Prezident İlham Əliyev: "Türkiyə-Azərbaycan əlaqələri bizim gücümüzü daha da artırır" - YENİLƏNİB - FOTO

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 13-də hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

Əvvəlcə Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etdilər.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli Prezident, əziz qardaşım İlham Əliyev.

Hörmətli nazirlər.

Dəyərli mətbuat nümayəndələri.

Dəyərli iştirakçılar, xanımlar və cənablar.

Sizlərə "bir millət, iki dövlət" idealının nümayəndələri olan iki ölkə - Türkiyə-Azərbaycan xalqlarının hazırda təmsilçiləri olaraq bu gün keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra yeddi müqavilə və protokolla nəticələndirdiyimiz görüşlərin əhəmiyyətini qeyd edir və sizləri salamlayıram.

Bildiyiniz kimi, cənab İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə prezidentlik vəzifəsinə böyük səs çoxluğu ilə üçüncü dəfə seçilmişdir. Bu münasibətlə qardaşım cənab İlham Əliyevi hamınızın qarşısında bir daha ürəkdən təbrik edirəm və Azərbaycanın gələcəyi naminə bu seçkilərin xeyirlərə nəsib olmasını, uğurlarla dolu olmasını diləyirəm.

Məmnunedici fakt olaraq Azərbaycandakı prezident seçkilərini Türkiyədən 35 parlament üzvünün izlədiyini xatırlatmağın faydası olduğunu düşünürəm. Türkiyə və Azərbaycan olaraq Qafqazda sülhün, sabitlik və rifahın təmin olunması baxımından çox ciddi səylər göstərir. Bu gün həm ikitərəfli, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə bütün bu məsələləri nəzərdən keçirmək imkanı əldə etdik.

Həm hərbi, həm siyasi, həm iqtisadi, həm ticarət, həm də mədəniyyət sahələrində gələcəyə yönəlmiş hansı işləri görəcəyik, bu günə qədər hansı işlər gördük - bunların hamısını müzakirə etdik. Hazırda iki ölkə arasında ticarətin həcmi 4,2 milyard dollara çatmışdır. Gələcəkdə bunu 15 milyard dollara çatdırmaq üçün işlərimizi sürətləndirməyi davam edəcəyik. Xüsusilə, qeyd etmək istəyirəm ki, dünən həm Prezident Abdullah Gül, həm qardaşımız Prezident İlham Əliyev mühüm strateji obyektlərimizə baxış keçirərkən bu sahədə də hansı işləri görə biləcəyimizlə bağlı yenə də fikir mübadiləsi apardılar.

Əlbəttə ki, ölkələrimiz arasında strateji əhəmiyyətə malik olan enerji sahəsində addımlar atırıq və atacağıq. Bunlardan biri bilirsiniz ki, hazırda müzakirə edilən TANAP layihəsidir. Bu tarixi layihəni ilin sonuna qədər başa çatdıraraq inşallah 2014-cü ilin əvvəlində təməlini qoyaraq bu istiqamətdə işləri başlayacağıq. Təbii ki, TANAP-dan başqa hazırda bir çox işlər görülür. Məlumdur ki, Bakı-Tbilisi-Ceyhan layihəsi daha əvvəl açılışını etdiyimiz bir layihə idi. Bu, Azərbaycan neftinin Ceyhan limanından dünya bazarlarına daşınması layihəsi idi. Bu layihəyə uğurla başlandı və hazırda uğurlu bir şəkildə davam edir.

Digər mühüm addım bildiyiniz kimi, "Şahdəniz" layihəsidir ki, bu layihə də eyni şəkildə davam edir. Daha bir addım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir ki, bu layihə də sürətli şəkildə davam edir. Bu layihədə də işlər sona yaxınlaşmadadır. Onun da açılışını etməklə sanki dəmir yolu şəbəkəsi ilə ölkələrimizi hörəcəyik. "Marmaray" layihəsi ilə bunlar birləşəcəkdir. "Marmaray" layihəsi ilə birləşdikdən sonra da Bakı-Tbilisi-Qars dəmir yolu xəttini əhatə edəcək şəkildə Pekindən Londona qədər dəmir yolu şəbəkəsi olacaqdır. Eyni zamanda, İğdırdan Naxçıvana təbii qaz kəmərinin çəkilməsi ilə əlaqədar görəcəyimiz işlərlə bağlı müzakirələr aparıldı. Hətta İğdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması ilə bağlı məsələ də müzakirə edildi. Bununla əlaqədar işlər, inşallah, başlayır. Bu addımları da qəti şəkildə atırıq.

Təbii ki, Dağlıq Qarabağ münaqişəsi hazırda Azərbaycanın hansı səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir. Bu, bizim üçün Qafqazda sülhün, qardaşlığın, təhlükəsizliyin təmin olunması baxımından çox önəm verdiyimiz bir məsələdir, xarici siyasətimizdə əsas məqsədlərdən biridir. Bu məsələni diqqətdən kənarda saxlamaq mümkün deyildir. Bunun tezliklə, sülh və dialoq yolu ilə həll edilməsi üçün Azərbaycana şəksiz dəstəyimiz davam edir. Təbii ki, burada ATƏT-in Minsk qrupunun üzərinə çox böyük məsuliyyət düşür. Yəni, ABŞ, Rusiya, Fransa bu işi daha dərindən, ciddi şəkildə, davamlı surətdə diqqətdə saxlamalıdırlar. Türkiyə olaraq biz nələr edə biləcəyimizi müzakirə etdik. Davamlı sülhün necə təmin olunacağı məsələlərini aramızda dəyərləndirdik.

Əziz dostlar, bu gün məmnuniyyətlə qeyd etməliyəm ki, Azərbaycan ilə siyasi əlaqələrimiz mükəmməl və problemsiz şəkildə davam edir. Cənab İlham Əliyevlə görüşümüzdə ticarət əlaqələrimizlə yanaşı, siyasət və mədəniyyət sahələrində münasibətlərimizin genişləndirilməsinin əhəmiyyətini xüsusilə vurğuladıq. Avrasiyanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən enerji layihələrindən danışdıq. Azərbaycanın təbii qazının veriləcəyi Balkanlarda, xüsusilə də bölgədəki ölkələrdə birgə hansı işləri görə biləcəyimizi nəzərdən keçirdik.

Türkiyə və Azərbaycan olaraq Trans-Anadolu və "Cənub" dəhlizi layihələrinin həyata keçirilməsi məsələsində ciddi mövqe nümayiş etdirməklə fikirlərimizi bildirdik. Təbii ki, strateji əməkdaşlığımızın mühüm layihələrindən biri olan bu məsələnin diqqətdə saxlanılması barədə fikirlərimizi bölüşdük.

"Marmaray" layihəsi ilə birgə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi Qərbi Avropadan çıxan bir qatarın birbaşa Xəzər sahillərinə, oradan isə Aktau və Türkmənbaşı limanlarından Pekinə çatmasını da mümkün edəcəkdir. Bu da təbii ki, mühüm bir addımdır.

Bugünkü görüşlərimizdə, həmçinin Naxçıvanla bağlı məsələni də müzakirə etdik. Bu məsələ bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Arzu edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunsun. Azərbaycanın işğal altındakı bölgələri azad ediləndən sonra Naxçıvanın nəqliyyat problemi aradan qalxacaqdır. Xüsusən də dəmir yolu xəttinin çəkilməsi həm Naxçıvanın nəqliyyat probleminin həllinə, həm də bölgədə sülhə çox ciddi töhfələr verəcəkdir.

