Münaqişələrin həllində diplomatiyanın rolu: Qarabağ və Koreya yarımadasının müqayisəli təhlili

Müharibələr bəşəriyyət tarixində əzəldən bəri dövlət və xalqların taleyinə böyük təsirlər göstərib, insanlıq tarixinə ən dağıdıcı zərbələr vurub. Minlərlə insanın həyatına son qoyur, şəhərləri dağıdır və cəmiyyətləri belə yox etməyə qadirdir. Əsrlər keçsə də müharibələr dayanmır. Sadəcə onların diplomatiyası və həll mexanizması dəyişir.

Bugünki məqalədə Azərbaycan və Koreya yarımadasında uzun zamandır davam edən torpaq münaqişələri və diplomatik həlli yollarını müqayisə edəcəyik. Biri Qafqaz ölkələri arasında neft sektorunu gücləndirib dünya ölkələri arasında adından tez-tez bəhs etdirən və günü-gündən inkişaf etməkdə olan Azərbaycan, digər tərəfdən isə Şərqi Asiya ölkələri arasında bu günün güclü texnologiyası, ixrac yönümlü iqtisadiyyatı və yüksək həyat səviyyəsi ilə inkişaf etmiş ölkə Cənubi Koreya. Bu iki ölkə bir-birindən xəritədə uzaq və fərqli inkişaf yolları keçsə də onların tarixində oxşar cəhətlər var: tarixi ədalətsizlik, böyük dövlətlərin maraq toqquşması ucbatından verilən qurbanlar və nəhayət diplomatiyanın həlledici rolu.

Qarabağ münaqişəsi postsovet məkanın ən uzunmüddətli və mürəkkəb münaqişələrindən biri kimi tarixə düşüb. Hələ XX əsrin əvvəllərindən başlayan torpaq iddiaları əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti ilə nəticələndi. Dağlıq Qarabaq və ətraf yeddi rayon Azərbaycanın ən məhsuldar ərazilərinin 20%-i işğal olunmuş, bir milyona yaxın azərbaycanlı köçkün vəziyyətinə düşmüşdü. Lakin bu, yalnız regional deyil, eyni zamanda beynəlxalq hüquq və ədalət prinsiplərinin ciddi pozuntusu idi. Bu Azərbaycan xalqına edilmiş terror idi.

1990-cı illərdə aparılan diplomatik danışıqlardan söz açarkən ATƏT -in Minsk qrupundan da bəhs etməliyik. Ona görə yox ki, bu qrupun fəalliyyətləri sayəsində "Dağlıq Qarabağ" məsələsində yol qət edilib. Bu qrupun fəalliyyətindən böyük gözləntilər olsa da, təəssüf ki, bu özünü doğrultmadı və gərginlik uzun müddət davam etdi.

"Minsk qrupunun ləğvi Azərbaycan qrupu tərəfindən danışıqların ilkin mərhələsində irəli sürülmüş şərtlərdən biri idi"-İlham Əliyev

Minsk qrupunun fəaliyyəti Azərbaycanda çox yaxında tarixə qovuşacaq və bu prosses göstərir ki, uzun müddət davam edən münaqişələrin həlli üçün beynəlxalq vasitəçilik mexanizmləri bəzən gözlənilən təsiri yarada bilmir.

Nəhayət, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun qətiyyətli hücumu və xalqın birliyi sayəsində tarixi zəfərlə nəticələndi. Bu qələbə, təkcə hərbi gücün deyil, həm də Prezident İlham Əliyevin sərkərdəlik qalibiyyətinin təntənəsi oldu. İlham Əliyev həm döyüş meydanında ordunun Ali Baş Komandanı kimi, həm də diplomatik masada ölkənin ən yüksək səviyyəli nümayəndəsi kimi çıxış etdi. Onun beynəlxalq mediaya verdiyi müsahibələr, dünya ictimaiyyətinə çatdırdığı haqlı mövqe Azərbaycan diplomatiyasının ən uğurlu səhifələrindən biri hesab olunur.

2025-ci il avqustun 8-i Azərbaycan və Ermənistan arasında aparılan barışıq təşəbbüsündə "Tramp yolu" diplomatiyası diqqət çəkdi. ABŞ-ın prezidenti Donald Trampın vasitəçiliyi ilə ortaya qoyulan diplomatik addımlar göstərdi ki, liderlərin şəxsi təşəbbüsü prosesdə sürətli nəticələr əldə etməyə imkan verir. Lakin bu yanaşmanın davamlı həll təmin etməsi şübhəlidir, çünki qısa müddətli şəxsi diplomatiya uzunmüddətli və sistemli siyasəti əvəz edə bilmir. Bu baxımdan, Azərbaycan təcrübəsi göstərir ki, uğurlu diplomatiya həm liderlərin təşəbbüsü, həm də dövlətin institusional və koordinasiyalı siyasəti ilə birləşdikdə daha effektli olur.

