44 günlük müharibədən “Əsrin müqaviləsi”nə – sentyabrın tarixi simvolizmi – ÖZƏL

"Sentyabrın özünəxas geosiyasi məna yükü vardır - bu,  bir sıra digər səbəblərlə yanaşı, özəlliklə Zəfər diplomatiyası və o diplomatiyaya yeni baxışlarla şərtlənir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib: "Bəli, sentyabr Azərbaycan üçün yalnız hərbi zəfərin xatırladıldığı ay deyil; bu ay həm də dövlətçilik tariximizin dönüş nöqtələrini özündə birləşdirən simvoldur. 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsi, ardınca 2023-cü ilin antiterror əməliyyatları Azərbaycan dövlətinin suverenliyini bütövləşdirdi, xalqın yüzillik həsrətinə son qoydu.

Bundan irəlidə - 20 sentyabr 1994-cü ilə təvafüq edən "Əsrin müqaviləsi" vardı, ötən yüzilliyin əvvəllərinə isə - 15 sentyabr 1918-ci il Bakının Qurtuluş Günü düşürdü. Heç nə təsadüfən olmur yəqin ki... - Kainatın da öz nizamı var hər halda...".

Araşdırmaçı-yazar qeyd edib ki, bu uğurlar Azərbaycanın diplomatik xəritəsini də dəyişdi. Qələbə cəbhə ilə yanaşı, diplomatiyada da yeni meydan açdı. İndi Bakı regional işbirliyi təşəbbüslərinin mərkəzinə çevrilib. Azərbaycanın əlində həm güc amili, həm də legitimlik var: güc - ordunun qazandığı qələbədən, legitimlik - beynəlxalq hüququn da təmin etdiyi ərazi bütövlüyündən qaynaqlanır. Bu iki faktor Azərbaycanın "qələbə diplomatiyası"nı qurmaq, regionda uzunmüddətli sabitliyi təşviq etmək üçün güclü alət rolunu oynayır.

Ə. Qoşalının sözlərinə görə, sentyabr hadisələri Güney Qafqazı beynəlxalq güclərin nəzərində fərqli mövqeyə gətirdi. Əvvəla, region artıq "dondurulmuş münaqişə zonası" kimi deyil, yeni inkişaf və inteqrasiya məkanı kimi təqdim olunur. İkinci tərəfdən, beynəlxalq güclər Azərbaycanı yalnız enerji resurslarının təminatçısı kimi yox, həm də təhlükəsizlik və sabitlik ixrac edən aktor kimi görməyə başlayıb. ABŞ və Avropa Birliyi Azərbaycanın enerji və daşımaçılıq dəhlizlərindəki roluna daha ciddi yanaşır, Rusiya isə gerçəkliyi qəbul edərək yeni dəngə axtarır. Türkiyə ilə strateji müttəfiqlik isə bu diplomatik manevrlərə əlavə güc qatır.

"Beləliklə, sentyabr ayı Azərbaycan tarixində həm milli yaddaşın güzgüsü, həm də gələcəyin yol xəritəsi kimi qalır. Zəfərin yaratdığı siyasi-mənəvi sinerji Azərbaycanın diplomatiyasına əlavə güc qazandırır, beynəlxalq güclərin regiona baxışında isə yeni səhifə açır", - deyə ekspert sonda bildirib.

Dövlətimiz zaval görməsin!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31