Bugünkü toplantımızda xüsusilə qardaşım Prezident İlham Əliyevə bir daha minnətdarlıq edirəm. Azərbaycanda fəaliyyət göstərən iş adamlarımızdan indiyə qədər alınan vergi rüsumları 1270 dollar idi. Bu məsələni qarşı tərəfə çatdıranda müzakirədə çox fərqli bir təkliflə çıxış edib "bunu 50 dollara endirək" dedilər. Beləliklə, bunu 50 dollara qədər endirdik. Bir az sonra da bu saziş ayrıca imzalanacaqdır.

Xüsusilə, bu səmimiyyətə, görülən işlərə görə bir daha minnətdarlığımı bildirirəm. Bu səfərin hər iki ölkə üçün xeyirli olmasını diləyirəm.

Daha əvvəllər də müzakirə etdiyimiz viza məsələsinə gəldikdə, bu məsələsini xüsusilə iqtisadiyyat nazirlərimiz nəzarətdə saxlayacaqlar. Viza alınmasının həm elm adamları, həm tələbələr, həm də iş adamları üçün çətinlik yaratmaması məsələsinin iqtisadiyyat nazirlərimiz tərəfindən dəyərləndirilməsini müzakirə etdik. Planlı olaraq bu istiqamətdə ilk addımları daha çox iş adamlarımıza görə atacağıq.

Çox təşəkkür edirəm. Sözü Azərbaycan Prezidenti İlham Əliyevə verirəm.

Prezident İlham Əliyevin bəyanatı

- Sağ olun əziz qardaşım, hörmətli cənab Baş nazir.

Hörmətli xanımlar və cənablar.

Hörmətli mətbuat nümayəndələri.

İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Prezident seçkiləri ilə bağlı təbrikinizə görə də minnətdaram. Təbii ki, prezident seçkilərindən sonra ənənəvi olaraq ilk rəsmi səfərim Türkiyəyə edilən səfərdir. Bu, bir ənənədir. Bu ənənəni biz yaratdıq. Əminəm ki, bizdən sonra gələnlər də bu ənənəyə sadiq qalacaqlar. Bu, belə də olmalıdır. Çünki Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir. Bəlkə də dünyada ikinci belə ölkələr tapmaq çətindir ki, bir-birinə bu qədər bağlı olsun, bir-birinə bu qədər dəstək versin. Bu dəstək bizi gücləndirir.

Türkiyənin uğurlu inkişafı bizim inkişafımızdır, Türkiyənin gücü bizim gücümüzdür. Bu gün mən əziz qardaşım Baş naziri son illər ərzində onun liderliyi ilə Türkiyədə əldə edilmiş bütün uğurlar münasibətilə ürəkdən təbrik etdim. Bunlar tarixi uğurlardır, böyük uğurlardır.

Son 10 il ərzində Türkiyə böyük və şərəfli yol keçmişdir, ağır iqtisadi vəziyyətdən şərəflə çıxa bilmişdir. Bu gün dünya çapında Türkiyə güclü dövlətlər sırasındadır, "Böyük iyirmiliyin" üzvüdür. Dünyada gedən proseslərə Türkiyənin təsir imkanları getdikcə artır, gələcəkdə daha da artacaqdır. Türkiyənin razılığı olmadan bölgəmizdə heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu, bizi sevindirir, bizi gücləndirir. Biz də öz növbəmizdə çalışırıq ki, Türkiyə-Azərbaycan əlaqələri bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin.

Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da bu birliyin təzahürüdür. Cənab Baş nazirin dediyi kimi, toplantı əsnasında iki mühüm məsələ bir an içərisində öz həllini tapmışdır. Bu, onu göstərir ki, bizim bir-birimizə olan hörmət, məhəbbət, bağlılıq o qədərdir ki, istənilən məsələ asanlıqla öz həllini tapa bilər. Biz çalışırıq və çalışmalıyıq ki, həm dövlətlərarası əlaqələr, iş adamları arasındakı əlaqələr, mədəni əlaqələr inkişaf etsin və eyni zamanda, insanlar arasında olan bağlılıq daha da sıx olsun.

Tale elə buyurdu ki, yetmiş il ərzində biz bir-birimizdən ayrı düşmüşdük. Ancaq xalqlarımızın qəlbində olan sevgini o ayrılıq söndürə bilməmişdir. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə ilə əlaqələr qurdu. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və o gündən bu günə qədər biz daim Türkiyənin dəstəyini hiss edirik. Bu, bizə əlavə güc verir. Xüsusilə bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində biz daim Türkiyəyə arxalanırıq, güvənirik. Əminik ki, Türkiyə daim bu məsələdə bizim yanımızda olacaqdır. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir və ədalətsizlik davam edir.

Bu gün bəzi hallarda Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi haqqında söhbət aparılır, yəni, qərar qəbul etməməkdə suçlandırılır. Amma bizim məsələmizlə bağlı qərar qəbul edilmişdir. Sadəcə olaraq, bu qərarın icrası üçün mexanizmlər yoxdur. Biz ümid edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Biz bu məsələlər üzərində çalışırıq.

Türkiyə-Azərbaycan əlaqələri bizim gücümüzü daha da artırır. Dünən Türkiyənin hərbi sənayesinin inkişafı ilə bağlı göstərilən təqdimat məni çox təsirləndirdi. Bu gün Türkiyə bu sahədə də dünyada söz sahibidir. Türkiyədə istehsal olunan hərbi texnika ən yüksək dünya səviyyəsindədir. Bizi birləşdirən ortaq tarix, mədəniyyət münasibətlərimizin möhkəm təməlidir. Biz bu təməl üzərində gözəl bina tikirik və əziz qardaşımın qeyd etdiyi kimi, bu binanın içində transmilli böyük layihələr vardır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası ilə biz sadəcə olaraq Azərbaycan neftini Türkiyəyə çatdırmaqla öz işimizi məhdudlaşdırmadıq. Bu, bir dəhlizin açılması idi ki, bu dəhliz vasitəsilə indi böyük layihələr icra edilir. "Marmaray" layihəsinin icra edilməsi münasibətilə, əziz qardaşım, Sizi bir daha təbrik edirəm. Bu, Sizin tarixi xidmətinizdir. Türkiyə xalqı qarşısında gördüyünüz işlər arasında bu, daim tarixdə qalacaqdır. Siz bu layihənin həyata keçirilməsi ilə qitələri, xalqları birləşdirdiniz və Türkiyənin uzunmüddətli çıxarlarını təmin etdiniz. Əlbəttə, Bakı-Tbilisi-Qars dəmir yolu da bu böyük layihənin tərkib hissəsidir.

Gələcəkdə bizi böyük işlər gözləyir. Biz bu işlərə hazırıq. TANAP layihəsinin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutacaqdır. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyük layihələrdən biridir və bunu biz edəcəyik. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdirdik. Bizim liderliyimizin sayəsində bir çox ölkələr fayda götürəcəklər. Çünki bugünkü dünyada enerji siyasətini xarici siyasətdən ayırmaq mümkün deyildir. Biz bütün işləri birgə qururuq, birgə müzakirə edirik. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mahiyyəti və üstünlüyü ondan ibarətdir ki, bu toplantılar əsnasında bir çox məsələlər öz həllini tapır. Necə ki, bu gün və ondan əvvəlki dəfələr və gələn dəfə Bakıda keçiriləcək toplantıda əminəm ki, biz yeni qərarların verilməsinə nail olacağıq.

Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı bir-iki kəlmə söz demək istərdim. Bu, çox gözəl bir göstəricidir. Azərbaycanın xaricə qoyulan və qoyulacaq ən böyük sərmayələri Türkiyəyə qoyulacaq sərmayələrdir. Türkiyədən Azərbaycana qoyulan sərmayələr bizim iqtisadi inkişafımızı sürətləndirir. Bu sərmayələr qarşılıqlı etimad, inam, dostluq, qardaşlıq üzərində qoyulan sərmayələrdir. Mən deyəndə ki, bizim münasibətlərimizin təməlində qardaşlıq dayanır, bax, həyata keçirilən layihələr bunu təsdiqləyir. Qardaşlıq, dostluq əbədidir, əbədi olacaqdır. XXI əsr türk dünyasının əsri olacaqdır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb və əminəm ki, biz birgə səylərlə gələcəkdə də böyük uğurlara imza atacağıq.

