Rusiyada miqrasiya siyasətinin sərtləşməsinin arxasında nələr dayanır? - ÖZƏL

Rusiyada hüquqi əsasını itirmiş əcnəbi vətəndaşlar sentyabrın 11-dən sonra ciddi problemlərlə üzləşəcək. Həmin şəxslər statuslarını tənzimləməsələr, ölkədən çıxarılacaqlar. Qeyri-rəsmi məlumatlara görə, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və sənədləri qaydasında olmayan soydaşlarımız deportasiya təhlükəsi ilə üz-üzədir.
Rusiyanın bu addımı miqrasiya siyasətində hansı mesajı verir və bölgədəki geosiyasi proseslərə necə təsir edə bilər? Deportasiya təhlükəsi altında olan azərbaycanlıların sosial və siyasi baxımdan hansı çıxış yolları mövcuddur?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:  
" Rusiyanın miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində atdığı addımlar, əlbəttə, sosial, iqtisadi, hüquqi və hətta dövlətlərarası münasibətlərdə son vaxtlar özünü daha qabarıq şəkildə büruzə verən problemlərin həlli istəyindən irəli gəlir. Rusiya nəhəng əmək bazarına malik dövlətdir və bu amil MDB-dən olan miqrantların, qastarbeyterlərin diqqətini cəlb etməyə bilməz. Digər tərəfdən, Ukrayna ilə aparılan müharibə də əmək bazarında boşluqların yaranmasına və dərinləşməsinə səbəb olub və məhz buna görə də MDB dövlətlərindən Rusiyaya işçi axını güclənməkdədir. Rusiya qastarbeyterləri qeydiyyata almaq və vergilərə cəlb etməklə, ilk növbədə, qanunvericiliyin tələblərindən irəli gələn addımları atır. Digər tərəfdən, bu vergilər dövlət büdcəsinə yönəldilir ki, müharibə aparan və Qərbdən sanksiyalara məruz qalan Rusiya üçün bunun maliyyə əhəmiyyəti az deyil. Rusiyada miqrantların qeydiyyatdan kənarda qalan bir hissəsi kriminal aləmlə bu və ya digər əlaqələrə malikdir və kriminogen durumun ağırlaşmasında onların da rolu var. Qeydiyyat məsələlərinin həlli bu cür elementlərə qarşı mübarizəni daha effektiv edir və daxili təhlükəsizlik, ictimai asayişin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Nəhayət, miqrasiya siyasətinin sərtləşdirilməsindən Rusiya hazırda MDB-nin bəlli siyasi elitalarına qarşı geosiyasi təsir və ya təhdid kontekstində də istifadə etməyi planlaşdıra bilər və bu, Rusiyanın geosiyasi və regional maraqları baxımından anlaşılandır. Bəlli MDB dövlətlərindən, o cümlədən Azərbaycandan olan miqrantların öz ölkələrinə göndərdikləri vəsaitlər həmin ölkələrdə sosial sabitliyin qorunub saxlanılmasında müəyyən çəkiyə malikdir.
Məsələn, keçən il Rusiyadan Azərbaycana pul köçürmələri 497 milyon dollar təşkil etmişdir. Halbuki əvvəlki illərdə bu məbləğ 1,5-2 milyard dollardan da yuxarı olurdu. Bu mənada Rusiyanın bəlli faktorlardan yararlanmaq üçün miqrasiya siyasətini sərtləşdirəcəyi gözlənilən idi. Əmək bazarında yarana biləcək boşluğu doldurmaq üçün Rusiya hökumətinin Hindistandan 1 milyondan artıq işçini Rusiyaya cəlb etməklə bağlı planları da var ki, bu da məlum problemlərdən sığortalanmaq üçün Rusiyanın ehtiyatda saxladığı variant ola bilər.
Miqrasiya siyasətinin sırf azərbaycanlılara qarşı sərtləşdirilə biləcəyi ilə bağlı fikirlərin arxasında isə ciddi dəlillər yoxdur. Bu, etnik faktor və ya irqi ayrı-seçkilik deyil, yuxarıda sadaladığımız problemlərin hüquqi müstəvidə həlli üçün Rusiyanın atacağı addımlardır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31