3-cü dünya müharibəsi riski: Nə dərhal başlayacaq,nə də ehtimalı yoxdur söyləmək olmaz - ÖZƏL
14:57 SiyasətDünyada müharibələr intensivləşir,bəzi analitiklərin də fikrincə bu 3-cü dünya müharibəsinin başlanğıcı ola bilər.Bəs, 3-cü dünya müharibəsi gözlənilirmi ?
"Dünyada müharibələrin intensivləşməsi, eyni vaxtda bir neçə regionda silahlı qarşıdurmaların baş verməsi qlobal miqyasda ciddi narahatlıq doğurur. Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginliklər, Cənubi Çin dənizi ətrafında ABŞ-Çin rəqabəti və Afrika ölkələrindəki lokal münaqişələr beynəlxalq təhlükəsizlik sistemini sarsıdır. Bəzi analitiklərin bu vəziyyəti 3-cü dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirməsi isə bir qədər emosional yanaşma sayıla bilər. Çünki hazırda aparıcı güclər arasında birbaşa toqquşma müşahidə olunmur, müharibələr daha çox dolayı şəkildə proksi qüvvələr üzərindən aparılır."
Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:
"Bununla belə, risklərin artdığı açıqdır. Qlobal güc mərkəzləri arasında strateji rəqabətin kəskinləşməsi, silahlanma yarışının sürətlənməsi və regional münaqişələrin genişlənmə potensialı ehtiyatsız addımların böyük fəsadlar doğura biləcəyini göstərir. Əgər mövcud müharibələrdə tərəflərdən hər hansı biri birbaşa NATO və ya digər hərbi bloklarla qarşıdurmaya girsə, bu, daha genişmiqyaslı müharibəyə çevrilə bilər. Bu baxımdan, "3-cü dünya müharibəsi ehtimalı yoxdur" demək də risklidir, "dərhal başlayacaq" söyləmək də. Ən real ssenari isə, böyük güclərin eskalasiyadan qaçmaq üçün hələlik münaqişələri məhdudlaşdırmağa çalışacağıdır.
Beləliklə, 3-cü dünya müharibəsi hələ fakt deyil, lakin mövcud qarşıdurmaların idarə olunmaması, diplomatiyanın zəifləməsi və hərbi eskalasiyanın davamı bu təhlükəni real ehtimala çevirə bilər. Ona görə də beynəlxalq münasibətlərdə əsas məsələ, lokal münaqişələrin qlobal böhrana çevrilməsinin qarşısını almaqdır."
İbrahim Məmmədli