Bir daha əziz qardaşım, qonaqpərvərliyə, məhəbbətə görə Sizə minnətdaram. Qardaş Türkiyə xalqına bundan sonra da rifah, tərəqqi, xoşbəxtlik arzulayıram.

X X X

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: Mən də çox təşəkkür edirəm. Mətbuata gözəl açıqlamalarınıza görə sağ olun, var olun.

İndi isə mətbuat nümayəndələri sual verə bilərlər. Əvvəlcə Azərbaycandan gəlmiş mətbuat nümayəndələri buyursun.

Ətayə ABBASOVA (Lider televiziyası): Sualım Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanadır. Hörmətli Baş nazir, soruşmaq istəyirəm ki, yüksək səviyyəli Türkiyə-Azərbaycan münasibətləri regional əməkdaşlığa necə təsir edir? Bu barədə sizin fikriləriniz bizim üçün maraqlıdır. Sağ olun.

Rəcəb Tayyib ƏRDOĞAN: Bəli, mən də çox təşəkkür edirəm. Bir az öncə qeyd etdim ki, Azərbaycan ilə Türkiyə arasında həm siyasi, həm hərbi, həm mədəniyyət, həm ticarət sahələrində inkişaf sürətlə davam edir. Hazırda ticarət dövriyyəsinin həcmi 4,2 milyard dollardır. Əlbəttə ki, bu daha da artmaqda davam edəcəkdir. İndiki hədəfimiz bunu 15 milyard dollara çatdırmaqdır. Yəni, 2020-ci ildə Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdıracağıq.

Bir qədər əvvəl dedim. Balkan ölkələrində təbii qaz ilə əlaqədar birgə bir çox sərmayələr yatırmaq imkanımız vardır. Bunların planlaşdırılmasını həyata keçirəcəyik. Burada başda xarici işlər nazirlərimiz olmaqla bu məsələ ilə bağlı məşğul olacaq digər nazirlərimiz də bu gün birlikdə çox mühüm işlər gördülər. Öz sahələrində nələri etmək mümkündürsə, bu barədə danışıqlar apardılar. Müdafiə sənayesi məsələsində birgə önəmli addımlar ata bilərik. Təhsildə, mədəniyyətdə bu cür addımları birlikdə atacağıq. Yəni, bir millət olmağın məsuliyyəti nədirsə, bu öhdəliklə siyasi sahədə də, xarici siyasətdə də qərarlarımızı birlikdə verə bildiyimizi ortaya qoyuruq və qoyacağıq.

Aysun TURAN (Xəbərtürk televiziyası): Sualım hörmətli Prezident İlham Əliyevədir. Hər görüşdə "bir millət, iki dövlət" kəlamı xüsusilə vurğulanır. Vizalar məsələsində hələ də bir addım atılmamışdır. Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələyə toxundu. Amma vizaların önündəki maneə nədir? Sizcə, şərtlər hələ də uyğunlaşmadımı?

Prezident İlham ƏLİYEV: Vizalarla bağlı əziz qardaşım cənab Baş nazir açıqlama verdi. Hesab edirəm ki, bu açıqlamadan sonra əlavə suala ehtiyac olmamalı idi. Ancaq, eyni zamanda, əgər bu sual olmasaydı mən təəccüb edərdim ki, əcəba bu gün bu sual nə üçün verilmədi?!

Deyə bilərəm, artıq biz qərara gəldik ki, ilk mərhələdə İqtisadiyyat Nazirliyindən veriləcək siyahı əsasında Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi təmin ediləcəkdir. Bildiyiniz kimi, hər bir ölkənin vizalarla bağlı öz siyasəti vardır, o cümlədən Azərbaycanın. Ancaq istisna hal kimi elm adamları, idmançılar, iş adamları, tanınmış insanlar, Azərbaycan ilə sıx bağlı olan insanlar üçün tamamilə vizasız rejim tətbiq ediləcəkdir. Yaxın zamanlarda bu məsələ öz həllini tapacaqdır. Əminəm ki, ondan sonra daha bu suallara ehtiyac qalmayacaqdır.

----------------
13.11.2013
22:55

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan birgə nahar etmişlər.

---------
19:15

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 13-də hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

--------
18:49

AzərTAc xəbər verir ki, noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisə Gülün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilmişdir.

Dövlət başçıları rəsmi naharda çıxış etmişlər.

Prezident Abdullah Gülün çıxışı

-Hörmətli Prezident, əziz qardaşım.

Möhtərəm xanım əfəndi.

Hörmətli qonaqlar.

Zati-alilərini, möhtərəm Mehriban xanımı və nümayəndə heyətinizin mötəbər üzvlərini bir daha Türkiyədə qonaq qəbul etməkdən böyük məmnunluq duyuruq.

2007-ci ildə Prezident seçildikdən sonra mən də o zaman ilk səfərimi Azərbaycana etmişdim və böyük bir qonaqpərvərliyi o gündən bu günə hər gedişimizdə görürük. Siz də eynilə bundan tam beş il əvvəl olduğu kimi, Prezident seçkilərindən sonra ilk rəsmi səfərinizi Türkiyəyə həyata keçirirsiniz. Türkiyəni seçməyiniz heç şübhəsiz təsadüfi deyildir, nəzakətdən daha dərin bir mənaya sahibdir. Bu seçimi əbədi və əzəli qardaşlığımızın nişanəsi, strateji ortaqlığımızın parlaq təzahürü kimi dəyərləndiririk. Bu gözəl vəsilə ilə ölkəmizə gələn sizi - dəyərli qardaşlarımızı ən səmimi hisslərimlə salamlayıram.

Azərbaycan hamımızın vətənidir, tarix boyunca millətimizin könlündə çox müstəsna bir yerə sahib olmuşdur. Qəlblərimiz azərbaycanlı qardaşlarımızla hər zaman birlikdə döyünür. Sevinciniz sevincimizdir, kədəriniz kədərimizdir, eyni mahnılarla təsirlənir, eyni şairlərin şerləri ilə həyəcanlanırıq. Füzulini oxuyarkən siz necə dərin bir məna verirsinizsə, biz də eyni şəkildə anlayırıq. Könüldə, fikirdə və işdəki bu ortaqlığımızın naxış-naxış toxunduğu can Azərbaycanın gözəl havasını və ətrini ikinci vətəniniz Türkiyəyə gətirən sizə - dəyərli qonaqlarımıza ən səmimi duyğularımla bir daha "Xoş gəlmisiniz!" deyirəm.

Hörmətli Prezident, dəyərli qonaqlar.

Bundan tam 20 il əvvəl Azərbaycana səfər edən rəhmətlik Prezident Özal Bakı Universitetində etdiyi çıxışda "acı və həsrət dolu illəri geridə qoyduq, bu yeni dövr birlik və bərabərlik içində irəliyə doğru böyük addımlar atmaq üçün tarixi bir fürsət təşkil etməkdədir" demişdi. Geriyə dönüb baxarkən məmnuniyyətlə görürük ki, Türkiyə və Azərbaycan bu tarixi fürsəti çox yaxşı dəyərləndirmişlər. Bunda heç şübhəsiz, Zati-alinizin son on ildə göstərdiyi güclü liderliyin də çox böyük təsiri vardır.