Koreya Yarımadası:münaqişələrin tarixi və yaranma səbəbləri

Günümüzdə hələ də siyasi mövzu kimi aktual olaraq qalan Koreyanın iki yerə bölünməsi-Koreya problemi XX əsrin ortalarında, II dünya müharibəsindən sonra başladı. 1945-ci ildə Yaponiya imperiyasının məğlubiyyətindən sonra Koreya yarımadası 38-ci paralel boyunca iki hissəyə bölündü: şimalda Sovet İttifaqı, cənubda isə ABŞ təsir dairəsinə sahib oldu. Beləliklə, qısa müddətdə bir xalq iki siyasi sistemə ayrıldı. 1950-1953-cü illərdə baş verən Koreya müharibəsi bu parçalanmanı daha da dərinləşdirdi. Müharibənin sonunda sülh müqaviləsi deyil, yalnız atəşkəs imzalandı və bu günə qədər Koreya yarımadası rəsmi olaraq müharibə vəziyyətində sayılır.

Bu problemin yaranmasında böyük dövlətlərin, xüsusilə də Sovetlər Birliyinin mühüm rolu oldu. SSRİ Şimali Koreyanı dəstəkləyərək sosialist düşərgəsinin bir parçasına çevirdi, ABŞ isə Cənubi Koreyanın müstəqilliyini qorudu. Beləliklə, Koreya yarımadası soyuq müharibənin ən kəskin qarşıdurma nöqtələrindən birinə çevrildi.

Koreya müharibəsi dövründə iqtisadi vəziyyət

Bəs müharibədən sonra dağıdılmış bir ölkə necə ayağa qalxa bilər? Bu sual həm 1950-1953-cü illərdə Koreya müharibəsini yaşamış Cənubi Koreya, həm də 1988-1994-cü illərdə 1-ci Qarabağ müharibəsini keçirmiş Azərbaycan üçün aktual olmuşdur. Koreya müharibəsi başladıqda Cənubi Koreya iqtisadi baxımdan artıq zəif idi. İkinci dünya müharibəsi və yapon işğalının nəticələri hələ də tam aradan qalxmamışdı. Müharibə zamanı isə infrastruktur dağıldı, istehsal müəssisələri dayandı, kənd təsərrüfatı çökmə həddinə gəldi.

1950-1953-cü illərdə adambaşına düşən gəlir 60-80 ABŞ dolları arasında dəyişirdi. Bu, Cənubi Koreyanı dünyanın ən kasıb ölkələri sırasına salırdı. Əhali şübhəsiz ki, ABŞ yardımları ilə ayaqda qalırdı.1994-cı ilin Azərbaycanında isə bu 150-200 ABŞ dolları təşkil edirdi. Fərq gözlə görünəcək qədər acınacaqlıdır.

"1960-cı illərdə Cənubi Koreya Kenyadan sonra dünyanın ən kasıb ölkələrindən biri idi"

Oliver Kimin "Global Developments" yazısından

"1960-cı illərin əvvəllərində Cənubi Koreyanın adam başına düşən ÜDM-i 100 ABŞ dollarından az idi. Bu göstərici Haiti, Efiopiya və Yəməndən də aşağı idi və Cənubi Koreyanı dünyanın ən kasıb ölkələrindən biri etmişdi. 1910-1945-ci illərdə Yapon işğalı zamanı inşa edilmiş infrastruktur isə müharibə zamanı məhv olmuşdu."    

