Fars molla rejiminin davası: Xarici qüvvələrlə yox, Azərbaycanladır - ÖZƏL
16:09 Siyasət"Ümumiyyətlə, Tehrandakı fars molla rejiminin dərdi Ermənistanla və Ermənistanda yerləşən xarici qüvvələrlə deyil. Onların dərdi Azərbaycan Respublikası ilədir, problemləri Azərbaycanladır. Onlar bu dövləti yox sayırlar, ümumiyyətlə, Azərbaycan Respublikasının mövcud olmamasını arzulayırlar. Burada hakimiyyətin devrilməsini istəyirlər. Yəni, onların davası bizim bölgəmizə gələcək xarici qüvvələrlə deyil. Elə olsaydı, elə indinin özündə Ermənistanda onların "dava" edə biləcəyi xarici qüvvələr var. Etsinlər də."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Artıq neçə ildir ki, Ermənistanın Azərbaycanla şərti sərhədində Avropa Birliyinin müşahidəçiləri var. Niyə İran onlara qarşı bir dəfə də olsun səsini çıxarmadı? Yaxud da, Ermənistanın daxilində Rusiya hərbi bazası var. Niyə İran onlara qarşı heç vaxt etiraz etmədi və etmir?
İndi də ABŞ gəlib Zəngəzur dəhlizini (Tramp yolu) tikəcək, quracaq, istifadəyə verəcək, özü də nəzarət edəcək. İranın iddiası və sözü varsa, buyursun, ABŞ-a desin də. Yəni, niyə yenə də Azərbaycana yüklənir fars molla rejimi? Deməli, bunların dərdi bizimlədir, bölgəyə gələcək xarici güclərlə deyil. Yəni, bunlar bizim bölgəmizdə istənilən xarici gücün gəlməsinə razıdırlar, təki Azərbaycan dövləti məhv olsun, Azərbaycan Respublikası yox olsun.
Danışanda da deyirlər ki, biz müsəlman qardaşıyıq, şiə qardaşıyıq.Haradadır o qardaşlıq? Biz fikir versək, görərik ki, İranın fars molla rejimi yalnız Azərbaycan Respublikasına qarşı düşmən mövqeyindədir. Halbuki, din qardaşlığı, məzhəb qardaşlığı baxımından onlar həmişə bizim yanımızda olmalı, bizimlə dostluq etməli idilər. Amma biz bunu heç vaxt görmədik. Həmişə gördük ki, onlar işğalçı Ermənistanın tərəfində olublar. Hətta Qarabağ torpaqları işğal altında olarkən, oraların talanmasında fars molla rejiminin adamları yaxından iştirak edib.
Ona görə də bizimlə bağlı nəsə deyəndə, dönüb bir özlərinə baxsınlar. Və gücləri çatırsa, Trampın, ABŞ-ın Zəngəzur dəhlizinə gəlişini əngəlləsinlər - bacarırlarsa."
İbrahim Məmmədli