Qardaş ölkələrimiz qısa müddətdə böyük inkişaf əldə etmişdir. Siyasi və sosial sabitliklərini iqtisadi və bəşəri zənginliyə çevirmişlər. Ölkələrimiz ümummilli lider, mərhum Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı ilə güclərini xalqlarımızın və bölgəmizin xeyrinə olacaq şəkildə birləşdirmişlər. Həyata keçirildiyi dövrdə əsrin layihələri adlandırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri bu düşüncə və dinamizmin məhsuludur. Bu kəmərlər əmin-amanlıq anlamına gələn Xəzərdən dünyaya, sadəcə neft və qaz deyil, sülh, rifah və sabitlik də daşımaqdadırlar.

Bu müştərək baxışımızın miqyasını daha da genişləndirməkdə qərarlıyıq. Müasir İpək Yolu adlandırılan, orta xəttin ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu inşallah, gələn il tamamlanacaqdır. Xəttin bir başqa önəmli hissəsi olan "Marmaray" dəmir yolunun açılışını isə oktyabrın 29-da reallaşdırdıq. Çox yaxın vaxtlarda bu layihəyə əsasən London ilə Pekin Xəzər üzərindən dəmir yolları ilə bir-birinə bağlanacaqdır.

Eyni şəkildə "Cənub" qaz dəhlizinin çox önəmli bir hissəsi olan TransAnadolu boru kəməri layihəsini sürətlə həyata keçirməliyik. Heç şübhəsiz, bunlar Xəzərin dünya ilə birliyini möhkəmləndirəcək, XXI yüzilliyə möhürünü vurmağa layiq layihələrdir. Bundan sonra qarşımızda duran başlıca məqsəd kədəri də, sevinci də ortaq olan qardaş ölkələrimiz arasındakı strateji müttəfiqliyi Zati-alinizin liderliyi ilə yeni layihələrlə daha da irəliyə aparmaqdır.

Cənab Prezident, əziz qardaşım, hörmətli qonaqlar.

Azərbaycan ikitərəfli münasibətlərimizdə olduğu kimi, türk respublikaları arasındakı əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsinə yönəlmiş səylərimiz baxımından da aparıcı bir ölkədir. Bu mənada katibliyi İstanbulda yerləşən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə reallaşmışdır. Azərbaycan bu ilin avqustunda Qəbələdə ev sahibliyi etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası III zirvə görüşündə sədrliyi təhvil almışdır. Qarşıdakı bir il müddətində Azərbaycan böyük əhali və coğrafiya ilə zəngin təbii və bəşəri sərvətlərə malik olan Türk dünyasının qlobal miqyasda bir diqqət mərkəzinə çevrilməsinə yönəlmiş müştərək səylərimizə rəhbərlik edəcəkdir.

Türk respublikaları arasında kökləri tarixi keçmişimizə söykənən dostluq və qardaşlıq əlaqələrinin təməlində ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimiz dayanmaqdadır. Bununla birlikdə, bu dostluq və qardaşlığın konkret layihələr əsasında müştərək maraqlarımıza cavab verəcək bir ortaqlığa çevrilməsi üçün yeni baxışlı, uzaqgörən liderlərə hər zaman ehtiyac vardır. Bu baxımdan Zati-alinizin oynadığı rol hər cür təqdirəlayiqdir.
Cənab Prezident, hörmətli qardaşım, əziz qonaqlar.

Çox xoşdur ki, Qafqaz İslam ordusunun erməni və bolşevik işğalı altındakı Bakını xilas etməsinin 95-ci və Azərbaycanın müstəqilliyə yenidən qovuşmasının 22-ci ildönümündə dostluq, qardaşlıq və işbirliyimizin qızıl illərini yaşayırıq. Böyük şair Bəxtiyar Vahabzadə illər öncə yazdığı bu mənalı misralarda sanki əlaqələrimizin bu gününü və sabahını ifadə edir:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu
Azərbaycan, Türkiyə...

Bu münasibətlə Zati-alinizi, hörmətli xanımınızı və nümayəndə heyətinizin dəyərli üzvlərini Türkiyədə qonaq qəbul etməkdən duyduğum məmnunluğu bir daha ifadə edir, Türkiyə-Azərbaycan əlaqələrinin parlaq gələcəyinə olan sarsılmaz inamımla bütün azərbaycanlı qardaşlarımıza ən səmimi salamlarımı, sevgilərimi və ən xoş arzularımı çatdırıram. Qayıdandan sonra bütün Türk xalqının salamlarını və sevgilərini bütün azərbaycanlı qardaşlarımıza çatdırmağı Sizdən xahiş edirik.

Bir daha xoş gəlmisiniz.

Prezident İlham Əliyevin çıxışı

- Əziz qardaşım, hörmətli Prezident cənab Abdullah Gül.
Hörmətli Hayrünnisə xanım.

Əziz qardaşım, hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan.

Hörmətli Əminə xanım.

Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

İlk növbədə, mənə və nümayəndə heyətinə qardaş Türkiyədə göstərilən qonaqpərvərliyə görə bir daha sizin hamınıza dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün mənim həyatımda tarixi bir gündür. Bu gün mən qardaş ölkənin ən ali mükafatı olan "Dövlət nişan"ı ilə təltif olunmuşam. Bu, mənim üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Elə başa düşürəm ki, bu təltif gördüyüm işlərə verilən qiymətin təzahürüdür.

Mən Prezident kimi çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim inkişaf etsin, bütün sahələri əhatə etsin. Çox xoşbəxtəm ki, mənim Türkiyədə Prezident və Baş nazir kimi qardaşlarım vardır. Bizim dostluğumuz, qardaşlığımız sarsılmazdır. Əldə edilmiş bütün uğurların təməlində məhz bu duyğular, bu amillər dayanır.

Türkiyə və Azərbaycan xalqları əsrlər boyu bir yerdə olmuşlar, yaşamışlar, yaratmışlar. Sonra tarix belə buyurdu ki, biz bir-birimizdən ayrı düşdük. Yetmiş il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində yaşayırdı. Əlaqəmiz yox idi, heç bir ünsiyyətimiz də yox idi. Ancaq xalqlarımızın qəlbində yaşayan, bir-birimizə olan sevgi, məhəbbət, qarşılıqlı hörmət bizi bir-birimizdən ayıra bilməmişdir. Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə-Azərbaycan əlaqələri quruldu. Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və demək olar ki, müstəqilliyimizin ilk illərindən Türkiyə-Azərbaycan əlaqələri xüsusi xarakter daşımağa başlamışdır. Bu gün mən tam əminəm ki, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-biri ilə bu qədər sıx bağlı olsunlar. Bu bağlılıq tarixdən gələn ismarıcdır. Bu bağlılıq ortaq mədəniyyət, ortaq tarix, etnik köklər üzərində qurulub. Biz isə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndiririk. Bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir və Türkiyənin uğurla inkişafına ürəkdən sevinir.

Mən Türkiyədə dəfələrlə olmuşam. Bu, Prezident kimi mənim 16-cı səfərimdir. Ancaq Ankarada sonuncu dəfə 5 il bundan öncə olmuşam. Səmimi qəlbdən Sizi Ankarada görülən işlərlə bağlı təbrik etmək istəyirəm. Ankara müasir gözəl şəhərə çevrilmişdir, gözəl binalar tikilmişdir. Ankara böyük sənaye mərkəzinə çevrilmişdir. Ankarada gedən işlər Türkiyədə gedən işlərin təzahürüdür. Bizi sevindirən odur ki, bu gün Türkiyə dünya çapında güc mərkəzidir, cəlbedici güc mərkəzidir. Türkiyə öz siyasəti, diplomatiyası ilə dünyada çoxlu dostlar qazanmışdır. Bu, o qədər də asan məsələ deyildir. Türkiyə məhz xoş niyyəti ilə, düşünülmüş siyasətlə, qarşılıqlı anlaşma ilə böyük hörmət qazana bilmişdir. Bu gün dünya miqyasında Türkiyənin çox böyük nüfuzu, hörməti vardır. Hətta böhranlı illərdə Türkiyə iqtisadiyyatı inkişaf etmişdir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyə Hökumətinin düşünülmüş, müdrik siyasəti vardır. Bu siyasət nəticəsində bu gün Türkiyə dünya birliyinin aparıcı ölkələrindən biridir, "Böyük iyirmiliyin" üzvüdür. Türkiyə iqtisadiyyatı getdikcə artır, əhalisi artır və artacaqdır. Türkiyənin gücü bizim gücümüzdür.