"Forbes Woman Georgia" xəbər saytından

İki ölkə arasında iqtisadi münasibətlər

Cənubi Koreya Respublikasının Azərbaycandakı keçmiş səfiri Kim Çanq-qyu 2016-cı ildə Azərbaycan mediasına verdiyi müzahibədə "Koreya-Azərbaycan iqtisadi münasibətləri barədə də məlumat verməyinizi xahiş edirik. Koreya-Azərbaycan ticarətinin dövriyyəsi nə qədərdir? Neftin qiymətinin aşağı düşməsindən sonra dünyada baş verən iqtisadi-maliyyə böhranın Azərbaycan-Koreya arasında ticarət dövriyyəsinə təsirləri nə dərəcədədir?" sualına belə cavab verib:
"Azərbaycan ilə Koreya arasındakı iqtisadi münasibətlər neftin qiyməti düşməmişdən əvvəl daha yüksək səviyyədə idi. Bu münasibətlərdə Koreyanın Azərbaycanda investisiya qoyuluşu da yüksək idi. Bununla əlaqədar olaraq da 2014-ci ildə qoyulan investisiya ilə hazırkı dövr arasında fərq həddən artıq çoxdur. Azərbaycanla ticarət dövriyyəsi 2014-cü ildə 270 milyon dollar olsa da, 2015-ci ildə azalma müşahidə olunmuş və bu rəqəm 126 milyon dollara düşüb. Neftin qiymətinin ticarət dövriyyəsinə təsir etməsi bizi də narahat edir. İqtisadi əməkdaşlığın bazası sağlam olmadığına görə ticarət dövriyyəsinin də 40 faizə yaxın aşağı düşməsindən narahat oluruq. Əsaslı iqtisadi münasibətlərin olması şərtdir. Mən də iki ölkə arasında əsaslı iqtisadi əməkdaşlığı əldə etmək üçün çalışıram. Müxtəlif sahələrin inkişafına fikir verirəm. İki ölkə arasındakı münasibətlər indikindən daha yaxınlaşmalıdır. Çünki, bizim əməkdaşlığa çox böyük potensialımız var. İnvestisiya qoyuluşu artırılmalı və fərqli sahələrdə investisiya qoyulmalıdır".

ABŞ-ın regionda məqsədi nə idi?

İkinci dünya müharibəsindən sonra ABŞ Yaponiyanı öz müttəfiqi və Asiyada "qalası" halına gətirmişdi. Amma Koreya Yaponiyanın yaxın qonşusu idi və Şimalın qalib gəlməsi birbaşa Yaponiyanın təhlükəsizliyinə təhdid idi. Bu səbəbdən ABŞ Cənubi Koreyanı müdafiə etməklə əslində Yaponiyanın təhlükəsizlik zonasını da qoruyurdu. Koreya müharibəsi ABŞ üçün yalnız regional deyil, həm də qlobal imic məsələsi idi. Əgər ABŞ Cənubi Koreyanı müdafiə etməsəydi, digər müttəfiqləri də onun liderliyinə şübhə ilə yanaşa bilərdi. ABŞ-ın köməyi bir növ "biz liderik və müttəfiqlərimizi yarı yolda qoymuruq" mesajı idi. ABŞ-ın yardımı yalnız hərbi deyil, həm də iqtisadi idi və müharibədən sonra Koreya məhz bu dəstəyin üzərində öz inkişaf yolunu qurdu. Şübhəsiz ki, ABŞ -ın da siyasi maraqları var idi. Bu yardımlar Koreyanı öz təsir dairəsində saxlamağın və kapitalist blokunu gücləndirməyin bir vasitəsi idi. ABŞ Koreyanı Asiyada "kapitalist inkişafın vitrin modeli"nə çevirmək istəyirdi. Maraqlıdır ki, bu strategiya uğurlu oldu - Cənubi Koreya 1960-cı illərdən başlayaraq "Asiyanın pələngi"nə çevrildi. Koreya ilə ABŞ müttəfiqliyi günümüzə qədər davam edir. Tarix göstərir ki, müharibələrdə xarici dəstək bəzən nəticəni dəyişə biləcək qədər mühüm rol oynayır. 1950-1953-cü illərdə Koreya müharibəsində ABŞ-ın dəstəyi necə həlledici idisə, 2020-ci ildə 2-ci Qarabağ müharibəsində də Türkiyənin dəstəyi Azərbaycan üçün strateji dönüş nöqtəsi oldu.Bu dəstək olmasaydı, Cənubi Koreya böyük ehtimalla müstəqilliyini itirəcəkdi. Maraqlıdır ki, hər iki halda yardım alan ölkə bu dəstəyi sadəcə asılılıq vasitəsinə çevirmədi, əksinə, öz inkişafı üçün fürsətə çevirdi. Koreya ABŞ yardımı ilə sənayeləşdi, Azərbaycan isə Türkiyənin dəstəyi ilə öz hərbi gücünü modernləşdirərək regionda strateji üstünlük qazandı. Bəs sual yaranır: əgər Koreyanın ABŞ-la müttəfiqliyi onu "Asiyanın pələngi"nə çevirdisə, Azərbaycanın Türkiyə ilə müttəfiqliyi gələcəkdə onu Qafqazın əsas gücünə çevirə bilərmi? Məncə, bəli. Çünki bu münasibət təkcə maraqlara deyil, həm də tarixi qardaşlığa söykənir və belə təməl daha davamlıdır.

