Bakı niyə hər payızda “qazılır”?- ÖZƏL

"Şəhərin gözəlləşdirilməsi, infrastrukturun yenilənməsi, abadlıq işləri, insanların rahatlığı üçün atılan addımlar təqdirəlayiqdir. Normal halda bu proseslər paytaxtın simasını dəyişməli, sakinlərin gündəlik həyatını yüngülləşdirməlidir. Bizdə isə əksinə, belə işlər insanlara rahatlıq deyil, əlavə əziyyət gətirir. Paytaxtımızda sanki "bütün işlər insanların narahatçılığı üçün" prinsipi ilə fəaliyyət göstərən qurumlar var". "Olaylar" xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli deyib: "Məsələn, ali və orta məktəblərin tətil dövründə- üç ay yay mövsümündə, küçələrin, yolların nisbətən boş olduğu dövrdə "Azərsu", "Azərqaz", "Azəryol" kimi qurumlar demək olar ki, "istirahət" etdi. Halbuki, ən əlverişli vaxt məhz həmin dövr idi. İnsanların çoxu istirahətdə olur, şəhərdə sıxlıq azalır, işlərin aparılması üçün ideal şərait yaranır. Amma dərslərin başladığı, paytaxtda məlum yarışmanın keçirilməsi səbəbindən mərkəzi yolların bağlandığı bir zamanda həmin "yatmış vulkanlar" hərəkətə gəlib. 
Yasamal rayonunda Şərifzadə küçəsində yol qazılıb, su və qaz xətləri çəkilir, amma nə səliqə var, nə də vaxtında bərpa. Təhsil Nazirliyinin qarşısında yol bərbad hala salınıb, piyadalar və sürücülər üçün hərəkət mümkünsüzləşir. Bir çox küçələrdə də eyni mənzərənin şahidi oluruq. Hər bir qazıntının başında isə müvafiq  qurumların bəzən günlərlə işləməyən texnikası.
Bütün bunlar bir sualı doğurur: niyə bu işlər vaxtında, yayda görülmədi? Niyə müvafiq qurumlar bir-biri ilə razılaşdırmadan, planlaşdırmadan hərəsi özbaşına küçələri qazır? Niyə hər addımda insanlara əziyyət vermək adi hala çevrilib? Əgər Bakı Şəhər İcra Hakimiyyətinin baş planı varsa, niyə bu proseslər koordinasiya edilmir? İnsanları aylarla tıxacda saxlamaq, əsəblərini korlamaq kimin vəzifəsinə daxildir? Hansı qanunda yazılıb ki, vətəndaşın rahatlığı əhəmiyyətsizdir, amma qurumların "qazıntı israfçılığı"na göz yumulmalıdır?
Paytaxtın inkişafı adı ilə aparılan işlər əslində xaosdan başqa bir şey deyil. Abadlıq adı altında vətəndaşın həyatını cəhənnəmə çevirmək, saatlarla yollarda əsir etmək nə xidmət, nə də vəzifə borcudur. Şəhər planı kağız üzərində yox, real həyatda işləməlidir. Əks halda Bakı hər payızda bir daha "qazılacaq" və bu  illərlə təkrar olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31