Biz bir-birimizi daim dəstəkləmişik, dəstəkləyirik. Bizim gücümüz bizim birliyimizdədir. Bu gün əziz qardaşım Prezident Abdullah Gülün dediyi kimi, Türkiyə-Azərbaycan birliyi, eyni zamanda, türkdilli dövlətlərin birliyini də şərtləndirir. Mən çox şadam ki, biz artıq türkdilli dövlətlər formatı çərçivəsində çox önəmli qərarlar qəbul edirik. O qərarlar ki, bizim xalqlarımızı gələcəkdə daha da birləşdirəcəkdir. Əlbəttə, bizi birləşdirən tarix və siyasi maraqlar çox güclü amillərdir. Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat layihələrimiz, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və "Marmaray" layihəsinin başa çatması tarixi hadisələrdir. Fürsət düşmüşkən, "Marmaray" layihəsinin icrası münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm.

Biz beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Biz regional müstəvidə bir-birimizin yanındayıq. Türkiyə və Azərbaycan bu gün dünya çapında önəmli bir amildir.

Bizim gücümüz ancaq və ancaq artacaqdır. Çünki ölkələrimizin potensialı kifayət qədər güclüdür, biz səylərimizi birləşdiririk. XXI əsr türk dünyası əsri olacaqdır. Bunda heç bir şübhə yoxdur. Sadəcə olaraq, biz öz strateji addımlarımızı düzgün planlaşdırmalıyıq, hədəflərimizə doğru inamla addımlamalıyıq. Elə etməliyik ki, Türkiyə-Azərbaycan birliyi daim inkişaf etsin.

Bizim dostluğumuz sarsılmazdır, əbədidir. Bizi bu gün böyük layihələr, siyasi maraqlar, ortaq hədəflər birləşdirir. Ancaq bütün bu amillərin təməlində xalqlarımızın bir-birinə olan məhəbbətidir, hörmətdir, biri-birimizə olan bağlılıqdır.

Türkiyə-Azərbaycan birliyi XXI əsrdə bizim coğrafiyamızda bir çox məsələləri həll edəcəkdir. Bu birliyi möhkəmləndirmək üçün biz hamımız çalışmalıyıq, çalışırıq. Bu gün apardığımız danışıqlar və sabah aparılacaq danışıqlar birliyimizi daha da möhkəmləndirəcəkdir.

Bir daha mənə göstərilən qonaqpərvərliyə və hörmətə görə sizə minnətdaram. Sizi əmin etmək istəyirəm ki, mən bu şərəfli adı ləyaqətlə daşıyacağam. Öz fəaliyyətimdə bundan sonra da Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi üçün öz səylərimi əsirgəməyəcəyəm.

Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!

---------
18:20

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində noyabrın 13-də Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında sənədlərin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2013-cü il 13 noyabr tarixli iclasının nəticələrinə dair Birgə Bəyanatı imzaladılar.

Azərbaycan və Türkiyə hökumətləri arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında protokolu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı -TUBİTAK-ın sədri Yücəl Altınbaşaq imzaladılar.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair Anlaşma Memorandumunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.    

Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.

Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik  üzrə əməkdaşlıq  haqqında Sazişi  Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkiyənin daxili işlər naziri Muammer Gülər imzaladılar.

Azərbaycan və Türkiyə hökumətləri arasında  işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Sazişi, həmçinin Azərbaycan və Türkiyə hökumətləri arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair Sazişi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik imzaladılar.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 13-də Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iclasda iştirak etmişlər.

İclasda Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə - siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik inkişaf etdiyi bildirildi. İkitərəfli layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Ölkələrimizin birgə reallaşdırdığı layihələrin icrası ilə bağlı fikir mübadiləsinin aparıldığı iclasda Azərbaycan və Türkiyənin müvafiq nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

---------
17:52

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur. 

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan qarşıladı.

Görüşdə ikitərəfli əlaqələrimizin, dostluq və qardaşlıq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə budəfəki rəsmi səfərinin əhəmiyyəti qeyd olundu.

Ölkələrimizin qlobal layihələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığının genişləndirilməsinin, münasibətlərimizin möhkəmlənməsinin regional əməkdaşlıq baxımından önəmi vurğulandı və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

---------
12:49

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 13-də Ankaradakı Heydər Əliyev Parkı ilə tanış olmuşdur.

Səkkiz hektara yaxın ərazisi olan parka 2008-ci ilin iyununda ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Parkın mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmışdır. Abidənin müəllifi Azərbaycan heykəltəraşı Natiq Əliyevdir.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Parkda musiqili fəvvarə tikilmiş, ağac və gül kolları əkilmiş, uşaqların əylənməsi üçün xüsusi qurğular quraşdırılmış, sakinlərin istirahətinin səmərəli təşkili, idmanla məşğul olmaları üçün də lazımi şərait yaradılmışdır.

---------------
12.11.2013
23:05

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də dövlət başçılarının görüşündən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident Abdullah Gülün bəyanatı

-Cənab Prezident, dəyərli dostum.

Hörmətli nazirlər.

Dəyərli mətbuat nümayəndələri.

Bildiyiniz kimi, Azərbaycanda oktyabrın 9-da keçirilən seçkilərdə dəyərli qardaşım, cənab İlham Əliyev üçüncü dəfə Prezident seçilmişdir. Bu münasibətlə onu bir daha təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram.

Cənab Prezident, dəyərli dostum İlham Əliyev ötən seçkilərdən sonra olduğu kimi, yenə də ilk səfərini Türkiyəyə etmişdir. Buna görə əziz qardaşıma dərindən təşəkkür edirəm.

Bilirsiniz ki, mən də 2007-ci ildə Türkiyə Prezidenti seçilərkən ilk səfərimi Azərbaycana etmişdim. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyədədir. Son dövrlərdəki əlaqələrimizin nə qədər yaxın olduğunu göstərmək üçün bunu deyə bilərəm ki, ötən altı il ərzində iki ölkə arasında yeddinci dəfə prezident səfərləri həyata keçirilir. Bu səfər zamanı Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın həmsədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçiriləcəkdir.

Bu gün cənab Prezident İlham Əliyev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirdik. Bu görüşlərdə şübhəsiz ki, ikitərəfli münasibətlərimizlə bərabər, regional məsələləri də nəzərdən keçirdik. İkitərəfli münasibətlərimizlə bağlı çox mühüm, böyük iqtisadi layihələri, qaz, enerji, nəqliyyat, - bütün bunları əlbəttə ki, nəzərdən keçirdik. Eyni zamanda, regional məsələləri, Azərbaycanın milli məsələsini və bizim də milli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqlarının azad edilməsi məsələlərini - bütün bunları müzakirə etdik. Bu məsələ də şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən biridir. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk. Bu məsələyə dair fikirlərimizi də hörmətli nazirlərin iştirakı ilə bölüşdük.

Türkiyənin Azərbaycana qoyduğu sərmayələr, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalar - bütün bu məsələlər də həmişə mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrimizin güclənməsi və inkişafını sonadək dəstəkləyəcəyik. Yenə qardaşlığımızın bir göstəricisi olaraq bu gün sizlərin də şahidliyinizlə qarşılıqlı olaraq ordenləri təltifetmə mərasimi oldu.

