Moskva yeni reallıqlarla hesablaşmağa məcburdur - Həşim Səhrablı - ÖZƏL

Aleksandr Duqin  ABŞ-də Azərbaycan və Ermənistan liderlərinin bəyannaməsini Moskvanın Cənubi Qafqazdakı siyasətinin uğursuzluğu sayıb və Putini sərt tənqid edib.

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Rusiya hər keçən gün Cənubi Qafqazda mövqelərini itirir və Azərbaycan-Türkiyə müttəfiqliyi Moskvanı yeni reallıqlarla hesablaşmağa məcbur edir:

" Düşünürəm ki, Duqinin bugünə qədər ideoloji olaraq və baş verən dəyişikliklərlə bağlı Putin administrasiyasını tənqid etdiyi ən kəskin fikirlərindən biri ola bilər. Burada artıq Duqin birbaşa Putinin uğursuzluğunu göstərir və "çar var, beyin yoxdur" deməklə Putini bir növ diktator kimi göstərir.  Bir nəfər, yəni çar, bütün dövlət üzərində səlahiyyətli şəxs idi və o nə deyirdisə, o olurdu. Duqin bunu ifadə edərkən, "beyin yoxdur" deyimi ilə işarə edir ki, artıq hər şeyi dar eləyən Putindir, amma onun qərarları da Rusiyaya zərər verməyə başlayıb. Ukraynada baş verənlər bunun bir örnəkdirsə, Vaşinqton razılaşmaları ilə Cənubi Qafqazda Rusiyanın təsirinin azalması bunun ikinci ən önəmli tərəflərindən biridir.
Məhz buna görə də Duqin artıq açıq dillə Putinə mesaj verməyə çalışır və onu daha sərt addımlar atmağa bəlkə də istiqamətləndirmək istəyir. Duqin artıq anlayır ki, yumşaq üsullar, yəni iqtisadi metodlar və təsir mərkəzlərini işə salmaqla Rusiyanın Azərbaycana təsir imkanları qalmır. Bu müəyyən dərəcədə Ermənistanda işləyə bilər, amma reallıqda nə görürük? Əgər 2018-ci ilə qədər Ermənistan siyasi elitası birbaşa hakimiyyət Rusiyanın koordinasiyasında hərəkət edirdisə, hətta Kremldən gələn göstərişləri icra edirdisə, Paşinyanın gəlişindən sonra Rusiya Ermənistanda siyasi iqtidar gücünü itirdi və Paşinyan dövləti qərbə inteqrasiya etməyə başladı. Ermənistan Rusiya mərkəzli deyil, qərb mərkəzli bir dövlət siyasəti həyata keçirməyə başladı və 2018-ci ildən sonra Rusiyanın Ermənistanda təsir imkanları azalmaqda oldu. Əgər bir vaxtlar Rusiyanın Ermənistanda hərbi müttəfiqi olaraq təsir imkanları çox idisə və hətta Ermənistan sərhərlərinin qorunması Rusiyaya həvalə edilmişdisə, bu gün Zəngəzur koridorunda Ermənistan artıq havadar kimi, o yola nəzarət edən tərəf kimi Amerikayı seçir. Bu da Duqini və  Rusiya siyasi elitəsini narahat edir. Onlar anlayırlar ki, belə davam edilsə, bir neçə il sonra Rusiya Azərbaycan və Gürcüstandan sonra Ermənistanı da tamamilə itirə bilər və oradakı təsir aradan qalxa bilər.
