Biz indi onlardan 100 il qabaqdayıq
12 Sentyabr 11:03 SosialÜzeyir bəy Hacıbəylinin 140 illiyinə doqquzuncu yazı
Salam olsun, çox dəyərli oxucum! Ötən yazımızın sonunda məlumat verdiyimiz kimi bu dəfə söhbətimizi Üzeyir bəy Hacıbəylinin açıq məktubları mövzusunda davam (əhatəli şəkildə) etdirəcəyik.
Mətləbə keçməzdən əvvəl bəlkə də kimlər üçünsə adi görünən bu "açıq məktub" anlayışı (janrı) üzərində dayanmaq istəyirəm. Cəmiyyətin həyatında elə məqamlar olur ki, adi söhbət və ya gizli müraciət kifayət etmir. Həqiqəti demək, ictimai vicdanı oyatmaq, haqsızlığa etiraz etmək üçün sözün ən təsirli formalarından biri - "açıq məktub" meydana çıxır. Bu janr sadəcə yazılı müraciət deyil, həm də bir çağırışdır, ictimaiyyət qarşısında hesabat tələb edən bir addımdır. Açıq məktub - xalqın səsi, vicdanın çağırışı, sakitcə bağırmaq, hayqırmaq, bəyan etmək kimi qavramları özündə ehtiva edir. Bu hayqırış tarixən həmişə aydınların, düşüncə adamlarının səsi, nəfəsi, pıçıltısı olub. Babəkin açıq məktubu "ey mənim xalqım", Nəsiminin açıq məktubu "ey insan", Füzulinin açıq məktubu isə "ey müsəlmanlar" idi...
Özümə də bəlli olmayan səbəbdən "açıq məktub" anlayışı anında mənim üçün Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov kimi imzalarla assosiasiya olunur. Qeyri-iradi bu şəxsləri xatırlayıram. "Stop" necə dayan deyirsə, "açıq məktub" da o qaydada mənə bu isimləri diktə edir.
Açıq məktub - müəllifin yalnız ünvanladığı şəxsə deyil, bütövlükdə xalqa, oxucuya yönəlmiş səmimi etirafı, narahat ruhunun ifadəsidir. Əslində, o, həm də ictimai tribunadır: insan cəsarətini, söz azadlığını, haqq axtarışını ortaya qoyur.
Tarix boyu böyük şəxsiyyətlər, ziyalılar, ədiblər açıq məktub vasitəsilə öz dövrünün ən ağrılı problemlərinə toxunmuş, haqsızlıqlara qarşı barışmaz mövqelərini ifadə etmişlər. Açıq məktubun gücü ondadır ki, müəllifin qəlbində yığılıb qalmış suallar, ictimai narazılıqlar geniş auditoriyaya çıxır və hər kəsin düşünməsinə səbəb olur.
Bu janrın publisistik mahiyyəti də məhz burada üzə çıxır: açıq məktub həm informativdir, həm də emosionallığı ilə oxucunu silkələyir, onu məsələyə laqeyd qala bilməyəcək duruma gətirir. Bir növ ictimai mübahisənin başlanğıc nöqtəsinə çevrilir.
Müasir dövrdə sosial şəbəkələr, media platformaları açıq məktubun imkanlarını daha da genişləndirib. Bir vaxtlar qəzet və jurnallarda dərc olunan bu məktublar indi saniyələr içində yüz minlərlə insana çatır. Deməli, açıq məktub janrı hələ də aktualdır, hələ də təsir gücünü itirməyib.
Ən əsası isə açıq məktub - vicdanın səsi, cəsarətin nümunəsi, xalqa hörmətin göstəricisidir. Onu yazmaq üçün insanın içində saf bir niyyət, sarsılmaz bir haqq sevgisi olmalıdır. Bu məktublar yalnız bir ünvanı deyil, bütün cəmiyyəti düşündürür, bütün insanları ədalət və həqiqət axtarışına səsləyir.
