Azərbaycanda ilginc məhkəmə qərarı - Qırmızı işıqda keçən piyada öldü, sürücü həbs edildi

Buzovna-Maştağa yolunda piyadanın ölümünə səbəb olmaqda ittiham olunan sürücü hakim qarşısına çıxarılıb. Piyadanın işıqforun qırmızı işığında keçdiyi məlum olub. Lakin sürücü günahkar bilinərək həbs edilib.

Musavat.com xəbər verir ki, hadisə bu il aprelin 18-də gec saat 23 radələrində baş verib.

26 yaşlı Ramiz idarə etdiyi "KİA RİO" markalı avtomobillə Albalılıq yaşayış massivində, "Retro" şadlıq sarayının qarşısında piyada Vəfa Məmmədovanı vurub.

Hadisə zamanı Ramiz avtomobili 60 km/saat sürətlə hərəkət etdirirmiş. Qəza işıqfor olan ərazidə baş verib. Avtomobil üçün yaşıl işıq olub. Piyada Vəfa Məmmədova qırmızı işıqda keçən zaman avtomobil onu vurub. Vəfa Məmmədova hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib.

Qəza anı müşahidə kameraları tərəfindən də görüntülənib. Piyadanın işıqforun qırmızı işığı yandığı halda yolu keçmək istədiyi məlum olub.

Ramizə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olam) maddəsi ilə ittiham irəli sürülüb.

Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında çıxarılan hökmə əsasən Ramiz 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Mərhumun ailəsi Ramizdən şikayətçi olub. Ramiz özünü günahkar bilmədiyini deyib. Lakin mərhumun ailəsi ilə barışıq əldə edə bilmədiyini söyləyib.

Qeyd edək ki, Ramiz ikinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə zamanı Ramiz Türkiyədə universitetlərdən birində 4-cü kurs tələbəsi imiş. Ramiz könüllü şəkildə müharibəyə yollanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31