikirlərini bölüşürəm. İsa bəy kimi bir insanın başqan kimi qalması çox təbiidir və lazımdır. Bu, mənim istəyimdir. Mən  istəyərdim, İsa bəy başqanlıqda qalsın". Partiyanın Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü deyib ki, İsa Qəmbər əgər öz namizədliyini verməyəcəksə, başqanlıqdan gedəcəksə, bu o demək deyil ki, partiyadan da gedir. "Xeyr. İsa bəy partiyanın lideri olaraq qalacaq. Partiyanın bütün gücü, ağırlığı, məsuliyyəti, sözsüz ki, müsavatçıların çiynində olduğu kimi onun başqanının, liderinin də çiynində olacaq"-deyə o, bildirib.

Siyasi müşahidəçilərin fikrincə, müsavatçı xanımların mövqeyi əslində Müsavat rəhbərliyinin narahatlığıdır. Müsavatda hesab edirlər ki, İsa Qəmbər başqanlıqdan getsə, AXCP sədri Əli Kərimli ana müxalifət lideri olacaq. Bu üzdən Nizamnaməni dəyişmək bahasına olsa belə, hazırkı status-kvonu saxlamaq istəyirlər. Arif Hacılı və komandası başqanlığa hazırdır. Onlar da bilir ki, İsa Qəmbərdən sonra itki olacaq. Həm partiyadan gedənlər olacaq (AXCP-yə transferlər qaçılmazdır), həm də yeni başqan təcrübəli AXCP sədrindən arxada gələcək. Bununla belə Arif Hacılı itkiləri də hesablayaraq başqanlığa razıdır. Amma digər funksionerlər bunu istəmirlər. O cümlədən qadın fəallar.

Bu arada Müsavatda Rauf Arifoğlunun mövqelərini möhkəmləndirməsi aşkar görünür. Ehtimal var ki, "İsa Qəmbər qalsın" kampaniyası həm də Rauf Arifoğlunun təşəbbüsüdür. O da Arif Hacılının başqan olmasını istəmir və başqan seçimlərini bir müddətə ertələmək niyyətindədir. Böyük ehtimalla, qadın fəalların dediyi kimi də olacaq. İsa Qəmbər başqanlıqdan çıxıb lider olacaq. Yeni başqan isə onun kölgəsində qalacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00