Deməli, açıq məktub - sadəcə ədəbi janr deyil, ictimai həyatın güzgüsü, haqqı müdafiə edən qılıncdır. Bu janr cəmiyyətin sağlamlığının, sözün gücünə inamın sübutudur.
Ədəbiyyat tarixində açıq məktub (məktub) janrı həmişə xüsusi bir yerdə dayanıb. Məktub, xüsusilə də açıq məktub, yalnız şəxsi hisslərin deyil, ictimai düşüncələrin, milli və bəşəri ideyaların ifadə vasitəsi olub. Dünya klassiklərinin açıq məktublarına (məktublarına) nəzr saldıqda görürük ki, movzusundan (məktubda qaldırılan məsələdən) asılı olmayaraq zaman, məkan anlayışları öz mənasını itirir. Istər şəxsi məhəbbət mövzulu məktublar, istərsə də ədiblərin bir-birləırinə yazdıqları ictimai-sosial yüklü məktublar oxucu ilə üz-üzə qalanda səmimi bir dialoqa çevrilir. Və bu insan dünyanın harasında hansı dildə danışıb hansı peyğəmbərin yolu ilə getməsindən asılı olmayaraq insandır. Münasibətlər və problemlər hər yanda eynidir. Bu məktublar təkcə yazıldığı dövrün deyil, həm də gələcək nəsillərin mənəvi yol xəritəsini işıqlandırır.
Lev Tolstoyun, Vüktor Hüqonun, Ernest Heminqueyin, Stefan Sveyqin, hətta Cəlil Məmmədquluzadənin və Üzeyir bəy Hacıbəylinin açıq məktubları insanlıq tarixində mühüm hadisələr sırasına daxildir. Onlar məktub vasitəsilə cəmiyyətlə danışır, hökumətlərə, xalqlara, gənc nəslə müraciət edirdilər. Bu yazılar təkcə bir fərdin düşüncəsi deyil, bütöv bir dövrün səsi idi.
Bu janr haqqında ilkin eyni zamanda müfəssəl təsəvvür yaratmaq üçün dünya klassiklərindən hesab olunan Lev Tolstoyun İmperator II Nikolaya mətubundan bir hissəni diqqətinizə təqdim etmək istəyirəm:
"İstəkli qardaşım (böyük qələm adamı məktubu məhz belə başlamağı doru hesab edib ( Z.U.)
Bu məktubumda çardan çox, bir insana çağırış elədiyimdən və bütün insanları özümə qardaş bildiyimdən, sizə qardaşım deməyi daha uyğun saydım.
Bundan başqa da, mən indi ölüm ayağında olduğum və bu məktubu o dünyanın kandarından yazdığım üçün sizi belə çağırıram.
Çox istəyirəm, ölməmişdən qabaq, indiki fəaliyyətinizlə bağlı nə düşündüyümü sizə çatdırım, bu fəaliyyətinizin, necəliyindən asılı olaraq, milyonlarla insanlara və sizin özünüzə də, hansı böyük xeyirlər gətirə biləcəyindən, habelə, fəaliyyətinizin indiki yöndə davam eləyəcəyi təqdirdə, insanlar və sizin özünüz üçün, hansı böyük bəlalar törədə biləcəyindən söz açmağı gərəkli sayıram.
Bu gün Rusiya ərazisinin üçdə biri güclü mühafizə altındadır, yəni bu ərazilərdə qanun işləmir. Ordunun da, gizli və adi polisin də sayı durmadan artırılır.
Qazamatlar, sürgün yerləri və katorqalar, cinayət işlədiyinə və siyasi fəaliyyətinə görə dustaq olunmuş yüzminlərlə insanlarla dolub daşır, indi bu tutuqlananların sırasına əməkçi insanları da qatmağa başlamışlar.
Senzuranın yasaqları artıq gülünc səviyyəyə çatıb, hətta ötən yüzilliyin 40-cı illərində də o, belə sərt olmamışdı."