Ona görə də Duqin burada Cənubi Qafqazdakı hadisələrə müdaxilə etmək üçün Putin administrasiyasını sərt addımlar atmağa yönəltmək istəyir. Bu necə ola bilər? Təbii ki, hərbi variant üçün bir zəmin hazırlanmalıdır. Rusiya Cürcistanda və Ukraynada bunu edəndə öncə zəmin yaradılmışdı, əsas zəmin bölgədə yaşayan insanların Rusiyanı sevməsi və çağırması idi. Gürcüstana müdaxilə edəndə də bu versiya əsas plan idi, Ukraynada da bu versiya əsas plan idi. İndi Ermənistanda bunu necə edə bilərlər? Yaxın zamanda Rusiya siyasi elitasında müxtəlif fikirlər səslənəcək, amma Gümrü bazasının son aylarda silahlandırılması və davam etdirilməsi göstərir ki, Rusiya ən pis ehtimallə Ermənistanda yeni çaxnaşma yaratmaq, vətəndaş müharibəsi təşkil etmək və Ermənistanı hərbi müttəfiqi kimi bu çaxnaşmalara cəlb etmək yolu ilə bölgədə hərbi dominantlığını göstərə bilər. Duqinin Putinə qarşı sərt çıxışına gəldikdə isə, Rusiya siyasi elitasında artıq siyasi parçalanmanın ilkin işarəsini görmək mümkündür. Uğursuzluqlar davam edərsə, xüsusilə Alyaska görüşündə nəticə əldə edilməsi,xüsusilə  Rusiyanın bir xeyli güzəştlər etməsi ilə nəticələnərsə, daxildə çaxnaşmanın artacağını görə bilərik.
Putin iqtidarı əvvəllər maksimalist vədlər verirdi ki, Ukraynanı ram edəcək, silahsızlandıracaq və NATO-nun orada mövcud olmasına imkan verməyəcək. Amma güzəştlər ediləcəksə, qarşılıqlı olacaq və Rusiya tərəfi maksimalist ideyaların bir neçəsindən imtina edə bilər ki, bu da ona olan inamı və güvəni sarsıda bilər. Cənubi Qafqazdakı hadisələri əngəlləyə bilməzsə, sülh bağlanarsa, koridor açılarsa və bunlar Rusiyanın maraqlarından kənarda baş verərsə, Rusiya siyasi elitasində daxil çaxnaşmalar artacaq.  Gürcüstanda da  işğal davam etdikcə, Gürcüstanın versiyası da inandırıcı görünmür. Orada daAvropayla münasibətlər kəsilib, Rusiya ilə onsuz da düşməni idi, Zəngəzur koridorundan sonra tranzit əhəmiyyəti azalmış ola bilər və bütün bunlara görə Gürcüstan da o qədər effektiv olmayacaq.
Azərbaycana müdaxilə imkanları Rusiyanın qısıtlıdır. Bizdə rus problemi yoxdur, rus kimlikli insanlar sıxışdırılmır, öldürülmür və onların sayı o qədər çox deyil ki, yeni separatizm yaratsınlar. Real təsir imkanları Rusiyanın Ermənistanda  Gümrü bazası, rus meyilli siyasi elita, xristian kilsəsi və digər vasitələrdir ki, orada əl ata bilər. Amma hər halda , Putin iqtidarı hadisələri ilkin müstəvidə hərbi metodlarla həll etməyə çalışmayacaq, diplomatiya yolunu seçəcək. Çünki Rusiya artıq müharibədən yorulub, Ukraynada ciddi güc itirdiyi üçün dünya siyasətində də mövqeyi zəifləyib. Putin anlayır ki, artıq sülh mühiti yaradılmalıdır və məqsədlərinə diplomatiya ilə çatmağa çalışmalıdır. İndi Putin iqtidarı Paşinyan iqtidarı ilə əməkdaşlıq edərək koridordan keçən hissədə Rusiyanın maraqlarını qorumaq üçün çalışacaq. Əgər bu mümkün olmasa, Rusiya anlayacaq ki, Cənubi Qafqazda təsir imkanları qısıtlanır və o zaman Ermənistan üzərindən təxribatlarla Rusiyanın bölgədə təsirini qorumasını müşahidə edə bilərik. Amma düşünürəm ki, artıq bunlar uğurlu olmayacaq. Rusiya hər keçən gün Cənubi Qafqazda mövqelərini itirir. Xüsusilə Türkiyənin regionda gücünü artırması və Azərbaycan-Türkiyə müttəfiqliyinin bir çox sahədə  inkişafı və güc qazanması Rusiyanı yeni reallıqlarla hesablaşmağa məcbur edir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31