Azərbaycan və Cənubi Koreya arasında diplomatik münasibətlərin başlanğıcı

XX əsrin sonlarında dünya siyasi xəritəsində yeni müstəqil dövlətlərin yaranması beynəlxalq münasibətlərdə yeni əməkdaşlıq sahələri açdı. Bu dövlətlərdən biri də Azərbaycanın Respublikası idi. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan qısa zamanda xarici siyasətində balanslı və çoxşaxəli istiqamət seçdi. Bu istiqamətlərdən biri də Uzaq Şərqdə yerləşən, sürətli iqtisadi inkişafı və sabitliyi ilə seçilən Cənubi Koreya ilə münasibətlərin qurulması oldu.

Azərbaycan və Koreya minlərlə kilometr məsafə ilə ayrılır. Amma bəs nə üçün bu iki ölkə bir-birinə yaxınlaşdı? Niyə Koreya Azərbaycanın mühüm tərəfdaşlarından biri oldu? Bu suallara cavab vermək üçün münasibətlərin tarixinə, iqtisadi və mədəni əlaqələrinə, həm də diplomatik oxşarlıqlara nəzər salmaq vacibdir.

Azərbaycanla Cənubi Koreya arasında diplomatik münasibətlər 1992-ci ildə quruldu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Cənubi Koreya 1992-ci ildə ölkəmizi tanıdı və diplomatik münasibətlər quruldu. Həmin vaxtdan bu günə qədər əlaqələr daim inkişaf edib.

Sual yaranır: bəs Azərbaycan üçün Koreya niyə vacibdir? Cavab sadədir - Koreya inkişaf etmiş texnologiyaları, iqtisadi təcrübəsi və sabitliyi ilə Azərbaycanın modernləşmə prosesində nümunə ola bilər. Digər tərəfdən, Koreya üçün Azərbaycan enerji resursları, strateji mövqeyi və yeni bazar imkanları ilə əhəmiyyətlidir.Həmin dövrdən etibarən siyasi əlaqələr ardıcıl inkişaf etdi. 2006-cı ildə Cənubi Koreyanın Azərbaycandakı səfirliyi, 2007-ci ildə isə Azərbaycanın Seuldakı səfirliyi fəaliyyətə başladı.2025 -ci ildən isə Koreyanın Azərbaycandakı səfirliyinə yeni səfir Kanq Kimqu keçmiş səfir Li-in-Younqu əvəz edib.Bu iki dövlət arasında münasibətlərin get-gedə inkişafda olduğunun göstəricisidir.

Mədəniyyət və təhsil əlaqələri

Cənubi Koreya və Azərbaycan Respublikasını yaxınlaşdıran digər və ən güclü amillərdən biri mədəniyyətdir. Hal-hazırda yalnız Azərbaycanda yox, dünyanı ələ almış K-pop dalğası Koreyaya olan maraq xüsusilə gənclər arasında xeyli artırmışdır. Bunun göstəricisidir ki, Bakıda keçirilən "Koreya mədəniyyət günləri" tədbiri və Koreya mətbəxini nümayiş etdirən müxtəlif festivallar bu marağı daha da gücləndirir.

Digər tərəfdən, Koreyada da Azərbaycan mədəniyyətinə diqqət var. Koreyalı tələbələr Azərbaycan musiqisi, milli mətbəxi və tarixini öyrənməyə maraq göstərirlər. Nümunə olaraq Koreya dillər universitetində Türk və Azərbaycan dilləri ixtisası da fəaliyyət göstərir.

Təhsil sahəsində də əlaqələr güclənir. Cənubi Koreya Respublikasının xaricilər üçün ayırdığı təqüd proqramı vasitəsilə azərbaycanlı tələbələr təhsil alır, eyni zamanda Gənclər və İdman Nazirliyi ilə Koreyanın təhsil qurumları arasında proqramlar həyata keçirilir.

Nəticə

Azərbaycan və Cənubi Koreya arasında münasibətlər sadəcə rəsmi sənədlərə əsaslanmır, həm də xalqların dostluğuna, ortaq dəyərlərə və oxşar tarixi təcrübələrə söykənir. Onların ortaq nöqtəsi sabitliyi və inkişafı seçməkdir. Bu münasibətlər göstərir ki, coğrafi məsafə dostluğa mane ola bilmir. Əksinə, bəzən uzaqlardan gələn tərəfdaş ən yaxın müttəfiqə çevrilir. Oxucuya bir sual ünvanlayaq: Bəlkə də bu münasibətlərin gələcəyində Azərbaycan və Cənubi Koreya yalnız iqtisadi tərəfdaş deyil, həm də beynəlxalq arenada bir-birinə dəstək olan güclü dost dövlətlərə çevriləcək? Məncə, bu gün atılan addımların sabahı məhz bunu göstərir.

Rəna Ağayeva

Bakı Dövlət Universitetinin Regionşunaslıq (Koreya üzrə) fakültəsinin tələbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31