Tolstoyun dövlətə və kilsəyə ünvanladığı məktublarında ədalət, mənəviyyat və sülh çağırışı vardı. Vüktor Hüqo Fransa xalqına müraciət edərək azadlıq, demokratiya və milli birlik ideyalarını gündəmə gətirirdi. Stefan Sveyq isə məktublarında müharibənin faciələrini, insanlığın həsrətini və Avropa mədəniyyətinin böhranını qələmə almışdı.
Açıq məktubların publisistik gücü ondadır ki, onlar sadəcə şəxsi yazışma deyil, ictimai vicdanın səsi idi. Oxucu açıq məktubu oxuyarkən yazıçının səmimiyyətini, cəmiyyətə olan narahatlığını, azadlıq və ədalət axtarışlarını duyurdu. Bir çox hallarda həmin məktublar dövrün qəzetlərində çap olunaraq geniş oxucu kütləsinə təsir göstərirdi.
Heminqueyin jurnalistlərə və həmkarlarına ünvanladığı məktublar da dövrün ictimai problemlərinə diqqət çəkirdi. Bu məktublarda sənət adamının cəmiyyət qarşısında məsuliyyəti aydın görünürdü.
Bugünkü informasiya əsrində də klassiklərin açıq məktublarından çıxarılası dərs çoxdur. Onlar bizə göstərir ki, yazıçı yalnız qələm sahibi deyil, həm də ictimai məsuliyyət daşıyan vətəndaşdır. Açıq məktub isə bu məsuliyyətin ən parlaq ifadə formalarından biridir.
Dünya klassiklərinin, eləcə də Azərbaycanın açıq görüşlü ziyalılarının açıq məktubları bəşəriyyətə, insanlara, öz xalqlarının nümayəndələrinə bir mesajdır: ədəbiyyat sadəcə estetik zövq deyil, həm də vicdan, həqiqət və ədalət tribunasıdır. Hər bir açıq məktub - gələcək nəsillərə ünvanlanan çağırış, tarixin arxivində əbədi yaşayan bir ədəbi abidədir.
Azərbaycan ədəbiyyatı tarixində məktub ənənəsi xüsusi bir yer tutur. Məktub həm şəxsi münasibətlərin ifadə vasitəsi, həm də dövrün ictimai-siyasi mənzərəsini əks etdirən bir sənəd kimi dəyərlidir. Klassiklərimizin açıq məktubları isə təkcə şəxsi duyğuları deyil, həm də xalqın dərdini, vətənin taleyini, dilin, mədəniyyətin, milli varlığın qorunması ilə bağlı düşüncələri özündə ehtiva edir.
Mirzə Fətəli Axundov da məktub janrından geniş istifadə edən klassiklərimizdəndir. Onun maarifçi ideyalarla dolu məktubları yalnız şəxsi ünvanlara deyil, bütövlükdə xalqa səslənirdi. Axundovun məktubları Avropa maarifçiliyi ilə Şərq düşüncəsi arasında körpü rolunu oynamışdır.
Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" məktubları isə ictimai tənqid və satiranın ən təsirli formalarından biri kimi ədəbiyyat tariximizə düşüb. Onun açıq məktublarında xalqın geri qalmasına səbəb olan cəhalət, savadsızlıq, ədalətsizlik sərt şəkildə ifşa olunurdu.
Azərbaycan klassiklərinin açıq məktubları həm də bir publisistika məktəbidir. Onlar cəmiyyətə birbaşa müraciət edərək insanları düşünməyə, dəyişməyə, tərəqqiyə çağırırdılar. Bu məktublar ədəbiyyatla publisistikanın qovuşduğu, milli şüurun formalaşdığı mühüm mənbədir.
Üzeyir bəy Hacıbəylinin "Kaspi" qəzetində və digər mətbu orqanlarda dərc olunan məktubları bu ənənənin parlaq nümunələrindəndir. O, xalqın maariflənməsini, musiqi mədəniyyətinin inkişafını, milli kimliyin möhkəmlənməsini açıq məktublar vasitəsilə cəmiyyətə çatdırırdı. Onun məktublarında sadəcə musiqi deyil, xalqın mənəvi dirçəlişi üçün vacib olan bütün mədəni-milli məsələlər öz əksini tapırdı.