Mən cənab Prezident İlham Əliyevə Türkiyənin ən yüksək ordeni olan "Dövlət nişanı"nı təqdim etdim. Cənab Prezident isə Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan "Heydər Əliyev" ordenini mənə təqdim etdi. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin şübhəsiz ki, ən yaxşı nümunələrindən biri oldu. Bu gün birlikdə Türkiyə Aerokosmik Sənayesi ilə tanışlıq olacaqdır. Axşam da şübhəsiz ki, hamılıqla bir yerdə olacağıq.

Mən bir daha dəyərli qardaşımı həm təbrik edirəm, həm də Türkiyəyə - öz doğma vətəninizə "Xoş gəlmisiniz!" deyirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Sağ olun, əziz qardaşım.

Hörmətli Prezident Abdullah Gül.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyədə olmağımdan çox məmnunam.

Türkiyədə gedən inkişafı görərkən biz də çox sevinirik. Türkiyə son illər ərzində böyük və uğurlu yol keçmişdir. Sizin rəhbərliyinizlə ölkəniz dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Türkiyə nəinki bölgə məsələləri ilə, dünyada gedən proseslərlə bağlı öz prinsipial mövqeyini göstərir və Türkiyənin yanaşmasından, mövqeyindən çox şey asılıdır. Bu, bizi sevindirir, ruhlandırır. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.

Bu gün mənim həyatımda çox əlamətdar hadisə baş vermişdir. Mən qardaş ölkənin ən ali mükafatı olan "Dövlət nişanı" ilə təltif olundum. Mən bu təltifi görülən işlərə qiymət kimi dəyərləndirirəm. Mən çalışmışam və bundan sonra da çalışacağam ki, Türkiyə-Azərbaycan əlaqələri daim inkişaf etsin. Biz əziz qardaşım Prezident Abdullah Gül ilə son illər ərzində bu birliyi möhkəmləndirmək üçün çox işlər görə bilmişik. Bu gün bizim əlaqələrimiz müttəfiqlik səviyyəsindədir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən sıx bağlı olan ölkələrdir. Bizdə olan qarşılıqlı anlaşma, bir-birinə olan dəstək çox nadir xarakter daşıyır.

Əlbəttə, bu gün biz ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etdik. İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Mən bir daha Türkiyə dövlətinə ədalətli mövqeyinə görə minnətdarlığımı bildirdim. Türkiyə bu məsələdə daim bizim yanımızdadır, ədalətin, haqqın yanındadır. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, onlar Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur. Məsələnin həlli ilə bağlı Azərbaycan öz səylərini davam etdirir. Ancaq əfsuslar olsun, Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bu ədalətsizliklə barışmaq mümkün deyildir. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq hüquq diktə edir. Əlbəttə ki, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır və bu dəstəyə görə minnətdarıq.

Biz bu gün, eyni zamanda, bizi birləşdirən və artıq regional çərçivələrdən çıxmış, qlobal müstəviyə daxil olan layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrini müzakirə etdik. Onların hər biri böyük bir hadisədir, böyük uğur gətirən layihələrdir. Ancaq Türkiyə və Azərbaycan birliyi, dostluğu sayəsində biz bu layihələrin reallaşmasına nail ola bilmişik. Bu gün biz daha da irəliyə baxırıq. Bu gün qarşılıqlı sərmayə qoyuluşu məsələləri uğurla öz həllini tapır və Azərbaycanın xaricdəki ən böyük sərmayələri təbii ki, Türkiyəyə yatırılan sərmayələrdir. Bu proses artıq davam edir və növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır. Eyni zamanda, biz Türkiyə şirkətlərinin də Azərbaycana qoyduqları sərmayəni alqışlayırıq və iş adamları arasındakı əlaqələri dəstəkləyirik. Bu gün, eyni zamanda, həmişə olduğu kimi, dostluq, qardaşlıq şəraitində digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi. Əziz qardaşımın qeyd etdiyi kimi, prezident seçkilərindən sonra ilk səfərimi Türkiyəyə etmişəm. Bu, təbiidir. Bu, artıq bir ənənədir. Əminəm ki, bu ənənə gələcəkdə də yaşayacaqdır. Bizim gücümüz birliyimizdədir, bizim birliyimiz tarix üzərində qurulubdur. Bu gün iki müstəqil dövlət - Türkiyə və Azərbaycan bir-birini daim dəstəkləyir, bir-birinin gücünü artırır. Əminəm ki, gələcəkdə bizim işbirliyimiz, əməkdaşlığımız yüksələn xətlə inkişaf edəcəkdir.

Bir daha əziz qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Sağ olun.

---------
23:02

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında digər sahələr kimi, siyasi sahədə də əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın önəmi vurğulandı. Ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

---------
22:47

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisə Gülün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilmişdir.

---------
22:20

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Sonra Prezident İlham Əliyevin "Dövlət nişanı" ordeni ilə təltif olunmasına dair Türkiyə Nazirlər Kabinetinin qərarı və Prezident Abdullah Gülün "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı oxundu.

Türkiyə Prezidenti "Dövlət nişanı" ordenini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti "Heydər Əliyev" ordenini Türkiyə Prezidentinə təqdim etdi.

Türkiyə Prezidenti Abdulah Gül və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdilər.
Prezident Abdullah Gülün çıxışı

- Cənab Prezident İlham Əliyev.

Hörmətli Mehriban xanım, dəyərli qonaqlar.

Bu gün burada Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluğu daha da möhkəmləndirəcək "Dövlət nişanı" mükafatının təltifetmə mərasimi münasibətilə toplaşmışıq. Ölkəmizin ən yüksək ordeni olan "Dövlət nişanı"nı Azərbaycan Respublikasının Prezidenti, dəyərli dostum cənab İlham Əliyevə təqdim etməkdən böyük məmnunluq hissi duyuram. Bir vaxtlar ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin də təltif olunduğu "Dövlət nişanı"nı bu dəfə Əliyevlər ailəsinin başqa bir nüfuzlu nümayəndəsinə təqdim etməkdən böyük qürur hissi keçirdim. Bu orden eyni millətin iki dövləti olan ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və dostluq əlaqələrimizin gücləndirilməsi üçün nümunəvi liderlik nümayiş etdirən cənab Prezident İlham Əliyevə ürəkdən qiymətimizin ifadəsidir. Eyni qaydada mənim Azərbaycanın ən yüksək mükafatı olan "Heydər Əliyev" ordeninə layiq görülməyimdən də böyük xoşbəxtlik hissi keçirirəm. Mənim mərhum Heydər Əliyevin adını daşıyan bu ordenlə təltif olunmağım əzəli və əbədi Türkiyə-Azərbaycan qardaşlığının aydın bir təzahürüdür.
Dəyərli qonaqlar, Azərbaycan ilə dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətlərimizin ən güclü şəkildə davamına böyük əhəmiyyət veririk. Qlobal və regional təhdidlərin davam etdiyi bir dövrdə Azərbaycanı təhlükələrdən qoruyacaq bir liderin mövcudluğu münasibətlərimizin gələcəyinin təminatıdır.

Zati-alilərinin məharətli idarəçiliyi ilə Azərbaycan hər sahədə parlaq nailiyyətlər qazanmışdır. Son 10 ildə Azərbaycana etdiyim hər səfərdə bu qardaş ölkənin simasının mahir əllərlə necə dəyişib gözəlləşdiyinin şəxsən həmişə şahidi olmuşam.

