“Tarixdən qorxan tərəf, əslində, həqiqətlərdən qorxur” – Bəhruz Quliyev – ÖZƏL

"Bütün dünyanın müzakirə etdiyi Vaşinqtondakı görüşlərdən dərhal sonra Prezident İlham Əliyevin Ermənistan Konstitusiyasına düzəlişlər tələbi tamamilə məntiqlidir. Əgər qarşı tərəf hələ də sənədlərində Azərbaycana qarşı ərazi iddiasını saxlayırsa, hansı sülhdən danışmaq olar? Ermənistanın bunu aradan qaldırması, real sülhün bünövrəsini qoymaq üçün vacib addımdır".

Bu fikirləri "Səs qəzeti"nin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert əlavə edib ki, bunun əvəzində erməni əsilli Tatevik Ayrapetyanın Azərbaycan dərsliklərinə müdaxilə təklifi isə absurd və əsassızdır. Bizim dərsliklərimizdə yazılanlar tarixi faktlara söykənir və bu mətnlər milli yaddaşımızın bir parçasıdır. Onları dəyişmək tarixdən imtina etmək, gələcək nəsillərin yaddaşını silmək deməkdir.

"Xatırladaq ki, beynəlxalq təcrübədə təhsil və dərslik məzmununun diplomatik masaya gətirilməsi, adətən, iki halda baş verir: ya münaqişədən sonrakı barışıq proseslərində tərəflər tarixi düşmənçiliyi yumşaltmaq üçün ortaq akademik komissiyalar yaradır, ya da işğalçı tərəf öz təcavüzünü gizlətmək məqsədilə tarixə müdaxilə edir. Mənə elə gəlir ki, ermənilərin mövcud davranışı ikinci kateqoriyaya aiddir,"-deyə, şərhçi bildirib. 

"Hesab edirəm ki Azərbaycan bu məsələdə güzəştə getməməlidir. Çünki tarix üzərində güzəşt ərazi, suverenlik və milli kimlik üzərində güzəştin ilk addımıdır. Sülh real olmalıdır, illüziya yox. Tarixdən qorxan tərəf isə, əslində, həqiqətdən qorxur. Ermənistan  bütün iddiaları bir tərəfə qoyub sözünə və imzasına hörmətlə yanaşmalıdır. Əks halda, sülh prosesinə əngəllər yaratmış olacaq," - deyə B.Quliyev bildirib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31