Ümumilikdə Azərbaycan klassiklərinin açıq məktubları sadəcə ədəbi irsin bir hissəsi deyil, həm də milli düşüncənin, ictimai mübarizənin, maarifçilik ideyalarının canlı tarixi salnaməsidir.
Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtələrində söz ustadları, fikir adamları, ziyalı öndərlər həmişə ön cərgədə durmuşdur. Onların cəmiyyətə ünvanladığı açıq müraciətlər yalnız bir yazı nümunəsi deyil, həm də milli düşüncənin formalaşmasına xidmət edən çağırışlar olmuşdur. Bu baxımdan XX əsrin əvvəllərində Üzeyir bəy Hacıbəylinin qələmə aldığı açıq məktublar xüsusi əhəmiyyət daşıyır.
Üzeyir bəyin məktubları sadəcə şəxsi düşüncələrin ifadəsi deyildi. Onlar bir xalqı ayıltmaq, qəflət yuxusundan oyatmaq, yeniliyə səsləmək missiyasını daşıyırdı. O, publisistik yazılarında bir müəllim, bir maarifçi, bir milli lider kimi danışırdı. Açıq məktublar vasitəsilə sadə xalqın qulağına ən vacib həqiqətləri çatdırır, onların həyatla, dövrün tələbləri ilə üz-üzə qalmasına kömək edirdi.
Üzeyir bəy Hacıbəyli məktublarında əsasən cəhalətin, geriliyin fəsadlarını göstərir, maarifin, məktəbin, milli kimlik şüurunun güclənməsinin vacibliyini önə çəkirdi. O, yazılarında insanları həm milli köklərinə bağlı qalmağa, həm də Avropa sivilizasiyasının tərəqqipərvər ideyalarına açıq olmağa çağırırdı. Bu iki xəttin vəhdəti onun publisistikasını müasirlik baxımından bu gün də aktual edir.
Üzeyir bəyin "Cavanşir uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub", ""Molla Nəsrəddin"ə cavab", "Qafqaz müsəlmanlarına açıq məktub", ""İrşad"çının cavabı", "Yeni üsuli-təbii haqqında bir neçə söz", "Üsuli-təbii (müxtəsər cavab)", "Ümum vladiqafqaz camaatına açıq məktub", "Vladiqafqaz camaatına bir də açıq məktub" adlı açıq məktubları ilə tanışam. Bunlardan Cavanşir uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub" məktubundan kiçik bir hissəni sizə təqdim etməklə kifayətlənəcəm. Necə deyərlər, - "arifə bir işarə bəs eylər":
""Dusti-mehriban", cənab Şəfi bəy (açıq məktub belə başlayır (Z.U.)!
... Sizin bir namazqılan və oructutan pristav olduğunuz bizim hamımıza məlumdur. Buna görə də aşağıdakı nidanı bəndəyi-həqirinizdən qəbul edin:
Ey su yerinə müsəlman qanı ilə dəstəmaz alıb, razü-niyaz edən abid! Və ey, arvad-uşaq əşkilə qüsul edib. ibadətə məşğul olan zahid, behiştin əla dərəcəsində məqamınız var!..."
Üzeyir bəyin qələmindən çıxan hər bir açıq məktub həm ziyalı təbəqədə, həm də sadə insanlarda müzakirə doğururdu. Çünki o, xalqın gündəlik ağrı-acılarını, məişət çətinliklərini, mənəvi ehtiyaclarını dilə gətirirdi. Üslubunda səmimiyyət, mövqeyində isə qətiyyət var idi. Elə buna görə də bu məktublar dövrün ən güclü publisistik nümunələrindən biri kimi tarixə düşdü.