Hərtərəfli inkişaf və artan rifah səviyyəsi ilə Azərbaycan qısa müddətdə həsəd aparılacaq bir ölkə olmuşdur. Azərbaycan regiondakı və beynəlxalq aləmdəki güclü mövqeyini hər ötən gün daha da möhkəmləndirməkdədir. 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilən və keçən həftə quruma ikinci sədrliyi təhvil verən Azərbaycan qazandığı uğurlu nailiyyətlərlə diplomatik gücünü də sübut etmişdir. Xoşdur ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sadəcə 22 il sonra öz imkanları və gücü ilə gələcəyə ümidlə baxmasını təmin edən belə mühüm uğurlar qazanmışdır. Şübhəsiz, bu uğurların arxasında ümummilli lider, mərhum Prezident Heydər Əliyevin yaratdığı sağlam təməllər və Prezident İlham Əliyevin ölkəsinə bu irsə yaraşan şəkildə xidmət etməsi dayanır. Bu mətin liderlik sayəsində hazırda Türkiyə ilə Azərbaycan arasındakı qədim dostluq və qardaşlıq əlaqələri konkret layihələrlə inkişaf etmişdir. Bu layihələr zənginləşməkdə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Trans-Anadolu təbii qaz boru kəməri layihələrini sürətlə tamamlayaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrinə yeni uğurlu layihələr əlavə etmək istəyirik.

Cənab Prezident, dəyərli qardaşım, Azərbaycanda vəzifəyə gəldiyiniz gündən bəri ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün böyük səy göstərirsiniz. Böyük səylərinizlə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində müstəsna bir yer tutmusunuz. Ölkələrimizin ortaq mənafeyi naminə göstərdiyiniz liderlik üçün Türkiyə Respublikasının təsis etdiyi ən yüksək orden olan "Dövlət nişanı"nı Türkiyə xalqı adından Zati-alinizə təqdim etməkdən şərəf duyuram. Böyük qürurla daşıyacağım "Heydər Əliyev" ordeni ilə təltif olunduğum üçün Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi duyğularımla təşəkkür etmək istəyirəm. Bu münasibətlə Türkiyə-Azərbaycan qardaşlığı üçün tarix boyunca hər cür fədakarlıq göstərən əcdadlarımızı və şəhidlərimizi dərin ehtiram hissi ilə anır, aramızdakı mükəmməl qardaşlıq əlaqələrinin gələcəkdə davam edəcəyinə qəti inamımı bildirirəm.

Yaşasın can Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu!
Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident, əziz qardaşım Abdullah Gül.

Hörmətli cənab Baş nazir, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Əziz dostlar, hörmətli xanımlar və cənablar.

Bu gün mənim həyatımda çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün mən qardaş Türkiyə Cümhuriyyətinin ali mükafatı ilə təltif olunuram. Bu, mənim üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Mən Sizi və bütün türk xalqını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün bundan sonra da var gücümlə çalışacağam. Çalışacağam ki, bundan sonra da Türkiyə-Azərbaycan dostluğu, birliyi möhkəmlənsin, bizim bütün birgə layihələr icra edilsin, Türkiyə-Azərbaycan birliyi əbədi, sarsılmaz olsun.

Bu gün bu təltifi alarkən bir daha keçmişə nəzər salırıq. Görürük ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada nadir əlaqələrdir. Bizi tarix, etnik köklər, ortaq mədəniyyət, eyni zamanda, siyasi-iqtisadi maraqlarımız birləşdirir. Dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Heç də hər zaman bu xalqlar bir-biri ilə Azərbaycan və Türkiyə qədər yaxın olmurlar. Bizim bugünkü birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulubdur. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdə bizim müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər bizim birliyimiz, dostluğumuz, qardaşlığımız davam edir və imkan verir ki, xalqlarımız da bir-birinə qovuşsun, imkan verir ki, biz birlikdə xalqlarımız, dövlətlərimiz üçün vacib olan məsələləri həll edək.

Son on il ərzində mən çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim yüksək səviyyədə olsun. Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə, bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir. Son illər ərzində bu müttəfiqlik yeni pilləyə qalxmışdır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ölkələrimiz üçün, bölgə, dünya üçün önəmli bir amilə çevrilmişdir. Bizim birgə icra etdiyimiz siyasi, iqtisadi layihələr, enerji layihələri bizi daha da sıx birləşdirir, bu birliyi əbədi, dönməz edir. Əlbəttə, bizim birliyimiz bu gün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Regional əməkdaşlıq üçün Türkiyə-Azərbaycan birliyi başlıca şərtdir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik, sabitlik üçün əsas amildir. Bu gün bir daha bu məsələlərə nəzər salarkən görürük ki, doğrudan da Türkiyə və Azərbaycan son illər ərzində böyük uğurlu yol keçmişdir.

Bu gün Ankarada yenidən olarkən burada gedən inkişafı görürük və buna sizin qədər sevinirik. Mən son 10 il ərzində Türkiyədə dəfələrlə olmuşam. Bu, mənim 16-cı səfərimdir və 3-cü rəsmi səfərdir. Ancaq bir neçə ildir ki, Ankarada olmamışdım. Bu gün Ankarada gedən inkişafı görərkən çox sevinirəm. Bu, sizin böyük uğurunuzdur, böyük nailiyyətinizdir.

Türkiyənin inkişafı bizi gücləndirir. Bu gün Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər özünü rahat hiss edəcəkdir. Biz çox sevinirik ki, hətta böhranlı illərdə Türkiyə iqtisadi və siyasi sabitliyi möhkəmləndirə bilmişdir. Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir, Türkiyənin bütün təşəbbüsləri reallaşır və bu gün dünya miqyasında Türkiyə bir güc mərkəzidir.

Bütün bu işlərin həyata keçirilməsində qardaşım Prezident Abdullah Gülün xüsusi xidmətləri vardır. Sizin rəhbərliyinizlə ölkəniz inkişaf edir, artıq beynəlxalq gücə çevrilmişdir. Türkiyə dostlar, tərəfdaşlar üçün çox cəlbedici ölkədir. Türkiyə ilə dostluq etmək istəyən ölkələrin sayı artmaqdadır. Beynəlxalq nüfuzunuz çox yüksək səviyyədədir və əziz qardaşımın qeyd etdiyi kimi, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olmuşdur. Ancaq ondan əvvəl Türkiyə bu təşkilata üzv olmuşdur. Əminəm ki, Türkiyə yenidən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olacaqdır. Çünki dünya miqyasında Türkiyəyə olan hörmət gündən-günə artır.

Biz əziz qardaşım Prezident Abdulla Gül ilə Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif mərhələlərində birgə çalışmışıq, çiyin-çiyinə çalışmışıq. Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında bərabər iştirak etmişik, Qarsda Bakı-Tbilisi-Qars dəmir yolunun təməlini bir yerdə qoymuşuq. Əminəm ki, belə birgə mərasimlər hələ çox olacaqdır. Çünki bizim həyata keçirdiyimiz layihələrimiz gələcəyə yönəlibdir. Elə etməliyik ki, bizdən sonra gələn nəsil də dostluq, birlik, qardaşlıq mühitində bir-biri ilə əlaqə saxlasın. Bu gün təməli qoyulan ənənələr, bu gün göstərilən istiqamətlər gələcək nəslə də bir yol göstəricisidir. Çünki biz istəyirik ki, birliyimiz əbədi, sarsılmaz, dönməz olsun. Əminəm ki, biz buna nail olacağıq. Hər halda son illərin tarixi belə deməyə əsas verir.

Türkiyənin gələcək inkişafı nə Azərbaycanda, nə Türkiyədə heç bir şübhə doğurmur. Bizim qardaş ölkəmiz yalnız və yalnız yüksələn xətlə inkişaf edəcəkdir və ölkə qarşısında duran bütün vəzifələri icra edəcəkdir. Mən bu fürsətdən istifadə edərək Azərbaycana daim göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndə Türkiyə bizə arxa, dayaq olmuşdur. Bu gün bizim qarşılıqlı dəstəyimiz ölkələrimizi daha da birləşdirir, gücləndirir. Bu gün Türkiyə-Azərbaycan işbirliyi, əməkdaşlığı müsbət meyillərin güclənməsinə təkan verir. İqtisadi, siyasi, enerji sahələrində bu birlik həlledici amildir. Bugünkü mərasim və bugünkü təltiflər böyük bir rəmzi məna daşıyır. Bu, bizim birliyimizin, dostluğumuzun, qardaşlığımızın təntənəsidir. Biz bundan sonra da əlaqələrimizi bu möhkəm təməl üzərində quracağıq.

