Ermənistanın nicatı: Bakıda və Ankaradadır - ÖZƏL

Nikol Paşinyanın açıqlamasına  görə   2026-cı il üçün müdafiə xərclərində artım yox, azalma planlanır.Bu Ermənistanın siyasi oyunudur? 

 

"Mən şəxsən düşünmürəm ki, Nikol Paşinyan hansısa oyun oynayır. Sadəcə olaraq, o, bəzən bizim xoşumuza gəlməyən açıqlamalar verir. Ümumiyyətlə, Azərbaycanın qəbul etdiyi mövqedən fərqli bir mövqe də sərgiləyə bilər. Amma bütün gedən proseslər göstərir ki, Nikol Paşinyan həqiqətən də Azərbaycan və qardaş Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır və bunun üçün əlindən gələni edir."Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Onun müdafiə xərclərinin azaldılması ilə bağlı dedikləri də təsadüfi deyil. Niyə? Çünki Ermənistan nə qədər çox müdafiə xərcləri ayırsa da, Azərbaycanla müqayisədə üstünlük qazana bilməyəcək. Ermənistan bütün dövlət büdcəsini müdafiəyə yönəltsə belə, yenə də Azərbaycanla rəqabət aparmaq imkanı olmayacaq. Çünki son illərdə Azərbaycanın müdafiə xərcləri demək olar ki, Ermənistanın ümumi dövlət büdcəsinə bərabər olub. Təbii ki, Ermənistanın bütün büdcəsini yalnız müdafiəyə sərf etməsi mümkün deyil. Üstəlik, ölkənin büdcəsini artırmaq və bunun hesabına müdafiə xərclərini böyütmək üçün nə resurs var, nə də maliyyə.

Hətta Ermənistan müəyyən qədər müdafiə xərclərini artırsaydı belə, insan resursları yenə də kifayət etməyəcəkdi. Bu ölkənin əhalisi 3 milyondan azdır və Azərbaycanla müqayisədə təxminən üç dəfə azdır. Belə şəraitdə müdafiə xərclərini artırmağın nə mənası var? Əlbəttə ki, heç bir. Yəni Ermənistan heç vaxt Azərbaycanla müdafiə sahəsində aparıcı rol oynaya bilməyəcək.

Məhz buna görə də Paşinyan daha ağıllı addım atır. O anlayır ki, bu xərcləri artırmağın mənası yoxdur. Azərbaycanla güc yolu ilə bacarmırsa, o zaman nə etməlidir? Ən məntiqli yol - dilini qoymaq yerinə, səmimi şəkildə danışmaq, Azərbaycanla anlaşmaqdır. Müdafiə xərclərini artırmağa da ehtiyac qalmır.

Buna görə də mən Paşinyanın yanaşmasını söz oyunu kimi deyil, səmimi bir mövqe kimi qiymətləndirirəm. Biz hər zaman demişik ki, əgər onlar ağıllı davranmağa davam etsələr, Ermənistanın nicatı Bakıda və Ankaradadır. Onlar artıq bunu dərk etməyə başlayıblar. Buna görə də silahlanmadan, açıq və azad şəkildə danışmağa hazırdırlar."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31