Çox yaxşı haldır ki, müasirlərimiz olan qələm adamları da bu gözəl adəti layiqincə davam etdirirlər. Yazımın sonunda Şirindil Alışanlının (Allah rəhmət eləsin) şair Nazim Əhmədliyə ünvanladığı açıq məktubundan sətirləri diqqətinizə təqdim edirəm (və inşəAllah bu silsilə yazım bitəndən sonra gündəmdə olan aktual məsələlərdən biri ilə bağlı dəyərli ziyalılarımızdan birinin çağırışına cavab olaraq gəncliklə bağlı açıq məktubla elə "Olaylar"ın səhifəsində görüşünüzə gələcəm) :
"Əzizim Nazim (məktub belə başlayır (Z.U.)!
Özünə təxəllüs seçdiyin Zəngəzur mahalının Molla Əhmədli kəndi təbiət və mənəviyyat abidəsidir. Sinəsində yüzlərcə nağıl, dastan, əfsanə, rəvayət gəzdirən kişilərin, nurlu ağbirçəklərin uyuduğu müqəddəs vətən torpağıdır. Bu kənd xalqımızın tarixi taleyində iz qoymuş çox hadisələrin şahididir. ..."
Və daha sonra yazır:
"Nazim, Molla Əhmədli Qarabağda, Zəngəzurda ad-san qazanmış onlarca aşıq, xanəndə, sazəndə yetirmişdir. Aşıq Salman, Aşıq Cəmil, Aşıq Fərəc, Aşıq Namaz, Aşıq Abdulla, Məşədi Dadaş, Aşıq Əhməd və digərləri. Atamın doğmaca dayısı Aşıq Salman Qaçaq Nəbi ilə dostluq edirmiş, bu gün məşhur olan bir çox mahnıların söz və musiqi mətninin müəllifi o olmuşdur. Orta Asiyadan, İrandan belə məşhur olan Aşıq Məşədi Dadaş sənəti ilə bizim ata-babalarımız ünsiyyətdə olmuş, onun sinəsində gəzdirdiyi bitib-tükənməyən söz, saz ruhunda nəfəs almışlar."
Bu gün də Üzeyir bəy Hacıbəylinin açıq məktublarını oxuduqda görürük ki, orada səslənən fikirlər yalnız bir dövrün deyil, bütün zamanların problemlərinə işıq tutur. Maarifə sevgisi, elmə inam, milli-mənəvi dəyərlərin qorunması və eyni zamanda dünyaya açılmaq - bunlar hər bir dövrün ziyalısının borcudur.
Üzeyir bəy Hacıbəylinin açıq məktubları yalnız publisistika deyil, həm də bir xalqın taleyinə ünvanlanan tarixi çağırışdır. Onlar milli özünüdərk yolunda işıq saçan mayak, maarifçilik uğrunda mübarizənin canlı salnaməsidir. Bu məktublar bir daha sübut edir ki, böyük sənətkar təkcə musiqidə deyil, sözün qüdrətində də xalqına ömürlük xidmət göstərmişdir. Ən azından bu gün maraqlanan şəxslər 100 il bundan əvvəl Azərbaycan ziyalısını düşündürən məsələlərdən, onun reaksiyasından (adekvat təpkisindən), cəsarətindən, ifadə tərzindən (vasitələrindən) xəbərdar olur. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər düşünə bilmirsənsə, nümunələr var. Oxu, öyrən, ziyalı adının haqqını ver!
Açıq məktublar mövzusundan asılı olmayaraq ilk növbədə maraqlı (böyük kütlə üçün) ədəbi məhsul, eyni zamanda (müəyyən vaxtdan sonra) vacib (əhəmiyyətli) tarixi sənəddir.
Növbəti (bu silsilədən) sonuncu yazımız yekun yazısı olacaq. Buraya qədər doqquz yazı boyunca davam edən söhbətimizi əsas iki arqument üzərində yekunlaşdıracağıq.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Növbəti sayımızda yekun (nəticə) - "onuncu yazı"mızı oxumağı unutmayın.
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.