Mən bir daha əziz qardaşım Prezident Abdullah Gülə mənim səylərimi, fəaliyyətimi yüksək qiymətləndirdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha Türkiyə və Azərbaycan xalqlarını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan birliyi üçün bundan sonra da var gücümlə çalışacağam.

Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!

X X X

Sonda prezidentlər İlham Əliyev və Abdullah Gül, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül xatirə şəkli çəkdirdilər.

Türkiyə Respublikasının ən ali mükafatı olan "Dövlət nişanı" 1988-ci ildə təsis edilmişdir. Türkiyə Prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.

--------
21:59

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də Prezident İlham Əliyev və Prezident Abdullah Gül Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olmuşlar.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül əvvəlcə şirkətin uçuş qülləsindən "HÜRKUŞ" əsas təlim təyyarəsinin və "T129" hücum helikopterinin təlim uçuşlarını izlədilər.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Türk Uçak Sanayi Anonim Ortaklığı 1973-cü ildə ölkənin müdafiə sahəsində xarici istehsaldan asılılığın aradan qaldırılması məqsədilə yaradılmışdır. 1984-cü ildə təməli qoyulan və Amerika-Türkiyə birgə layihəsi olan Türkiyə Aerokosmik Sənayesi Şirkəti isə Türkiyə Hava Qüvvələrinin tələbatını ödəmək məqsədilə fəaliyyətə başlamışdır. İlk vaxtlarda əsas məqsəd "F-16"ların istehsalına başlamaqla təyyarə sistemlərinin inteqrasiyasına nail olmaq və uçuş testlərini apardıqdan sonra döyüş təyyarələrini hava qüvvələrinin istifadəsinə vermək idi. 2005-ci ildə şirkətin bütün payları türk hissədarlara keçmiş və burada geniş yenidənqurma işləri aparılmışdır. Bu çərçivədə Türkiyə Aerokosmik Sənayesi Şirkəti fəaliyyətini daha da genişləndirmiş və aviasiya, kosmos sənayesi sistemləri inkişaf etdirilmiş, modernləşmə, sistemlərin əlaqələndirilməsi ilə bağlı bir çox nailiyyətlər qazanılmışdır. Bununla da Türkiyə Aerokosmik Sənayesi Şirkəti qardaş ölkənin mühüm texnoloji mərkəzlərindən birinə çevrilmişdir. Hazırda şirkət özündə 5 əsas strateji iş mərkəzini birləşdirir. Bundan əlavə, şirkət tərəfindən istehsal olunan məhsullarla bağlı logistik xidmət də fəaliyyət göstərir.

Prezident İlham Əliyev "HÜRKUŞ" təlim təyyarəsinin texniki göstəriciləri ilə tanış oldu. Qeyd edildi ki, son illərdə bu təlim təyyarəsində modernləşdirmə işləri aparılmışdır.

Dövlətimizin başçısına, həmçinin "T129" hücum helikopterinin texniki göstəriciləri barədə də məlumat verildi. Qeyd olundu ki, Türkiyə Aerokosmik Sənayesi Şirkətinə daxil olan müəssisələr 274 min kvadratmetri qapalı olmaqla, ümumilikdə 5 milyon kvadratmetr sahəni əhatə edir. Həyata keçirdiyi layihələri və çoxşaxəli sərmayələri ilə Türkiyənin aviasiya və kosmos sənayesi mərkəzi olan bu qurum istehsal etdiyi yüksək texnologiyaya malik məhsulları ilə dünyada böyük nüfuz qazanmışdır. Zəruri, modern cihaz və avadanlıqla təchiz olunmuş müasir təyyarə istehsalı müəssisələrini, hissə istehsalı ilə yanaşı, təyyarə quraşdırılması, modern laboratoriya və uçuş test sistemlərini birləşdirən, bir sözlə geniş istehsal imkanlarına malik Türkiyə Aerokosmik Sənayesi Şirkəti ekoloji sahədə də bir çox layihələr reallaşdırır. Hazırda şirkətin müəssisələrində pilotsuz təyyarələrin istehsalı həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevə polutsuz "ANKA" təyyarəsi barədə məlumat verildi. Bildirildi ki, Türkiyə Aerokosmik Sənayesi Şirkətinə daxil olan kosmos qrupunda dünyada diqqət çəkən istehsal prosesi həyata keçirilir. Burada hərbi məqsədlə "Göytürk1" və Türkiyənin ilk milli yer kəşfiyyat peyki olan "Göytürk2"nin istehsalı baş tutmuşdur. Bundan əlavə, 1987-ci ildən başlayaraq şirkətdə "F-16" döyüş təyyarələrinin istehsalı həyata keçirilir ki, əsas məqsəd yerli tələbatı ödəmək və bu təyyarələrin xaricə satışına nail olmaqdır. Artıq Yaxın Şərqdə bu təyyarələrin əsas istehsalçısı olan Türkiyə onların modernləşdirilməsi proqramını da uğurla reallaşdıran ölkə kimi tanınır. Eyni zamanda, hərbi təyinatlı helikopterlərin istehsalında və onların modernləşdirilməsində də mühüm nəticələr əldə edilmişdir. Bütün bunlarla yanaşı, şirkət beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrə məxsus təyyarə markalarının hissə və avadanlığının istehsalında da yaxından iştirak edir.

---------
20:43

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıldı. İki ölkə arasındakı münasibətlərin çox güclü təməlinin olduğu qeyd edildi, əlaqələrimizin ortaq tarixə və mədəniyyətə əsaslandığı vurğulandı.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafına çox böyük diqqət yetirildi. Türkiyə Böyük Millət Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsinin, iki ölkənin parlamentlərinin bundan sonra da səmərəli əməkdaşlığının böyük əhəmiyyəti olduğu qeyd edildi. Həmçinin qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olacağı xüsusi vurğulandı.

----------
15:24

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də dövlət başçılarının görüşündən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də təltifetmə mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi.

Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bundan sonra da daim inkişaf edəcəyinə əminlik ifadə olundu.

---------
15:02

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də Çankaya köşkündə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi olmuşdur.

Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Sonra Prezident İlham Əliyevin "Dövlət nişanı" ordeni ilə təltif olunmasına dair Türkiyə Nazirlər Kabinetinin qərarı və Prezident Abdullah Gülün "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə Azərbaycan Prezidentinin Sərəncamı oxundu.

Türkiyə Prezidenti "Dövlət nişanı" ordenini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti "Heydər Əliyev" ordenini Türkiyə Prezidentinə təqdim etdi.

Türkiyə Prezidenti Abdulah Gül və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdilər.

---------
13:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdullah Gül tərəfindən Türkiyənin "Dövlət nişanı" ilə təltif olunub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat verib.

Sonra Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Abdullah Gül "Heydər Əliyev" ordeni ilə təltif olunub.

Təltifolunma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər.

Məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimləri iştirak ediblər.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 12-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında - Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Türkiyənin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev türk əsgərlərini salamladı.

Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edildi.

Sonra Azərbaycan və Türkiyə prezidentləri, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül birgə xatirə şəkli çəkdirdilər.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və xanımı Hayrünnisə Gülün birgə görüşü olmuşdur.

----------
12:34

Noyabrın 12-də Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Ankaranın Çankaya köşkündə rəsmi qarşılanma mərasimi olub. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

----------
11:42

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlmişdir.

Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

--------
01:43

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.

----------------
11.11.2013
22:24

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə yola düşmüşdür.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00